Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
24 oktyabr 2020 14:58
312

Tengiz Txilava: Gürcüstan və Azərbaycan strateji tərəfdaşlardır

Gürcüstanda hakimiyyətə hansı partiya və ya siyasi hərəkatın gəlməsindən asılı olmayaraq, Azərbaycan ilə əlaqələr mühüm əhəmiyyət kəsb edəcək.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu gürcü politoloq Tengiz Txilava söyləyib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti Azərbaycanla münasibətlərə hər zaman çox böyük önəm verir. Bu, başqa cür ola bilməz. Çünki Gürcüstan və Azərbaycan, ilk növbədə, qonşu ölkələrdir, ikinci növbədə isə dost və strateji tərəfdaşlardır.

Politoloq deyib: “Ölkələrimiz bir sıra birgə layihələr və biznes planlar həyata keçirirlər. Mən iqtisadi əlaqələri başqa cür təsəvvür etmirəm. Əminəm ki, Azərbaycanla münasibətlər gələcəkdə də Gürcüstan üçün ən əsas vektorlardan biri olacaq və qarşılıqlı faydalı əlaqələr daha da dərinləşəcək”.

T.Txilava bildirib ki, Azərbaycan ilə Gürcüstan həm də tolerant ölkələrdir. Təəssüf ki, bu gün bəzi qüvvələr Dağlıq Qarabağdakı hərbi əməliyyatları “müsəlmanların xristianlara qarşı təcavüzü” kimi təqdim etməyə cəhd göstərirlər. Bu məqamda Azərbaycan-Gürcüstan münasibətlərinə nəzər salmaq lazımdır. Müsəlman ölkə olan Azərbaycan xristian Gürcüstan dövləti ilə ümumi dil tapıb, dostluq və mehriban qonşuluq əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu, özlüyündə Azərbaycanın hər hansı dini müharibə aparması versiyasının kökündən yalan olduğunu sübut edir.

Pandemiya və hərbi əməliyyatların aparılmasına baxmayaraq, Azərbaycanın Gürcüstana humanitar dəstəyini yüksək qiymətləndirən politoloq deyib: “SOCAR Gürcüstanda humanitar və xeyriyyəçilik fəaliyyətini davam etdirir. Bu, Azərbaycan hakimiyyətinin Gürcüstanla münasibətlərə verdiyi yüksək qiymətin bariz nümunəsidir”.