08 may 2019 11:07
566

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində maarifləndirmə kursu - FOTO

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində İSO/IEC 17025:2017 “Sınaq və kalibrasiya laboratoriyalarının yetərliliyi üçün ümumi şərtlər standartı” maarifləndirmə kursu təşkil olunub.

İdarənin Kadr Hazırlığının Təşkili Mərkəzində İSO/IEC 17025:2017 “Sınaq və kalibrasiya laboratoriyalarının yetərliliyi üçün ümumi şərtlər standartı” mövzusunda keçirilən maarifləndirmə kursunda Ekologiya İdarəsindən 18 nəfər, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsindən isə 11 nəfər mütəxəssisin iştirak edir. Kursun məqsədi SOCAR-ın laboratoriyalarında tətbiq olunan İSO/IEC 17025:2017 “Sınaq və kalibrasiya laboratoriyalarının yetərliliyi üçün ümumi şərtlər” beynəlxalq standartının qurulması, idarəetmənin planlaşdırılması və tətbiq edilməsi, eləcə də texniki şərtlərin müəyyən edilərək nəzarət edilməsi üçün iştirakçılara yeni məlumatlar verməkdən və onların biliklərini təkmilləşdirməkdən ibarətdir.

Türk Standartları İnstitutunun aparıcı auditoru Ebru Bali tərəfindən tədris olunan kurs 24 saatlıq nəzəri hissədən ibarətdir. Tədris planına əsasən, laboratoriyalar üzrə texniki şərtlərə xüsusi diqqət yetirilir. Həmçinin, cihaz və avadanlıqlara olan tələblər, ərazi və mühit şərtləri, laboratoriyalararası müqayisəli tutuşdurma, işçi heyəti üzrə tələblər və s. haqqında standartın hər bir maddəsinə uyğun ayrıca nümunələr verilir və tez-tez rast gəlinən problemlər müzakirəyə çıxarılır.

Dinləyicilərin qrup daxilində yerinə yetirdiyi çalışmalar müzakirə olunur və audit prosedurları tətbiq edilir. Prosedur zamanı nöqsanlar yenidən nəzərdən keçirilərək müvafiq düzəlişlər edilir ki, bu da müəssisələrdə daxili audit sisteminin qurulması üçün daxili auditorların texniki bilik və bacarıqlarının artırılmasını təmin edəcək.

Kursun sonunda dinləyicilərə beynəlxalq sertifikat təqdim olunacaq.

Orxan Vahidoğlu, “İki sahil”