Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
18 oktyabr 2020 22:22
319

Tarixi Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı ucaldı

Bu gün Prezident İlham Əliyev xalqımıza daha bir qələbə müjdəsi verdi: Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar.

"İki sahil" AZƏRTAC-a istinadən bu xoş gündə məşhur körpünün tarixinə qısaca nəzər salır.

Azərbaycan memarlıq məktəbi üslubunda inşa olunan Xudafərin körpüsü XI əsrə aid unikal abidədir. Körpü Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı dağılmış və sonradan bərpa edilmişdi. Təbii qayalar üzərində inşa edilən Xudafərin körpüsünün bir hissəsi dövrümüzədək gəlib çatıb.

İpək yolunun üzərində yerləşən Xudafərin körpüləri haqqında tarixi mənbələrdə ətraflı məlumatlara rast gəlmək olur. Araz çayının üstündə çoxlu körpülər salınsa da, onlardan ən məşhuru Xudafərindir. Tarixə şahidlik edən bu körpü qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayıb, Azərbaycan ellərinin cənubdan Qarabağa gedən köç yolunun əsas qovşağı olub.

Tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Xudafərin körpüsü həm də simvolik abidə hesab olunur. Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir. Azərbaycanın memarlıq məktəbinin bu əzəmətli abidələri dünyanın bir çox tarixçilərinin diqqətini cəlb edib. Xudafərin körpüləri Azərbaycan memarlarının müstəsna mühəndislik bacarığının ən gözəl nümunələrindən sayılır.

Tədqiqatçıların bir çoxunun fikrincə, körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan ona “Xudafərin” adı verilib. Bu körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri ilə Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük rol oynadığı barədə fikirlər söylənilir.

Ermənistanın silahlı birləşmələrinin 1993-cü ildə işğal etdiyi Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan bayrağı ucaldıldı. Qarabağda parlaq qələbələrə imza atan müzəffər ordumuz bu dəyərli abidəni özümüzə, əsl sahibinə qaytardı. Beləliklə, 2020-ci il oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazıldı.