24 oktyabr 2020 14:14
264

TBMM-in Sədri Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşüb

Sentyabrın 27-də başlanan hərbi təxribatlarla əlaqədar Türkiyə parlamentində dörd partiya Azərbaycanı dəstəkləyən və Ermənistanın hücumlarını qınayan birgə açıqlama yaydı. Ona görə də Azərbaycana səfərimizi bu partiyaların üzvlərindən ibarət heyətlə birlikdə gerçəkləşdirib. Türkiyə Böyük Millət Məclisinin dəstəyini açıq və qəti şəkildə ifadə etdik. Bu çox böyük sevgi və maraq ilə qarşılandı. Əslində, Azərbaycana bütün səfərlərimizdə bu sevgini və marağı görürük. Bu ölkədə özümüzü evimizdəki kimi hiss edirik.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop yerli telekanallarının birinə müsahibəsində Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Azərbaycanın və bölgənin çətin günlər keçirdiyini diqqətə çatdıran parlament sədri deyib: “Səfər zamanı nümayəndə heyətimiz Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin bir sıra dövlət və hökumət nümayəndələri ilə görüşdü. Qardaşlarımızı ruh yüksəkliyində və qəti şəkildə görməyimizdən məmnun olduq. Xüsusilə mülki əhaliyə qarşı hücumlar nəticəsində yaşanan acılara və üzüntülərə şərik olduğumuzu ifadə etdik”.

Azərbaycan ilə Türkiyənin qardaş və dost ölkələr olduğunu ifadə edən TBMM-nin sədri deyib: “Türkiyə bu dostluq və qardaşlıq səbəbindən Azərbaycanın yanında olduğunu bəyan edir. Ancaq buna səbəb yalnız dostluq və qardaşlıq deyil. Azərbaycan apardığı mübarizədə haqlıdır. Dağlıq Qarabağ bölgəsinin tarix boyu Ermənistana bağlılığı olmayıb. Bu bölgə siyasi baxımdan həmişə Azərbaycana aid olub. Tarixi baxımdan isə bu bölgə Azərbaycan torpağıdır. Ermənistanın işğalçılıq siyasətindən sonra BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Ermənistanın Azərbaycanın işğal olunmuş torpaqlarını tərk etməsi tələbinə dair çox aydın ifadələr var. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və ATƏT-in bununla bağlı qərarları da var. Yəni, sadəcə olaraq, Azərbaycanın haqlı olduğunu deyən təkcə Türkiyə deyil. Beynəlxalq təşkilatlar da Azərbaycanın haqlı olduğunu qəbul edir”.