09 oktyabr 2019 14:25
121

sveçrə Azərbaycan ilə münasibətlərə böyük önəm verir

Azərbaycan ilə İsveçrə arasında əlaqələr uzun illərə söykənən qarşılıqlı inam əsasında qurulub. İsveçrə Azərbaycan ilə münasibətlərə böyük önəm verir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər oktyabrın 9-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ilə İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniyenin görüşündə səsləndirilib.

Oqtay Əsədov Jan-Rene Furniyenin ölkəmizə səfərinin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə inandığını bildirib. Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən birinin də İsveçrə olduğunu xatırladan Milli Məclisin sədri qarşılıqlı münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. O bildirib ki, 1992-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələr qurulub. Bu əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin böyük əhəmiyyəti var. 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 680 milyon dollar həcmində olmuşdusa, bu il bu rəqəm 1 milyard 300 milyon dollardır. Ümumilikdə Azərbaycan iqtisadiyyatına 268 milyard dollar həcmində investisiya qoyulub ki, bunun da 148 milyard dolları xarici sərmayədir. İsveçrə şirkətləri Azərbaycana 860 milyon dollar həcmində investisiya qoyub. Azərbaycan isə İsveçrəyə 2 milyard 700 milyon dollara yaxın yatırım edib. Çox şadıq ki, İsveçrə şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Milli Məclisin sədri, eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan meqalayihələrə toxunub.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışan Oqtay Əsədov deyib ki, BMT-nin münaqişənin həlli ilə bağlı 4 qətnaməsinin olmasına baxmayaraq, Ermənistan bu sənədlərə məhəl qoymur və işğalçılıq siyasətini davam etdirir.

Jan-Rene Furniye İsveçrənin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmasını heç də təsadüfi hal kimi dəyərləndirmədiyini qeyd edib. Belə ki, hər iki ölkə strateji baxımdan oxşar mövqelərə malikdir, böyük qonşularla əhatə olunub.

İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Azərbaycan ilə əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.