12 fevral 2019 10:19
296

Təcrübəli neftçi, gözəl alim, təvazökar insan...

İyirmi yaşında yaraşıqlı, otuz yaşında güclü, qırx yaşında zəngin, əlli yaşında ağıllı olmayan insan heç bir zaman yaraşıqlı, güclü, zəngin və ağıllı ola bilməz...Məşhur ingilis filosofu və sosioloqu Herbert Spenserin çox müdrik və düşündürən bu kəlamını rahatlıqla SOCAR-ın Baş ofisinin Neft-qaz laylarının və ehtiyatlarının idarəedilməsi şöbəsinin rəisi, respublikanın “Əməkdar mühəndis”i, “Fəxri neftçi”, texnika elmləri namizədi Əskər Abbasova şamil etmək olar.

1959-cu il fevralın 12-də ziyalı və gözəl bir ailədə dünyaya göz açmış, gəncliyində bugünkü kimi yaraşıqlı, otuzunda elmi və əqli cəhətdən güclü, qırxında mənəvi zəngin, əlli yaşında müdrik və ağıllı olan Əskər müəllim bu gün həyatının yeni bir zirvəsini - 60 yaşını tamamlayaraq daha bir mərhələyə qədəm qoyur. Onun həyat kitabını vərəqlədikcə gözəl, təmiz, ziyalı, təvazökar bir ailədə dünyaya göz açdığını, böyüyüb başa çatdığını, atası, texnika elmləri doktoru, professor Abbas müəllimin, anası, uzun illər neft emalı sahəsində çalışmış Şəfiqə xanımın sadə, sakit həyat tərzini görmüş və bu gün də o ruhda, həmin qaydalardan çıxmayaraq yaşadığını görmək olar. Əskər müəllim 1976-cı ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1981-ci ildə ali təhsilini uğurla başa vurmuşdur. Həmin il təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1986-cı ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft yataqlarının işlənməsi və istismarı kafedrasının əyani aspiranturasına daxil olmuş, Azərbaycanda neft elminin inkişafında mühüm xidmətləri olan dahi alim Azad Mirzəcanzadənin rəhbərliyi ilə neft-mədən işləri sahəsində, neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlərin elmin nəzəri məsələləri üzrə araşdırmalarla məşğul olmuşdur. 1990-cı ildə dissertasiya müdafiə edərək, texnika elmləri namizədi kimi həmin ali məktəbdə “Neftçıxarmanın texnika və texnologiyası” laboratoriyasında kiçik elmi işçi, elmi işçi vəzifəsində çalışmış, eyni zamanda, institutda gənc neftçilərin hazırlanması üçün elmi-pedaqoji fəaliyyət göstərmişdir. 1993-cü ildən əmək fəaliyyətini Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində - SOCAR-da davam etdirmiş, 2002-ci ilə qədər orada SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin rəhbərlik etdiyi Azərbaycanın neft və qaz yataqlarının işlənməsi, ehtiyatların hesablanması və uçotu sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. İşlədiyi dövrdə neft və qaz yatalarının axtarışı və kəşfində, ehtiyatlarının hesablanmasında və istismara daxil edilməsində, o dövrlər yenicə yaranmış SOCAR-ın inkişafında tanınmış mütəxəssislər Hamlet Nəbiyev, Fikrət Babazadə, Müdhət Rzayev, Solmaz Əfəndiyeva, Arif Nəzərov, Elmira Vəliyeva, Nazim Vəliyev kimi professional insanlarla çiyin-çiyinə çalışmış, şərəfli neftçi peşəsinin sirlərini onlardan öyrənərək peşəkar bir alimə və bilikli neft mühəndisinə çevrilmişdir.  

Həmin dövrdə neft sənayesində yeni mərhələ başlamışdı və respublikanın iqtisadiyyatında və bugünkü inkişafında mühüm rol oynayan sazişlər bağlanırdı. Xarici şirkətlərlə SOCAR arasında Azərbaycanın dəniz sahələri üzrə neft və qaz yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü üzrə “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Qarabağ”, “Əşrəfi-Dan Ulduzu” və digər yataq və strukturlarla yanaşı, quru sahələrində yerləşən köhnə yataqların reabilitasiyası üzrə də birgə işlərə başlanmışdı. Azərbaycanın quru ərazisində yerləşən “Kürsəngi” və “Qarabağlı” yataqları üzrə imzalanmış saziş üzrə əməliyyat şirkəti yaradıldıqdan bir qədər sonra, 2002-ci ildə Əskər müəllim həmin şirkətə işləməyə dəvət edildi. Qısa müddət ərzində biliyi və savadı ilə yanaşı, yüksək erudisiyası, mədəniyyəti, alicənablığı və insani keyfiyyətləri ilə xarici mütəxəssislərin dərin rəğbətini qazandı. 2008-ci ilə qədər orada layların işlənməsi üzrə mühəndis, daha sonra BP şirkətinə keçərək mədən mühəndisi vəzifəsində çalışdı. 2009-cu ildə SOCAR-ın Birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin məsləhəti ilə yenidən SOCAR-ın Baş ofisinə qayıdaraq, bu günə kimi Neft və qaz yataqlarının işlənməsi və sonradan Neft-qaz laylarının və ehtiyatlarının idarəedilməsi şöbəsinin rəisi vəzifəsində işləyir.

Əskər müəllim hansı təşkilatda, hansı kollektivdə çalışmasına baxmayaraq daim öz biliyi, qabiliyyəti və tapşırılan hər bir işə məsuliyyətlə yanaşması ilə başqalarından seçilir, bəzən incə yumorları ilə insanlarda xoş ovqat yaratmağı bacarır. Onun təvazökarlıq, düzgünlük, istənilən məsələyə ciddi yanaşma, qarşı tərəfə diqqət və hörmət, sadəlik kimi xarakterik keyfiyyətləri dostları və həmkarları tərəfindən sevilir, eyni zamanda, rəhbərlik tərəfindən daim yüksək qiymətləndirilir.

Əskər müəllim ABŞ, Böyük Britaniya, Rusiya, Norveç, Yaponiya, Avstriya, Çin, Qazaxıstan, Türkmənistan və s. kimi neft-qaz ölkələrində dəfələrlə SOCAR-ı təmsil etmiş, yataqların işlənməsi sahəsində bilik və bacarığını nümayiş etdirmişdir. O, Azərbaycanda və dünyada yayılan bir çox jurnallarda və nəşriyyat vasitələrində 50 elmi məqalə dərc etdirmiş, bir çox elmi-metodik rəhbərliklərin və təlimatların müəllifi və həmmüəllifi olmuşdur. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən texnika elmləri namizədi Əskər Abbasova dosent elmi vəzifəsi verilmişdir. Əskər müəllim yataqların işlənməsi, layların idarəedilməsi, quyularda kompleks geoloji-geofizi tədqiqatlar və texnologiyalar üzrə bir çox beynəlxalq kurslarda iştirakçı olmuş, sertifikat və diplomlar almışdır. SOCAR-ın yataqların işlənməsi və ehtiyatların hesablanması üzrə Mərkəzi ekspert, bir sıra elmi və texniki sahələr üzrə komissiyalarının fəal üzvüdür.

O bu gün də gənclik həvəsi ilə yorulmadan çalışır, özündən böyükləri, onun bugünkü zirvəyə çatmasında zəhməti olanları hörmət və ehtiramla yad edir, gənclərə isə daim rəğbət və qayğı ilə yanaşır, biliyini bölüşür və məsləhətlərini heç vaxt əsirgəmir.

Azərbaycanın neft sənayesində Əskər Abbasovun fəaliyyəti yüksək qiymətləndirilmiş, 2011-ci ildə SOCAR-ın Fəxri Fərmanına, 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına və bu günlərdə SOCAR-ın “Fəxri neftçi” döş nişanına layiq görülmüşdür.

Bütün bunlarla yanaşı, Əskər müəllim çox gözəl ailə başçısıdır. Ömür-gün yoldaşı Maarifə xanımla birlikdə övladlarına ailə ənənələrinə uyğun tərbiyə vermiş, cəmiyyətə layiqli vətəndaşlar bəxş etmişdir.

Biz dostları və həmkarları da Əskər müəllimi 60 yaş - yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun və mənalı ömür və bundan sonra da neçə belə yubileylər qeyd etməsini arzulayırıq!

Hörmətlə: DOSTLARININ BİR QRUPU