KÖŞƏ

Rəşid Faxralı

Tarix necə varsa: Şah İsmayıl Xətai

04 sentyabr 2020 18:23
4638

 – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “...Bütün hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməlidir. Ölkəmizin tarixi – həm qədim tarixi, həm də müasir tarixi ilə əlaqədar hər əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır” tapşırığı ideoloji işin mahiyyətinə yeni yanaşmalar gətirdi. əsgərlərin mənəvi-psixoloji hazırlığı ənənəvi üsul və vasitələrlə bir sırada əsgər təfəkkürünün əhatəli inkişafına hesablanmış metodlarla da aparılır, – polkovnik Elşad Əbilov belə deyir.

– Belə metodlardan biri də disputlardır, – deyirəm. –Ön xətdə yerləşən hərbi hissədə əsgərlərlə fikir mübadiləsi aparmağı ölkə başçısının tapşırığının yerinə yetirilməsi baxımından gərəkli bilmişik. Polkovnik fikrimizi ideoloji işin normativ strukturu baxımından gərəkli sayır:

– Ali Baş Komandanın bu fikirləri bizə ünvanlanıb, onu biz yerinə yetirəcəyik, yəni öyrənən əsgərlər olacaq, öyrədən zabitlər, zabitlər həm də öyrədə-öyrədə öyrənəcək. Əsgərlərin əvvəllər bildikləri dərinləşəcək, ictimai-siyasi dərslərdə, asudə vaxtlarda söhbətlərdə tariximizi daha əhatəli öyrənəcəklər, Vətəndən, Azərbaycanın qədim tarixindən danışılacaq, bilgilər dinləniləcək, bəzi fikirlərə aydınlıq gətiriləcək...

Əsgərlərin əhatəsindəyik...

İnsan təbiətə hökm göstərə bilməsə də onun sərtliyini dözümüylə, həyat eşqiylə, yaşamın əhatələndiyi əraziyə – Vətənə sevgisiylə yumşaldır. Bu qüdrət yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan Azərbaycan əsgərində də var – harda xidmət etməsindən asılı olmayaraq nə istidən-bürküdən gileylənir, nə də soyuqdan-sazaqdan. Səngərdə əsgərlərdən eşitmişəm: əsgər döyüş növbətçiliyini Vətən sevgisiylə qoşa aparır. Bu kəlmələri inam bilmişəm, bir də yerə-göyə sığmayam qətiyyətin, istəyin ifadəsi. “Bu amalla xidmət edənlər əlbəttə ki, Ali Baş Komandanın döyüş əmrini Böyük Qələbəylə tamamlayacaq!”, – düşünmüşəm. İndi o düşüncələrim zəmanətiylə əsgərlərdən, onların komandirlərindən xalqımızın qədim tarixi haqqında eşidəcəyimiz bilgilər könlümüzü telləndirəcək. Qürurlanacağıq ki, hərbçilərimiz qoruduqları torpağın tarixinə də bələddir. Zabit Elman Ağayev  “Asudə vaxtlarda, ictimai-siyasi dərslərdə bu bilgiləri genişləndirəcəyik. Nəticə etibarilə hər bir əsgərin dolğun təəssüratı olacaqdır” –  deyir və bu istəyin zəmanətiylə disputa başlayırıq...

Zabit  deyir ki, orta məktəbdə də, kursant olanda da Azərbaycanın qədim və orta əsrlər tarixini öyrənməyə böyük marağım vardı. O vaxtlar oxuduqlarım indi də yadımdadı. Azərbaycanın ərazisi qədim arxeoloji abidələrlə zəngindir. Füzuli rayonunda Azıx, Xocavənd rayonunda Tağlar, Qazax rayonunda Daşsalahlı, Damcılı, Naxçıvanda Qazma mağaraları ən qədim insan məskənləridir. Yəni Azərbaycan ən qədim sivilizasiya  məskənlərindən biridir. Azıx mağarasında tapılan Azıx adamının çənə sümüyünə görə Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilib.

Əsgərlərin baxışlarında qəribə bir tündləşmə hiss olunur. Belə tündləşməni Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xidmət etdiyi postda döyüş növbətçiliyindən çıxmış əsgərlərin əhatəsində Salman kişinin qəhrəmanın barelyefinə pıçıldadıqlarını eşidəndə də görmüşdüm: “Mənim oğlum idin, oğul, indi xalqın oğlusan...”.  Onda həzin-həzin əsən yel şəhid atasının, qəhrəmanın atasının pıçıltısını uzaqlara aparmışdı. İndi əsgər Murad Musayevin dediklərini bu tündləşmənin nədən yarandığının səbəbi kimi dinləyirik:

– Torpaqlarımız da işğal olunub, tariximizin bəzi məqamları da. Ali Baş Komandanın döyüş əmriylə döyüşəcəyik, Torpaqlarımızı da, tariximizi də işğaldan azad edəcəyik. Azıx mağarası da, Tağlar mağarası da işğaldan azad ediləcək.

– Siz həm də tarixi dolaşığa salmaq istəyənlərin niyyətinə qalib gələcəksiniz, – deyirəm. – Bütün ədalətsiz müharibələr məğlubiyyətə məhkumdur.

Zabit Elman Ağayev ehtiramla əsgərlərə baxır. Qürur var bu baxışlarda. Bu qürurun eynini 2016-cı ilin aprelin ortalarında Lələtəpədə də görmüşdüm. Gizir Tahir Misirxanov özünü təqdim edəndə baxışlarını komandirinin bu biçim baxışlarıyla qoşalaşmışdı.

– Atam tarixi sevirdi, Azərbaycanın tarixini xüsusilə sevirdi. Bu haqda gərəkli faktları bizə də deyirdi. Atamdan Karl Marksın Xətai ilə bağlı dediyi fikirlər də  yadımdadı: "Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi" (əsgər Dəmir Nəbiyev).

– İctimai-siyasi dərslərdə Səfəvilər dövləti haqqında da müəyyən biliklər almışıq. Onu da öyrənmişik ki, Şah İsmayıl atası Şeyx Heydərin qatili olan Şirvanşah Fərrux Yasarı məğlub etdikdən sonra qoşununu tamamilə darmadağın etmək  üçün onların sığındığı Gülüstan qalasını mühasirəyə alıb. Qalanın mühasirəsi uzandığı üçün böyük əmirlərindən soruşub: “Sizə Gülüstan qalasımı lazımdır, yoxsa Azərbaycan taxtımi?”. Onlar sorğuya cavab olaraq, “Azərbaycan taxtı” deyiblər. Yəni, Şah İsmayıl Xətai bütün tarixi şəraitlərdə, bütün hərbi vəziyyətlərdə Azərbaycanın mənafeyini düşünüb (əsgər Qudrət Əlizadə).

– Şah İsmayıl Xətai Səfəvilər dövlətinin siyasi, ictimai, iqtisadi və mədəni inkişafında böyük işlər görmüşdü. Qüdrətli dövlət başçısı kimi, böyük sərkərdə kimi Səfəvilər dövlətinin hüdudlarını genişləndirmişdi. Bu, onun yüksək diplomatik bacarığının, sərkərdəlik qabiliyyətinin nəticəsi idi. Onun hakimiyyəti illərində Azərbaycanın milli mədəniyyəti də inkişaf etdirildi. Şah İsmayıl Xətai yaradıcılığa xüsusi diqqət yetirir, ana dilində yazan şairlərə də, Azərbaycan alimlərinə də,  incəsənət xadimlərinə də, bütövlükdə incəsənətin, elmin inkişafına da himayədarlıq edirdi. Səfəvilər Azərbaycandilli qüdrətli dövlət idi, dövlət müəssisələrində orduda bütün yazışmalar bu dildə aparılırdı (zabit Ziya Kərimli).

–Qəbul imtahanlarına hazırlaşanda müəllimimizin məsləhəti ilə Səfəvilər dövləti haqqında oxuduğum əsərlərin birində bir fakt da diqqətimi çəkmişdi. Bu fakt həm Xətainin fiziki baxımdan da güclü olduğunu təsdiqləyir, həm də qətiyyətli, hazırcavab olduğunu: “Şah İsmayıl Çaldıran döyüşündə topları bir-birinə bağlayan zəncirləri kəsirmiş. Bir məqamda qılınc zəncirə yox, topun lüləsinə tuş gəlir. Güclü zərbədən topun lüləsi iki yerə bölünür. Çaldıran döyüşündən bir müddət sonra Sultan Səlim Şah İsmayıl Xətaidən həmin qılıncı ona göndərməsini istəyir. Şah İsmayıl topu paralayan qılıncını Sultan Səlimə göndərir. Sultan Səlim neçə dəfə bu qılıncla topun lüləsini ikiyə bölməyə cəhd göstərsə də bunu edə bilmir. Ona elə gəlir ki, Şah İsmayıl, başqa qılınc göndərib. Sultan Səlim Xətaiyə məktub yazır: "Sən məni aldadırsan, bu, həmin qılınc deyil.". Şah İsmayıl cavab məktubunda yazır ki, "Qılınc həmin qılıncdı, qol o qol deyil." (əsgər Murad Musayev).

 Əsgər Saleh Həsənov əsgər yoldaşının fikirlərini Azərbaycan əsgəri kimi –azərbaycançılıq ideologiyasının əsgəri kimi tamamlayır:   

–Orta məktəbdə oxuyanda mənim də tarix fənninə marağım olub. Tarix müəllimimiz dövlətçilik tariximizdə Səfəvilər dövlətindən qürurla danışırdı. Səfəvilər haqqında, Şah İsmayıl Xətai haqqında əlavə kitablar da oxuyurduq. Şah İsmayıl Xətai şah olub.

Əsgər Abdul Novruzov əsgər yoldaşının sözünə qüvvət kimi deyir:

–Xətai həm şahlıq xanədanının igid sərkərdəsi olub, həm də qürurlu insan.

–Onun düşüncəsinə görə əsl igidlik döyüşlə, döyüşdə sınanılır. Sərkərdələrinin Maku yaxınlığında düşərgə salan Osmanlı ordusu üzərinə gecənin qaranlıq çağında qəfil hücum etmək təklifinə Şah İsmayıl Xətai etiraz edir: "Mən karvan basan quldur deyiləm". Osmanlı ordusun üzərinə gecə hücum edilsəydi, bəlkə də Çaldıran döyüşündə Səfəvilər deyil, Osmanlılar məğlub olardı (əsgər İsaq Allahverdili)...

Ön xətdə “Tarix necə varsa: Şah İsmayıl Xətai” mövzusunda disput təsdiqləyir ki, əsgərlərimiz tariximizi bilir, sevir, tarixini bildiyi Vətənimizi məsuliyyətlə, sevgilərlə qoruyur.

Əsgərlərimizdən ayrılarkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu tapşırığının da böyük məsuliyyətlə yerinə yetiriləcəyinə, tariximizin, bu sıradan hərb tariximizin də əhatəli öyrədiləcəyinə əmin oluram.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?