20 avqust 2019 20:56
201

Sosial şəbəkələr: virtual dünyanın acı reallıqları

    Müasir həyatımızda texnologiyanın rolu durmadan artır. Texnologiyanın inkişafı sosial medianın bir qolu olan sosial şəbəkələrin həyatımıza yol tapmasına gətirib çıxarır. Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz bir parçasına çevrilib desək,yanılmarıq. Bir çoxları istəsələr də sosial şəbəkələrsiz qala bilmirlər. İstifadəçilər arasında xüsusən gənc nəslin nümayəndələri çoxluq təşkil edir. 

    Sosial media növlərinin çox avantajları ilə yanaşı, dezavantajları olduğunu da danmaq olmaz. İnsanların bir-biri ilə ünsiyyət qurmasında, müəyyən məsələlərin müzakirəsində çox böyük üstünlüklər yaradır. Amma sosial şəbəkələrdən düzgün istifadə etmədikdə müəyyən problemlərə rast gəlmək olar. İnsanın vaxtını “virtual dünya”ya sərf etməsi real həyatdan uzaqlaşmağa gətirib çıxarır ki, bu da sonralar psixoloji problemlər yaradır. Əvvəlcə vərdiş, sonra isə xəstəlik dərəcəsində asılılıq yaradan sosial şəbəkələr insanlarda depressiya, yuxusuzluq, yorğunluq, aqressivlik, paxıllıq və digər xoş olmayan halların yaranmasına səbəb olur. Ən vacib məqam insanların bu sahədə maarifləndirilməsidir. İnsanlar sosial şəbəkələrin müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətlərini də bilməlidirlər. Bilirsiniz ki, sosial şəbəkələrdə çoxlu sayda informasiya toplanır. Bu informasiyalardan pis məqsədlər üçün də istifadə edilə bilər. Buna görə də sosial şəbəkələrdə işləyərkən mütləq məlumatlı olmaq lazımdır. Buna görə də insanlar çox diqqətli olmalıdırlar. Sosial şəbəkələrə daxil olarkən insan özü haqqında məlumatlar yerləşdirir. Sonra həmin informasiyalar onun əksinə istifadə oluna bilər.

    Gənclərdə virtual aləmə meyillik və gününün 90% -ni sosial şəbəkələrdə keçirməsini onların səhhəti, psixikası və gələcək həyatında problemlər yaradır.

      Sosial şəbəkələrdə aktiv olan, gündə ümumilikdə sutkada 5 saatdan artıq virtual aləmdə vaxt keçirən yeniyetmələr normal yuxudan məhrum olur, fiziki aktivliyi azalır, onlarda kiberbullinqin təsirinə düşmək riski artır. 

    Xüsusən oğlanların sosial şəbəkədə olma müddəti və aktivliyi ilbəil artaraq, 70%-ə çatıb. Daha çox “Facebook”, “İnstagram”, “Twitter”, “Whatsapp” “Snapcat”da olurlar. Nəticələr sübut edir ki, nə qədər aktiv şəkildə sosial şəbəkələrdə vaxt keçirilirsə, bir o qədər psixoloji stress keçirilir. 

     Əsas 3 neqativ faktor aşkarlanıb:

    -Kiberbullinq    

    -Yuxu pozulması

    -Fiziki aktivliyin azalması

     Qızlarda stress səviyyəsi oğlanlardan 2 dəfə çox olur. Bu, onunla əlaqədardır ki, qızlar daha həssas, qorxaq olurlar və hər xırda səbəbə kəskin reaksiya verirlər və özlərini virtual aləmdə qorunma altında hiss etmirlər. Alimlər valideynlərə tövsiyə edirlər ki, onlar realdan çox, elə virtualda övladlarının kiminlə ünsiyyətdə olduğunu izləməlidir.

     Yeniyetməlik dövründə virtual dünyada çox aktiv olan insanlar gənclik mərhələsində real dünyadan daha az zövq alır, dünyagörüşü zəif olur, eləcə də xoşbəxt ola bilmirlər. Ümumiyyətlə, sosial şəbəkələr insanları əsl real xoşbəxtlikdən çox uzaqlaşdırır.

     Bundan başqa, texniki ünsiyyət vasitələri insanlar arasında canlı ünsiyyət azaldır. İndi artıq bütün məlumatları hamı bir-birinə göndərir və canlı ünsiyyətə olan ehtiyac azalır. Bu isə nəhayətdə insanlar arasında olan real və canlı qohumluq, dostluq, yaxınlıq əlaqələrinin soyumasına gətirib çıxarır.

      Sosial media hesablarından sırf virtual tanışlıqlar üçün istifadə olunur. Heç bir məsuliyyət daşımadan “əyləncə” adı altında tanımadıqları, bilmədikləri adamlarla bəzən “ciddi”, bəzən də yüngül əlaqələr qurmaq yolunda istifadə etməyə başlayırlar.

Sosial şəbəkələrdən aşırı istifadə olunması, saatlarla asılı vəziyyətdə qalmaq insanların vaxtlarını səmərəli şəkildə bölə bilməməsinə səbəb olur. Belə ki, bu virtual şəbəkələrdə yayılan məlumatların rəngarəngliyinin cəlbediciliyi real həyatdakı vaxt axımını nizamlamağa mane olmağa başladı.

    Sosial medianın istifadə meyarlarında yaş məhdudiyyəti də yoxdur. Uyğun yaş kriterilərinə cavab verməyən istifadəçi kütləsi üçün (uşaqlar, yeniyetmələr və s. kimi) müxtəlif ziyanlı və zərərli məlumat bazalarına giriş imkanları genişləndi.Təbii ki, belə resurslara əlçatarlıq uşaqların elm öyrənmək, dərs oxumaq, əxlaqlı və tərbiyəli olmaq kimi məsələlərə meyillənməyinin qarşısını ciddi şəkildə almış olur.

      Mütəxəssislərin qənaətinə görə, internet asılılığının əsas psixoloji fəsadları bunlardır: Kompyuter arxasında özünü yaxşı hiss etmə və eyforiyaya qapanma, kompyuterdən ayrılmağın problemə çevrilməsi, kompyuter arxasında keçirilən vaxtın tədricən artması, ailəyə, yaxınlara və dostlara qarşı etinasızlıq, kompyuterdən kənarda olarkən mənəvi boşluğun, depressiyanın, əsəb gərginliyinin yaranması, öz fəaliyyəti haqqında işdə müdiriyyətə, evdə isə ailə üzvlərinə yalanlar uydurma, iş və ya təhsillə bağlı problemlərin aranması. İnternetdə uzun müddət vaxt keçirmə karpal kanalı sindromu yəni, əl əzələlərinin uzun müddət gərilməsi nəticəsində yaranan problem, gözlərdə quruluq, miqren tipli baş ağrıları, bel ağrıları, qida rejiminin pozulması, şəxsi gigiyenaya qarşı etinasızlıq, yuxusuzluq kimi fiziki fəsadlar da yaradır.

Yaqut Ağaşahqızı,

“İki sahil”