19 mart 2019 11:07
203

Sosial şəbəkələrin müsbət və mənfi tərəfləri

Sosial şəbəkələrə maraq gündən-günə artır. Artıq günümüzü sosial şəbəkələrsiz təsəvvür edə bilmirik. Virtual məkan genişləndikcə sosial şəbəkələrin də sayı artır. Bu şəbəkələrdən həm gənc, həm də yaşlı nəslin nümayəndələri istifadə edirlər. Onu da qeyd edək ki, həyatımızın ayrılmaz bir hissəsinə çevrilən sosial şəbəkələr vasitəsilə bir çox məsələlər həll edilir. Kimisi adi bir paylaşım ilə məşhur olur, kimisi öz problemlərini həll edir və s. bu kimi hadisələr baş verir. Eyni zamanda, bunlardan sui-istifadə edənlərin də sayı az deyil. İctimai rəyə təsir etmək gücündə olan sosial şəbəkələrdən, həmçinin müxtəlif məqsədlər, xüsusilə də siyasi, sosial və iqtisadi təxribatların törədilməsi üçün də istifadə edirlər.

Sosial şəbəkələrin əsas funksiyası nə olmalıdır? Ondan necə və hansı məqsədlər üçün istifadə edilməlidir?

Yuxarıdakı suallarla bağlı bir neçə ekspertin rəyləri aldıq. Onlar sosial şəbəkələrin gündəlik həyatımızın mühüm tərkib hissəsi olması ilə yanaşı, eyni zamanda, onun müsbət və mənfi tərəflərini də diqqətə çatdırdılar.

Siyasi ekspert Azər Həsrət sözügedən məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bu gün sosial şəbəkələrdən istifadə əlbəttə ki, qaçılmazdır: “Çünki insanlar özlərini bir an belə sosial mediadan kənarda təsəvvür edə bilmirlər. Demək olar ki, bütün işlərimiz sosial media platformalarına daşınıb. İstər adi ünsiyyət, istərsə də media fəaliyyəti sosial media üzərindən həyata keçirilir. Yəni insanlarla coğrafi yerləşimindən asılı olmayaraq əlaqə saxlaya bilir, çevik şəkildə fikirlərimizi paylaşa bilirik. Ümumilikdə götürsək internetsiz qalmaq belə mümkünsüz bir hal alıb. İnternetsiz həyat insanlarda hətta stress halını belə yarada bilir”.

Ekspert, həmçinin onu da qeyd etdi ki, bu yeni texnologiyalar bir çox üstünlükləri ilə bərabər, həm də arzuolunmaz fəsadlara da yol açır: “Bununla da hər şeydən sui-istifadə etməyə öyrəşmiş adamlar sosial mediadan belə bu məqsədlə də istifadə etməyə çalışırlar. Onlar başqalarına şər, böhtan atmaq, şantaj etmək, yalan məlumatlar yayıb ictimai rəyi çaşdırmaq üçün gen-bol bu cür imkanlardan sui-istifadə edirlər. Artıq belə halların qarşısı alınmalıdır. Bu cür insanlara qarşı atılacaq ilk addım onlayn mediada davranış qaydalarının əməlli-başlı öyrənilməsi, mənimsənilməsi, təbliğ edilməsi olmalıdır. Digər bir tərəfdən də qanunların bu yeni texnologiyalara uyğunlaşdırılmasıdır. Belə düşünürəm ki, belə məsələlərin diqqətlə öyrənilməsi, qanunların uyğunlaşdırılması, eyni zamanda, cəmiyyətin maarifləndirilməsi vacib məsələdir”.

Psixoloq Gülnar Orucova isə mövzu ilə bağlı açıqlamasında bildirdi ki, XXI əsr üçün daha da artıb təkmilləşən sosial media və sosial şəbəkələrin fəaliyyəti bugünkü cəmiyyət üçün böyük bir yenilik olub: “İnsanların daha asan  şəkildə bir-biri ilə ünsiyyət qurmaları, əlaqələrini genişləndirmələri, yeni dostlar qazanmaları, məlumatlanma, maariflənmə və maarifləndirmə baxımından da sosial media mühüm rol oynayır. Məhz bu səbəbdən də insan həyatının ayrılmaz bir parçasına çevrilib. Düzdür, bu çox yaxşı bir vəziyyətdir. Amma bunun müsbət tərəfləri ilə birgə mənfi tərəfləri də vardır. Sosial şəbəkəyə həddən artıq aludə olmaq, günün bir çox hissəsini orada keçirmək ilk öncə insan əsəblərinə ziyan olmaqla yanaşı, onlarda aqressivlik, səbrsizlik və hər kəslə kobud davranışlara gətirib çıxarır. Hətta onun gözlərimiz üçün də mənfi təsirləri olduğunu qeyd edə bilərik. Niyə? Çünki 20 dəqiqədən artıq monitora baxmaq insan gözləri üçün bir çox fəsadlara yol aça bilər”.

“Artıq bu gün sosial şəbəkələr öz sosiallığını itirərək bir sıra qüvvələrin əlində siyasi və ideoloji mübarizə üçün bir platformaya çevrilib”, - deyə “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirdi.

O qeyd etdi ki, geniş insan kütlələrinin olması, onlar arasında müsbət addımların atılması istiqamətində də sosial şəbəkələrin bir çox mühüm əhəmiyyəti vardır: “Çox təəssüf ki, Azərbaycanda bir qrup şəxs var ki, onlar da sosial şəbəkələri özlərinin şəxsi maraqları naminə istifadə edərək ölkəmizə, dövlətimizə və s. qarşı sui-istifadə edirlər. Eyni zamanda, mənəviyyatdən kənar, insanlığa xas olmayan ifadələrlə həm ictimaiyyəti, həm də ölkə rəhbərliyini təhqir edirlər. Bundan başqa, bir sıra ictimai-siyasi xadimlərin, deputatların adından özlərinin demədiyi fikirləri səsləndirməklə nəyin bahasına olursa-olsun hakimiyyətə zərbə vurmağa çalışırlar. Mənə elə gəlir ki, sosial şəbəkə istifadəçiləri bunları dərindən təqib edərək, yaxından izləyərək onları aldadan vətəndaşları özlərinin şəxsi maraqlarının qurbanına çevirməyə çalışan sosial şəbəkə və onların istifadəçilərini boykot etməlidirlər. Biz də gənclər olaraq bu istiqamətdə çoxsaylı addımları atır, sosial media forumları, dərsləri keçirik. Hesab edirəm ki, sosial şəbəkələrdən milli maraqlarımızın təbliği naminə istifadə edilməsi çox faydalı olardı. Lakin bu platformanı özlərinin çirkin əməllərini icra etmək üçün vasitəyə çevirənlərə qarşı da ictimai mübarizə aparılmalıdır”. 

Mənsumə Babayeva, “İki sahil”