01 iyun 2020 11:17
1404

Sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanunların qəbul edilməsinin zamanıdır

ABŞ Prezidenti Donald Trampın sosial mediaya nəzərətlə bağlı  Sərəncamı   beynəlxalq səviyyədə informasiya təhlükəsizliyinin təminatına xidmət edir

   ABŞ Prezidenti Donald Tramp  mayın 28-də «Onlayn senzuradan müdafiə barədə» Sərəncam imzalayıb. Sərəncamın əsas mahiyyəti bundan ibarətdir ki,  nəhəng  sosial media şirkətləri öz maraqlarına uyğun olmayan fikirləri senzuraya məruz qoyur və bununla da  «təhlükəli güc» tətbiq edirlər.  «Twitter», «Facebook», «İnstagram» və «YouTube»  informasiyaların təqdim edilməsinə  açıq və gizli müdaxilələri ilə insanların baxışlarını istədikləri istiqamətdə formalaşdırmağa çalışır və fikirlərə qarşı  selektiv yanaşmalar tətbiq edirlər. Trampa görə,  xüsusilə “Twitter” ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz nümayiş etdirir, başqa ölkələrin “siyasi aləti” kimi çıxış edir və onların anti-ABŞ siyasətini dəstəkləyir, ABŞ-a qarşı informasiya təxribatları ilə məşğul olur. Həmçinin sosial şəbəkələrin tətbiq etdikləri bir çox məhdudlaşdırıcı tədbirlər sırf siyasi motivlidir və fikir plüralizminə ziddir.

   ABŞ Prezidenti bu məqama da xüsusi diqqət yönəldir ki,   onlayn platformaların fəaliyyəti şəffaf və hesabatlı deyil, onlar fikir azadlığını qorumaq üçün universal normativ standartlara və alətlərə malik deyillər. Bütün bunlar isə ABŞ qanunlarına, xüsusilə Kommunikasiya Etikası Qanununun  230-cu bəndinə uyğun gəlmir. Ona görə də ABŞ-ın bu sahədə toxunulmazlığının sərhədləri aydınlaşdırılmalıdır. Onlayn platformaların genişlənməsi və təsirini hədsiz artırması onların fəaliyyətinin tənzimlənməsini zəruri edir.

   Demokratiyanın vacib amillərindən biri  azad mətbuatın formalaşdırılması və onun  coğrafiyasının genişləndirilməsi, müasir dövrün tələblərinə uyğun olaraq yeni texnologiyaların tətbiqi şəraitində insanların məlumat bazasının  zənginləşdirilməsidirsə, yazılı və elektron KİV-lərin,  sosial şəbəkələrin   tələb olunan prinsiplərə-qərəzsizliyə, obyektivliyə, ən əsası dövlət maraqlarının qorunmasına və müdafiəsinə əməl etməsi prioritet olmalıdır. Demokratiyanın beşiyi kimi dəyərləndirilən  ABŞ-ın Prezidentinin bu mövqeyi haqlıdır. Bu addım  sosial şəbəkələrin hüquqi tənzimlənməsinin vacibliyinin artıq ABŞ-da da dərk olunmasını göstərir.

    Dövlətimizin başçısı İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında  bu reallığı da diqqətə çatdırmışdır ki, bizə qarşı informasiya kampaniyası aparılır. Buna görə informasiya mühafizəsi, informasiya təhlükəsizliyi ilə əlaqədar mütləq qanunvericilikdə yeni yanaşmalar, yeni fikirlər olmalıdır.

Müasir dövr informasiya müharibəsi dövrüdür. Saxta, yəni, “feyk nyus” adlandırılan xəbərlər əfsuslar olsun ki, geniş vüsət alır. İstənilən yalan xəbər çox böyük fəsadlara gətirib çıxara bilər. Azərbaycan bu şər-böhtan kampaniyaları ilə daim üz-üzədir. Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarını nəzərə alsaq, bu çağırışı edə bilərik ki, müasir dövrümüzdə mətbuatın inkişaf problemləri ilə yanaşı, hər bir dövlətin milli təhlükəsizliyi ilə eyni səviyyədə dəyərləndirilən, ictimai rəyin formalaşdırılmasında başlıca aparıcı rola malik  informasiya təhlükəsizliyinin qorunması bütünlükdə cəmiyyətin, insanların vətəndaşlıq borcu olmalıdır. Əsas diqqət yetirilən sahə isə sosial şəbəkələrdə yerləşdirilən informasiyaların ölkələrarası əməkdaşlığın genişləndirilməsindəki rolu və əhəmiyyətidir. İnkişaf istiqamətlərini demokratiyanın təkmilləşdirilməsində, söz, mətbuat, vicdan azadlığının qorunmasında görən Azərbaycanın dövlət siyasətinin əsasında insan amili dayandığı kimi, hər kəsin ölkənin qanunları çərçivəsində sərbəst düşünmə və münasibətini bildirmə hüquqları mövcuddur. Həyatımızın ayrılmaz parçasına çevrilən, müxtəlif qurumlar, insanlar arasında münasibətlərin yaranmasında xüsusi rolu olan sosial şəbəkənin, daim yenilənən xidmət sahələri ilə insanları təəccübləndirən, uzaqları yaxın edən, informasiya məkanında inqilab adlandırılan, cəmiyyətin hər üzvünü hadisələr haqqında məlumatlandıran internetin ictimai rəyin formalaşdırılmasındakı rolu böyükdür. Əsas məsələ isə internetdən istifadə zamanı informasiya məsuliyyətini dərindən dərk edib, məlumatların ictimaiyyətə çatdırılmasında, auditoriyanın formalaşdırılmasında peşəkarlığı qorumaqdır.

   Hər bir ölkənin  müəyyən səbəblərdən, münaqişəli məsələlərin mövcudluğu üzündən mövqeləri fərqli olan əlaqələri də mümkündür. Təbii ki, bu zaman mənfi informasiyalara geniş yol açılır. Sosial şəbəkələr barədə  universal normativ standartların mövcud olmaması burada feyk məlumatların, mənəvi-əxlaqi normalara zidd materialların, terrora, zorakılığa çağırışların, qeyri-qanuni ticarətin və digər zərərli əməllərin geniş yayılmasına, ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil etməyə, siyasi kataklizmlər formalaşdırmağa şərait yaradır. Bir sözlə, sosial şəbəkələr söyüş, qeyri-etik davranış, terrora, qarşıdurmaya çağırış platformasına çevrilib. Müxtəlif ölkələrdə sabitliyin pozulması prosesi də buradan idarə olunur.

    Belə qərəzli yanaşmalar,  ölkəmizə qarşı ardıcıl terror çağırışları bu gün də davam edir. Dövlətimizin başçısı İlham Əliyev daim  bu çağırışı edir ki, bizim gənclər milli ruhda tərbiyə almalıdırlar. Bunun üçün gələcək nəsillər öz fəaliyyətlərini bu istiqamətdə qurmalı, təxribatlara uymamalı, bəzi beynəlxalq təşkilatların yalan məruzələrinə inanmamalıdırlar.

      Qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı olan, beynəlxalq təşkilatlarda söz sahibi kimi yüksək mövqeyə yüksələn Azərbaycan həqiqətlərinə kölgə salmağa çalışan ermənipərəst qüvvələr ölkəmiz haqqında mənfi imic formalaşdırmağa cəhd etsələr də niyyətləri baş tutmur. Belə qərəzli təbliğatlara tutarlı cavab Azərbaycan reallıqlarıdır. Hətta beynəlxalq təşkilatlarda təmsil olunan diplomatlar, siyasətçilər belə  məkrli yanaşmalara iradlarını bildirərək Azərbaycanı dünyada ən sürətli inkişaf edən ölkə kimi xarakterizə edirlər. Beynəlxalq maliyyə qurumlarının, xüsusilə Dünya Bankının, o cümlədən Dünya İqtisadi Forumunun hesabatları Azərbaycanın təkmil islahatlar, düşünülmüş və məqsədyönlü siyasət nəticəsində davamlı uğurlara imza atdığının aydın mənzərəsini yaradır. Qlobal informasiya məkanında həqiqətlərlə yanaşı, təxribat və yalan məlumatların kifayət qədər artdığını çıxışlarında xüsusi qeyd edən Prezident İlham Əliyev informasiya təhlükəsizliyini ərzaq, enerji təhlükəsizliyi kimi dövlət siyasətinin aspekti  hesab edir.

Bu fikri böyük inam və qətiyyətlə bildiririk ki, müstəqilliyimizin əbədiliyini təmin edən daxili və xarici siyasətimiz elə təməl üzərində qurulub ki, heç bir təsir onu sarsıda bilməz. Milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılması yolverilməzdir. Bu baxımdan Prezident İlham Əliyevin imzaladığı “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Fərmanda, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncamda, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” da informasiya təhlükəsizliyi sahəsində vahid dövlət siyasətinin parametrləri əksini tapır. Ölkədə informasiya təhlükəsizliyinin təminatı üçün vacib olan məqamlara aydınlıq gətirilərkən qeyd olunur ki, müharibə şəraitində yaşayan Azərbaycanda  müdafiə sirlərinin qorunması üçün hərbi hissələrin dislokasiyası ilə bağlı məlumatların verilməsində milli və dövlətçilik maraqlarına diqqətlə yanaşılması daha vacibdir. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı da edir ki, yeni texnologiyaların yaratdığı bütün imkanlardan səmərəli istifadə edərək Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Müxtəlif dillərdə internet resursları yaradılmalı, həqiqətlərimiz faktlar əsasında dünyaya bəyan edilməlidir. Bu mühüm uğurumuzu da qeyd etməliyik ki, Azərbaycan kosmik klubun üzvüdür. Son 5 ildə Azərbaycan orbitə 3 peyk çıxarıb. Bu uğurumuz iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addımdır.

   Sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı  müzakirələrin aparıldığı,  ayrı-ayrı ölkələrdə qanunlara əlavələr olunduğu, yeni qanunların qəbuluna çağırışların səsləndiyi  bir zamanda Azərbaycan da   bu qlobal prosesdən kənarda qalmır,  ümumi işə öz töhfəsini verməyə səy göstərir. Sosial şəbəkələrin məsuliyyətsizliyi  artıq  real təhlükəyə çevrilib.

   Qeyd edək ki, müxtəlif sahələr üzrə beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi  Azərbaycanın bir neçə il bundan əvvəl ev sahibliyi etdiyi    Dünya Xəbər Agentliklərinin V Konqresi,  Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə iclasında da bu çağırış olunmuşdur ki,   əməkdaşlıq dəyərlərinin təşviqi baxımından mətbuatın dəstəyi, obyektivliyi olduqca vacibdir. 80 ölkədən 100-ə yaxın xəbər agentliyinin dünyanın informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın rəhbərinin, təmsilçisinin, beynəlxalq ekspertlərin, BMT və UNESKO-nun rəsmi nümayəndəsinin iştirak etdikləri  həmin tədbirdə təkcə  informasiya təhlükəsizliyi ilə bağlı  deyil, ümumiyyətlə, ikili standartlardan qaynaqlanan təxribat xarakterli məlumatların yaratdığı ədalətsizliklər,   dünyada baş verən hadisələrə müxtəlif yanaşmaların fəsadları  barədə  geniş  müzakirələr aparılaraq  təkliflər səsləndirilmişdi. «Bir dövlət başçısı  və  siyasətçi kimi, əminəm ki,  medianın beynəlxalq hadisələrdəki rolu dəqiqliklə  təhlil edilməlidir» bildirən cənab İlham Əliyev vurğulamışdır ki, çünki medianın rolu gündən-günə artır və bununla yanaşı, məsuliyyət də  artır. Amma mətbuatda  yayılan informasiyaların həqiqəti əks etdirməməsi medianın obyektivliyinə inamı azaldır. Bəzi hallarda  eyni hadisənin siyasi motivlərə əsaslanan fərqli təqdimatı, müxtəlif dairələrin  müdaxiləsi daha gərgin narahatlıqlarla müşayiət olunur. «Hamımız azad medianın tərəfdarıyıq» sözləri ilə  konqres iştirakçılarına çağırış edən, müzakirələr zamanı  söylənilənləri, səslənən çağırışları ölkəmizlə bağlı informasiyaların obyektivliyini şərtləndirəcəyinə inamını ifadə edən dövlətimizin başçısı   Bakı konqresinin bu sahədə mühüm addım olacağını da diqqətə çatdırmışdır.

   Göründüyü kimi, Azərbaycan hələ bu gün dünyanı narahat edən sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı qanuna əlavələr məsələsini daim  gündəmə gətirib, bütün dövlətlərin diqqətini bu məsələyə yönəltmək və ümumi yanaşma ortaya qoymaq üçün səylər göstərib. Cənab İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında digər sahələr kimi, sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi, qanunvericilikdə yeni yanaşmalar, yeni fikirlər olması məsələsi artıq parlamentdə müzakirə olunmaqdadır.

Yeganə Əliyeva,

«İki sahil»