23 oktyabr 2019 18:39
230

Tanınmış jurnalistlərin yubileyləri qeyd olunub

Onların üçü də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, üçü də “Xalq qəzeti”ndə işləyir, üçünün də ömür yelkəni bu il 60-cı sahilə yan alıb…

Oktyabrın 23-də Beynəlxalq Mətbuat Mərkəzində tanınmış jurnalistlər Tahir Aydınoğlu, İlqar Həsənov və Namiq Əhmədovun 60 illik yubileyləri münasibətilə keçirilən tədbirdə onların hər birinin həyat və yaradıcılıq yolundan bəhs olunub.

Tədbiri açan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov yubilyarları təbrik edib və onlara xoş arzularını çatdırıb.

Yubilyarlara Mətbuat Şurasının diplomu və Ahıl Jurnalistlər Məclisinin hədiyyələri təqdim olunub.

Bakı Dövlət Universitetinin professoru İzzət Rüstəmov, jurnalistika fakültəsinin müəllimi, dosent Mahmud Mahmudov, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, qocaman jurnalist Bəbir Hüseynov, şair Ramiz Məmmədzadə 60 yaşı tamam olan hər üç jurnalistin Azərbaycan mətbuatına və mətbu sözünün nüfuzunun qorunması sahəsində göstərdikləri xidmətlərdən danışıblar. Qeyd olunub ki, bu illər ərzində onlar xəbərdən tutmuş oçerkə qədər jurnalistikanın ən müxtəlif janrlarında çoxlu yaradıcılıq nümunələri qələmə alıb və hər fakta, hər cümləyə peşəkarlıqla yanaşıblar. Elə bunun nəticəsidir ki, bu gün təcrübəli qələm sahibləri mətbuat sahəsində çalışan gənclər üçün örnək hesab olunurlar.

Yazıçı-jurnalist, Milli Məclisin deputatı Aqil Abbas, Əməkdar jurnalistlər İradə Tuncay, İttifaq Mirzəbəyli, poliqrafçı alim Şəddat Cəfərov, yubilyarların tələbə yoldaşları adından Rauf Ağayev və başqaları çıxış edərək onların üstün yaradıcılıq keyfiyyətlərindən danışıb və onlarla bağlı xatirələrini bölüşüblər.

Əməkdar artist Ağalar Bayramov ifa etdiyi poeziya nümunələri ilə jurnalistləri təbrik edib və onlara yaradıcılıq uğurları arzulayıb.

Tahir Aydınoğlu və İlqar Həsənov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara öz təşəkkürlərini bildiriblər.