21 noyabr 2019 21:11
141

Təkmil islahatlar yeni Dövlət proqramlarının qəbulunu zərurətə çevirir

Dövlətimizin  irəli sürdüyü və xalqımız tərəfindən dəstəklənən  hər bir sosial təşəbbüsü təqdir edilir, gələcəyə hesablanmış addım kimi dəyərləndirilir. Uğurların davamlılığı, təkmil islahatlar  yeni Dövlət proqramlarının qəbulunu zərurətə çevirir.

İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması, əhalinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində atılan addımlar, ən əsas icra olunmaqda olan özünüməşğulluq proqramı insan amilinin dövlət siyasətinin əsasında dayandığını bir daha təsdiqləyir. Bu kimi addımların davamı olaraq ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı da prioritetliyini qoruyur.  Ölkə Prezidenti  İlham Əliyevin çıxışlarında  bu məqamlar öz əksini tapır ki, bu il kənd təsərrüfatı ilə bağlı bir çox önəmli tədbirlər həyata keçirilib. Dövlətimizin başçısının sədrliyi ilə  müxtəlif sahələr üzrə  keçirilən müşavirələrdə  pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq və sair kimi məsələlər  geniş müzakirə edilib.  Dövlət proqramları hazırlanıb, təsdiq olunub və bütün hədəflər müəyyən edilib. Cənab İlham Əliyev bildirir:  “Bu proqramlar çox konkret xarakter daşıyır. Orada həm icra mexanizmləri, maliyyə vəsaiti nəzərdə tutulur. Əlbəttə ki, gələn ilin dövlət büdcəsində bu proqramların reallaşması nəzərdə tutulmalıdır.” Ölkə  Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının məşğulluq strategiyası”nın uğurlu icrasında da məqsəd məhz yeni iş yerlərinin yaradılması fonunda əhalinin məşğulluğunun təmin edilməsidir. Belə ki, strategiyanın həyata keçirilməsi ilə bağlı nəzərdə tutulan əsas hədəflər işsizlik səviyyəsini 2030-cu ilədək 4 faizə, o cümlədən qadınlar və gənclər arasında işsizliyi minimum səviyyəyə endirmək,  iqtisadi məhsuldarlığın daha yüksək səviyyəyə qalxmasına nail olmaq və nəzərdə tutulan müddətədək əmək məhsuldarlığını 2 dəfəyə qədər artırmaqdır.

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində respublikamızın rayon və şəhərlərində işsiz və işaxtaran şəxslərin kiçik ailə təsərrüfatlarının yaradılması prossesi davam etdirilir. Cari proqrama cəlb edilmək üçün müraciət edənlər arasında üstünlük verilən kateqoriyalardan biri də məcburi köçkünlərdir.  Cari ilin ötən dövründə özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən məcburi köçkünlərdən artıq 754-ə qədər şəxs özünüməşğulluq fəaliyyətinə başlamaq və kiçik biznesini qurmaq üçün potensialları olduğu nəzərə alınmaqla bu proqrama cəlb edilib. Onlar üçün kiçik biznesin qurulması və idarəedilməsi üzrə təlim kursları təşkil olunub. Biznes planları müsbət dəyərləndirilən şəxslərə kiçik ailə təsərrüfatlarını qurmaq üçün artıq məhsullar verilib. Verilən məhsullardan səmərəli şəkildə istifadə etməklə əhalinin öz ailə təsərrüfatlarını gözlənilən səviyyədə, uğurla qurmaları və bu təsərrüfatı daim inkişaf etdirməyə, genişləndirməyə çalışmaları özünüməşğulluq proqramının icrası sahəsində müsabət nəticələrin  əldə olunduğunu deməyə əsas verib. Hal-hazırda da işsiz və iş axtaran şəxslərin özünüməşğulluq proqramına cəlb edilməsi işləri davam edir. Bu işlər çərçivəsində ilin sonunadək proqrama cəlb olunacaq məcburi köçkünlərin sayı da artacaq.

Aztəminatlı ailələrin fərdi təsərrüfata sahib olmaları onların dövlət yardımından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanları qazanmalarına, ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb. Eyni zamanda, bu təsərrüfatlar ölkədə qeyri-neft sektorunun inkişafına əlavə dəstək olmaqla, həmin sektorda məhsul istehsalının artımına da böyük töhfədir. 

Ümumiləşdirilmiş şəkildə qeyd edə bilərik ki, əhalinin yüksək rifahının, dövlətin hərtərəfli inkişafının əsas məqsəd kimi qarşıya qoyulmasına uyğun olaraq ölkəmizin iqtisadi imkanların artması fonunda təkmil sosial islahatlar və layihələr həyata keçirlir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyiriksə, bütün yeniliklərin ölkəmizdə tətbiqinə, ən əsası kiçik və orta sahibkarlığın inkişafına xüsusi diqqət yetirilməlidir.

Ölkəmizdə yaradılan əlverişli biznes imkanları Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderilyini təmin edir. Bu gün böyük inam hissi ilə qeyd edirik ki, ölkəmizdə güclü sahibkarlar sinfi  formalaşıb.

Röya Rasimqızı, “İki sahil”