Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Yaqut Ağaşahqızı

Təkcə sözdə deyil, əməlimizdə də həmrəy və bir olaq!

08 may 2020 10:42
2730

Bəşəriyyətin başı üzərini almış koronavirus kabusu tüğyan etməkdədir. Dünyanın əksər ölkələrini - hətta supergücə qadir dövlətləri belə çətin vəziyyətə salmış, ağır itkilərə məruz qoymuş bu təhlükəli virus sanki hamıya meydan oxuyur. Bir sıra ölkələr iqtisadi tənəzüllə məruz qalmış, çoxlu sayda insan tələfatı baş vermiş, iş yerləri itirilmiş, əhali ciddi çətinliklərlə üzləşmişdir. Azərbaycan da dünyanın bir parçası olduğundan bu kabusun fəsadlarından yan keçə bilməyib. Ancaq ölkəmiz dünyanın inkişaf etmiş dövlətləri - ABŞ, İtaliya, İran, İspaniya, Çin, Almaniya və digərləri ilə müqayisədə pandemiyadan az itki ilə çıxmağı bacarır. Bunun əsas səbəbi dövlət başçımızın düşünülmüş siyasi kursu və insan amilinə verdiyi yüksək dəyərdir.

Son zamanlar paytaxt əhalisi avtobuslardan istifadə zamanı xüsusi karantin rejiminin tələblərinə tam şəkildə əməl etmirlər. Koronavirusun “bitdiyini” və ya “olmamasını” zənn edərək yanlış addımlar atırlar. Bununla da həm özlərini , həm də yaxınlarını təhlükəyə sövq edirlər. İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin bir çoxu sosial məsafəni qorumur, tibbi maskalardan qaçırlar. Sərnişinlərin xeyli hissəsi virus olmamış kimi əvvəlki qaydada ictimai nəqliyyatdan istifadə edirlər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ictimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər siyahısını tərtib edib. Sənəd ictimai nəqliyyat işçilərinin və sərnişinlərin sağlamlığının qorunması məqsədi ilə koronavirus infeksiyasının hazırda olan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub. Sənəddə də qeyd olunduğu kimi, sərnişinlərdən ödəmə terminallarının qarşısında, nəqliyyat vasitəsini gözləyərkən və yola düşdükdə tibbi maska taxmaları tələb olunmalı və məsafə saxlamaları üçün nəqliyyat vasitələrinin gözləmə məntəqələrində müvafiq işarələnmə aparılmalıdır. Sərnişinlərlə sürücünün fiziki təmasının istisna edilməsi üçün nəqliyyat vasitələrində kabina olmadıqda onların arasında şəffaf arakəsmələr quraşdırılmalıdır. Şəhərdaxili taksilərdən istifadə edən müştərilər yalnız arxa oturacaqlarda otura bilərlər. Taksi sürücüsü ilə arxadakı oturacaqların arası şəffaf, hava keçirməyən arakəsmələrlə ayrılmalıdır. Bütün ictimai nəqliyyat vasitələrinin, o cümlədən taksilərin içərisinin havası vaxtaşırı dəyişdirilməli, fasilələr zamanı dezinfeksiya işləri aparılmalıdır. Sürücülər bir yerə yığışmamalı və onlara öz aralarında sosial məsafənin saxlanılması tapşırılmalıdır. Koronavirus pandemiyası ilə əlaqədar sərnişindaşıma üçün müəyyən edilmiş qaydalara əməl etmək hər bir sərnişinin borcudur. Paralel olaraq da sərnişindaşıma sahəsində nəzarətin aparılması vacibdir.

Görünən odur ki, təkcə aidiyyəti qurumların nəzarəti ilə heç nə dəyişməyəcək. İctimai nəqliyyatdan istifadə edən sərnişinlər pandemiya dövründə tələblərə tam və məsuliyyətli şəkildə əməl etməlidirlər. Hazırda paytaxtda fəaliyyət göstərən bütün avtobuslara, taksilərə polisin eyni anda nəzarət etməsi çətindir. Bu məqamda yaxşı olar ki, hər kəs öz şəxsi məsuliyyətini dərk etsin. Tibbi maska və əlcəkdən istifadə, sosial məsafəni qorumaq, şəxsi məsuliyyətini dərk etmək sərnişinlərin borcudur. Əks halda, ictimai nəqliyyatda koronavirusla bağlı qoyulmuş qaydalara əməl edilməsinə nəzarət çətinləşək bu halda zaman keçdikcə yoluxma sayının artmasına səbəb olacaq.

Xüsusi karantin rejiminin tətbiq olunduğu dönəmdə hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Hazırda inzibati cəza metodları, cərimə üsulları və texniki maneələrdən çox insanların sosial məsuliyyəti və maariflənməsi vacib məsələdir. Əgər “Biz birlikdə güclüyük!” deyib virusla mübarizə aparırıqsa, o zaman bu birliyi əməlimizdə də göstərək. Həqiqətən birləşək, həmrəy olaq ki, bu qlobal statuslu bəladan daha az itkilərlə xilas olaq. Unutmayaq ki, koronavirusun özü kimi, onun mübarizəsi də mürəkkəb bir prosesdir. Bu baxımdan müəyyən zaman tələb olunur. Mütəxəssislərin tövsiyəsi, müvafiq qərar və ya qayda olmadan pandemiyanın varlığını unutmaq, yoxmuş kimi davranmaq heç doğru deyil. Pandemiya qlobal bəla olduğu üçün adekvat da cavab tələb edir. Bu baxımdan, təkcə özümüzü deyil, hər kəsi düşünməliyik. Çünki birimizin məsuliyyətsizliyi digərlərinə də mənfi təsir etmiş olur. Ən əsası da həyati əhəmiyyətli risklə üzləşməsinə gətirib çıxarır.

Mənsumə Babayeva
28 illik işğala son
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?