15 avqust 2020 12:05
444

Təhsil müəssisələrinin bərpası ilə bağlı konkret vaxt yoxdur

Təhsil müəssisələrinin bərpası ilə bağlı konkret vaxt yoxdur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, konkret vaxt da demək çox çətindir:

"Çünki bilavasitə epidemioloji vəziyyətlə bağlı olan məsələdir. İnsanların ən çox cəmləşdiyi yerlərdən biri də tədris müəssisələridir. Kütləvilik, yaxın təmaslar burada çox böyükdür. Bütün bu amillər vacib şərtlərdir".

H.Hacıyev deyib: "Bir valideyn olaraq bu məsələ məni də narahat edir. Uşaqlar evdə qalma şəraitində kompüter oyunlarına maraqları daha da artır. Ən yaxşı halda televizorda multikasiya filmlərinə baxırlar, əks halda kompüter oyunlarına alüdəlik artmağa başlayır. Öz sinif yoldaşlarını görə bilmirlər. Burada uşaqlara təsir edən psixoloji məqamlar da var.

Bu bütün dünyanın üzləşdiyi bir bəladır. Tədrisin bərpası məsələsində epidemioloji vəziyyət əsasdır".