29 noyabr 2019 16:42
296

TANAP Azərbaycanın ən uğurlu enerji layihələrindəndir

Ədirnə vilayətinin İpsala qəsəbəsində Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) TANAP-ın ikinci mərhələsinin, yəni, Avropa bağlantısının (Faza-1) açılış mərasimi  noyabrın 30-a planlaşdırılır.

TANAP layihəsi Azərbaycanın ən uğurlu enerji layihələrundən biridir və Azərbaycan bu layihədə bir çox ilklərə imza atıb. Belə ki, Azərbaycan ilk dəfə xaricdə nəhəng bir enerji layihəsində operator qismində iştirak edib və layihəni vaxtında, yüksək səmərə ilə və nəzərdə tutulan investisiya dəyərinə 45% qənaət edərək müvəffəqiyyətlə tamamlayıb. Bütün bu uğurların məhz TANAP kimi mürəkkəb və beynəlxalq bir layihədə qazanılması Azərbaycanın əhəmiyyətini qlobal enerji bazarında daha da artırıb.

TANAP Türkiyənin şərqi ilə qərbini bir birinə bağlayan, ölkənin 20 şəhəri və 67 qəsəbəsindən keçən, 3 fərqli ölçülərdə (56 düym, 48 düym, 36 düym) inşa edilən bir boru kəməridir. Boru kəmərinin ən hündür zirvəsi dəniz səviyyəsindən 2760 metr yüksəklikdə Qırmızı dağ keçidindən, ən alçaq nöqtəsi isə Dardanel boğazından 65 metr dərinlikdən keçir. Boru kəmərinin ən dik yamacı 30 dərəcə təşkil edir və Ilqaz dağındadır. Eyni zamanda boru kəmərinin 600 km-lik hissəsi 2000 metr yüksəklikdən keçir və bu yerlər qışın çox sərt keçdiyi yerlərdir. Məsələn Ardahan, Qars, Ərzurum, Sivas, Bayburt, Gümüşhanə kimi şəhərləri nümunə göstərə bilərik. Bu səbəbdən ilin ancaq 110  günündə burada inşaat işləri aparıla bilir. Məhz belə mürəkkəb bir layihəni beynəlxalq standartlara uyğun və təhlükəsiz bir şəkildə ərsəyə gətirmək, eyni zamanda nəzərdə tutulan smeta dəyərinə 5,2 milyard dollar qənaət etmək böyük bir uğurudur. Azərbaycan bu layihədə bütün dünyaya göstərib ki, nəinki ölkə daxilində, xarici ölkələrdə də nəhəng enerji layihələrini öz maddi-texniki bazası və yüksək idarəçilik səriştəsi ilə ən səmərəli və təhlükəsiz şəkildə həyata keçirmək qüdrətindədir.

Enerji məsələləri üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə “İki sahil” qəzetinə açıqlamasında bildirib ki, TANAP layihəsi Azərbaycanın ən uğurlu enerji layihələrindən biridir və Azərbaycan bu layihədə bir çox ilklərə imza atıb: “Belə ki, Azərbaycan ilk dəfə xaricdə nəhəng bir enerji layihəsində operator qismində iştirak edib və layihəni vaxtında, yüksək səmərə ilə və nəzərdə tutulan investisiya dəyərinə 45% qənaət edərək müvəffəqiyyətlə tamamlayıb. Bütün bu uğurların məhz TANAP kimi mürəkkəb və beynəlxalq bir layihədə qazanılması Azərbaycanın əhəmiyyətini qlobal enerji bazarında daha da artırıb. Qeyd edilməlidir ki, regionda həyata keçirilən digər boru kəməri layihələrinin məsafə vahidinə düşən smeta dəyəri TANAP-dan iki dəfə daha yüksək olub. Bu da, əldə edilən bu uğurun nə qədər əhəmiyyətli olduğunu göstərir.”

E.Axundzadə vurğulayıb ki, Azərbaycan, tarixində ilk dəfə olaraq, öz qazını TANAP vasitəsi ilə birbaşa Avropa bazarına ixrac edərək, dünyada təbii qazın ən çox idxal edildiyi bazara daxil olacaq: “Bu da Azərbaycana uzun illər həm siyasi, həm də iqtisadi dividentlər qazandıracaq. İqtisadi nöqtəi nəzərdən, ötən ilin 30 iyun tarixindən etibarən TANAP vasitəsilə Türkiyə bazarına 3,3 milyard m3 Azərbaycan qazı daşınıb və bu miqdarın bu ilin sonuna qədər 4 milyard m3-ə çatacağı nəzərdə tutulur. 2021-ci ilin sonundan etibarən isə boru kəmərinin illik daşıma həcmi 16 milyard m3-ə çatacaq. Hesablamalara görə TANAP hər il 1,45 milyard dollar dəyərində gəlir gətirəcək. Bu miqdarın 96,4 milyon dolları isə Türkiyəyə vergi olaraq ödəniləcək. Nəzərinizə çatdırım ki, boru kəməri layihəsinin tikintisi böyük xərclər tələb etsə də, tikinti başa çatdıqdan sonra əməliyyat xərcləri çox cüzi olur. Və qoyulan vəsait geri götürüldükdən sonra, demək olar ki, gəlirin əsas hissəsi xalis mənfəət olaraq pay sahiblərinə qayıdır. Bu çərçivədə, TANAP üçün qoyulan investisiya təqribən 6-7 il sonra tam geri götürülə biləcək. Bu müddətdən sonra isə boru kəməri tamaən xalis mənfəətlə işləyəcəkdir. Onu da qeyd edim ki, əgər boru kəmərinə 5,2 milyard dollar qənaət edilməsəydi qoyulan investisiyaların geri götürülməsi 10-11 il kimi uzun bir periodu əhatə edə bilərdi. Qeyd edim ki, gələcəkdə əlavə 5 kompressor stansiyası inşa etməklə boru kəmərinin ümumi həcminin 31 milyard m3-ə çatdırılması nəzərdə tutulur. Bu da o deməkdir ki, TANAP-ın illik gəliri gələcəkdə hazırkı hesablamalardan 2 dəfə daha artıq ola bilər. Başqa sözlə, Azərbaycan xalqı uzun illər bu layihədən böyük iqtisadi mənfəət əldə edə biləcək.”

Ekspert onu da qeyd edib ki, Azərbaycan CQD layihəsinə öncüllük edərək həm regionun iqtisadi inkişafına, həm də Türkiyə və Avropanın enerji təhlükəsizliyinə dəyərli töhfə verir: “Bu çərçivədə Azərbaycan Türkiyə bazarında payını 2 dəfə artıraraq 26%-ə yüksəldə biləcək və Türkiyənin ən böyük ikinci qaz tədarükçüsü olacaq. Avropa bazarına isə fərqli marşurut və mənbədən təbii qaz nəql edərək bazarda rəqabət mühitinin yaranmasına, Avropanın artan qaz tələbatının qarşılanmasına, habelə Albaniya və Monteneqro kimi ölkələrdə təbii qaz bazarlarının formalaşmasına dəyərli töhfə verəcək. Bu layihədə, Azərbaycan ilk dəfə olaraq dəyər zənciri üzrə bütün həlqələrdə əsas pay sahibidir. Beləliklə, Azərbaycan, 3-cü tərəflərdən asılı olmadan öz təbii qazını öz boru kəmərləri vasitəsi ilə daşıyaraq nəqliyyat xərclərini və risklərini ciddi şəkildə azalda biləcək və ölkə iqtisadiyyatına əlavə dəyər qazandıracaq. Bütün bunlar həm ölkənin enerji təhlükəsizliyini təmin edəcək, həm də iqtisadi müstəqilliyin daha da möhkəmlənməsinə imkan yaradacaq.”

Emin Axundzadə TANAP boru kəmərinin Türkiyə üçün də strateji əhəmiyyətə malik olduğunu da vurğulayıb: “Türkiyənin ən böyük hədəflərindən biri də uzun perspektivdə enerji “hab”ına çevrilməkdir. Çünkü Türkiyə geostrateji baxımdan çox əlverişli bölgədə yerləşir.  Ölkənin Şərqində dünyadakı təbii qaz ehtiyatlarının 75%-i, Qərbində isə təbii qazı ən çox idxal edən Avropa bazarı yerləşir. Türkiyə bir növ Şərq ilə Qərb arasında təbii körpü funksiyasını icra edir. Bu minvalla, Türkiyənin uzun müddətli starteji hədəfinə cavab verən layihə Cənub Qaz Dəhlizi və onun ən önəmli həlqəsi olan TANAP layihəsidir. Belə ki, Türkiyə Azərbaycan qazı ilə yanaşı, 3-cü tərəflərin qazını da gələcəkdə Avropaya daşıma imkanı əldə edə biləcək və öz starteji mövqeyini gücləndirəcək. Bekəliklə, Azərbaycan və Türkiyənin strateji əməkdaşlığının dəyərli meyvəsi olan TANAP, həm Azərbaycana, həm də Türkiyəyə uzun müddətli dividentlər gətirəcək. Azərbaycan, öz qazını birbaşa Avropa bazarına daşıyaraq, həm nəqliyyat xərclərini və risklərini azaldacaq, həm də alternativ mənbədən və alternativ marşrut üzərindən təbii qaz nəql edərək, Avropa bazarında strateji mövqeyini gücləndirəcək. Boru kəməri, eyni zamanda Türkiyənin artan enerji tələbatını qarşılayacaq və Türkiyənin enerji “hab”ı olma strategiyasına dəyərli töhfə verəcək.”

Orxan Vahidoğlu, “İki sahil”