25 iyun 2019 17:05
175

“Soyuz MS-11” kosmik gəmisi Qazaxıstan ərazisində Yerə enib

Rusiyanın pilotlu nəqliyyat kosmik gəmisi “Soyuz MS-11” iyunun 25-də Qazaxıstanın Jezkazqan şəhərindən 145 kilometr aralıda Yerə enib. “Roskosmos” agentliyinin məlumatına görə, kosmik gəminin ekipaj üzvləri rusiyalı kosmonavt Oleq Kononenko və astronavtlar Enn Makkleyn (NASA) və David Sen-Jak (Kanada) hazırda özlərini yaxşı hiss edirlər.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “Roskosmos” kosmik gəmidə eniş zamanı ştatdankənar situasiya yaranması barədə məlumatları təkzib edib. Agentlik bildirib ki, bütün göyərtə sistemləri uçuş proqramına uyğun şəkildə işləyib. Məlumatda bildirilib ki, kosmik gəminin əsas kollektorunun sıradan çıxması və avtomatik sistemin ehtiyat iş rejiminə keçməsi xəbərlərinin heç bir əsası yoxdur. “Soyuz MS-11” gecə saatlarında Beynəlxalq Kosmik Stansiyadan ayrılıb. Hazırda bu stansiyada rusiyalı kosmonavt Aleksey Ovçinin, ABŞ astronavtları Nik Heyq və Kristina Huk fəaliyyətlərini davam etdirirlər.

“Roskosmos”dan bildiriblər ki, Beynəlxalq Kosmik Stansiyaya növbəti ekipaj iyulun 20-də “Soyuz MS-13” kosmik gəmisində göndəriləcək. Ekipajın tərkibinə rusiyalı Aleksandr Skvortsov, NASA-nın astronavtı Endryu Morqan və italiyalı Luka Parmitano daxil olacaq.