02 iyun 2020 11:00
741

Sosial şəbəkələr:  Kimilər üçün qılınc, kimilər üçün isə qalxan…

Azərbaycanda demokratik islahatların, vətəndaş cəmiyyəti quruculuğunun daha da dərinləşməsi, dövlət orqanlarının fəaliyyətinin şəffaflaşdırılması, korrupsiya və digər mənfi hallara qarşı mübarizə sahəsində mühüm nailiyyətlər əldə olunub.  Müstəqil mətbuatın inkişafı istiqamətində aparılan islahatlar demokratiyanın tərkib hissəsi olmaqla,  Azərbaycanda söz və məlumat azadlığının tam təmin edilməsinə yönəldilir, institusional və qanunvericilik islahatları həyata keçirilir. Senzuranın ləğvindən sonra müstəqil mətbuatın inkişafında yeni mərhələ başlandı.   Azərbaycan Respublikasının Konstitusiyası, «Kütləvi informasiya vasitələri haqqında»”, «İnformasiya əldə etmək haqqında”» və digər qanunlar informasiya əldə etmək və yaymaq hüququna tam təminat verir.  İnkişafını demokratiya yolu ilə davam etdirən Azərbaycan dövləti milli informasiya resurslarının inkişafına hərtərəfli dəstək göstərir. Bu yeniliklər sosial şəbəkələri də əhatə edir.

 Həyatımıza geniş  daxil olan sosial şəbəkələr demokratik inkişafın nümunəsi olmaqla, uzaqları yaxınlaşdırır, insanları doğmalaşdırır, dünyada baş verən hadisələri bir məkanda « yerləşdirir.» Bu baxımdan müasir dünyamızı, həyatımızı sosial şəbəkəsiz təsəvvür etmək qeyri-mümkündür. Bu şərtlə ki,  sosial şəbəkələrdə yayılan informasiyalar qərəzsiz, obyektiv olmaqla,  başqalarının hüquqlarının toxunulmazlığını təmin etsin.

 Təəssüf ki,   müasir dövrümüzdə  təkcə ölkədaxili sabitliyin qorunmasında deyil, dövlətlərarası münasibətlərin gərginləşməsində də  sosial şəbəkələrdən qərəzli istifadə hallarına daha çox rast gəlinir. COVID-19 pandemiyasının bütün dünyanı  qorxu altında saxladığı bu günlərdə  virusla bağlı sosial şəbəkələrdə tirajlanan, şəbəkə istifadəçilərində  fikir ayrılıqları, təzad, fobiya yaradan informasiyaları  silahsız müharibə adlandıranlar  qənaətlərində  haqlıdırlar.

 Təcrübə göstərir ki, hətta inkişaf etmiş demokratik ölkələrdə belə hərbi əməliyyatlar, sosial gərginlik və digər oxşar hallarda hakimiyyət medianın informasiyaya çıxışını, informasiya əldə etmək və yaymaq hüququnu  məhdudlaşdırır. 2013-cü il oktyabrın 30-da Böyük Britaniya Kraliçası II Elizabet Birləşmiş Krallıqda medianın əxlaq kodeksinə əməl edilməsi mexanizmini müəyyənləşdirən  Kral Xartiyasını imzalayıb. Həmin qaydalara görə, Britaniya KİV-ləri jurnalistlərin etik normalara riayət etməsini tənzimləyən qurum yaratmalıdır. Həmin tənzimləyici quruma etik normaların pozulması faktını aşkarladığı media orqanını 1 milyon funt sterlinq məbləğində cərimələmək hüququ verilir.  Fransa, Böyük Britaniya, son illər isə Türkiyə nümunəsindən bəlli olduğu kimi «Youtube»,  «Google,» «Tvitter», «Facebook» və digər sosial şəbəkələrin ölkə qanunvericiliyinin tələblərinə uyğun fəaliyyətini təmin etmək məqsədilə məhkəmə prosesləri keçirilib və bu məhkəmələrdə  qanunlara uyğun hökmlər çıxarılıb.
  ABŞ  Prezidenti Donald Trampın imzaladığı,  1996-cı ildə  ABŞ-da qəbul olunmuş «Kommunikasiya Müdafəi Aktı»nın 230-cu paraqrafın ləğvini nəzərdə tutan  «Onlayn senzuradan müdafiə barədə» Fərman da bu baxımdan diqqətçəkəndir.  Adı çəkilən paraqrafa görə, «Facebook», «Twitter», «YouTube» və digər sosial şəbəkələrin platformalarında yayılan dezinformasiyalara görə həmin şəbəkələr məsuliyyətə cəlb olunmaqla, qanun qarşısında cavab verməli olacaqlar.  Bu sənədin tətbiqi ilə    «feyk» informasiyaların qarşısının alınması mümkün olacaq.   Məqsəd aydındır: «Sosial şəbəkələrdə  obyektivliyin təminatı sağlam cəmiyyətin  formalaşmasına xidmət etməlidir.» ABŞ Prezidenti onu da vurğulayıb ki,  bu seçimin məqsədi Amerika xalqının azad söz hüququnun qorunması və dəstəklənməsidir.  ABŞ Prezidentinin mətbuat konfransında  jurnalistlərə müraciətlə  söylədiyi «Sosial media şirkətləri hazırda qalxana malikdirlər. Lakin bu Fərmandan sonra onların qalxanı olmayacaq» sözləri sosial şəbəkələrdən qərəzli istifadə edənlərə ciddi xəbərdarlıqdır. Sosial şəbəkələrdən  obyektiv istifadə   yanlış məlumatların  qarşısının alınması  hüquqi , mənəvi,  hadisələrə həqiqi,  vicdanı yanaşma baxımından ən  təsirli vasitədir.

Başqa bir problem kimi beynəlxalq miqyasda fəaliyyət göstərən sosial şəbəkələrdə qeyri-obyektiv, qanunazidd informasiyaların yayılmasını göstərmək olar. Məlumdur ki, bir sıra hallarda sosial şəbəkələr yayılması qanunla qadağan olunmuş informasiyanın mənbəyi rolunda çıxış edir, sonra isə həmin məlumatlar internet media tərəfindən tirajlanır.  Halbuki vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca elementlərini təşkil etməlidir.

Elm və texnologiyalar əsri olan müasir dövrümüzdə elə bir sahə yoxdur ki, orada sağlam rəqabətin yaratdığı uğurlar nümunə göstərilməsin.  Oxucu auditoriyası cəlbi baxımından bu cür sağlam  rəqabət sosial şəbəkələrdə daha çox əhəmiyyət  daşımaqla, medianın mahiyyətini təşkil etməlidir. Bu sahədə çalışanlar unutmamalıdırlar ki,  obyektiv mənbələrə əsaslanan, bütünlükdə cəmiyyətdə  sağlam düşüncə tərzinin formalaşmasına xidmət edən məlumatları yaymaq, milli Konstitusiya  ilə müəyyənləşən hüquqların qorunmasına əməl etmək onların  vətəndaşlıq borcu, məsuliyyətidir.  Ali Qanunumuzda qeyd olunduğu kimi, hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.     

 Çox təəssüf ki,  xarici  dairələr tərəfindən maliyyələşən milli xəyanətkarlarımız  ölkəmizdə davamlı inkişafda olan demokratik şəraitdən, söz və mətbuat azadlığından sui-istifadə edərək bir çox hallarda dövlətçiliyimizə, Azərbaycanın beynəlxalq  aləmdə möhkəmlənən  nüfuzuna  zərər vuran  əsası olmayan informasiyalarla  cəmiyyətdə çaşqınlıq yaradırlar. İnkişafın Azərbaycan modelinin tətbiqi ilə iqtisadi, sosial sahədə qazandığı uğurlarla beynəlxalq aləmdə  nümunə göstərilən, multikultural dəyərləri ilə fərqlənən tolerant ölkəmizin dünya birliyində möhkəmlənən mövqeyinə  xarici havadarlarından aldıqları dilənçi payı müqabilində qara yaxmağa çalışan «beşinci kolon»un qaragürühçuları üçün yeganə meyar şəxsi mənfəətləri, qul xislətinə xas olan  boyunəymə vərdişləridir.  Xarici ölkələrdən  onları idarə edən ağalarının süfrələrinin artıqlarına möhtac qalan bu mənfur niyyətlilər  xəyanətlərini   ölkəmizdə mövcud olan söz azadlığı pərdəsi altında gizlədərək qara vicdanlarını belə hərraca qoyurlar.   Fəaliyyətlərini ermənilərin dəst-xəttinə uyğun quranların Vətənə xəyanətləri isə  bağışlanılmazdır. Xəyanətlərini həyata keçirmək üçün sosial şəbəkələrdən istifadə edərək  Azərbaycan əleyhinə təxribat aparanların etikadan, əxlaqi dəyərlərdən, milli təəssübdən kənar ifadələri, böhtanları bütünlükdə  xalqımız tərəfindən lənətlənir.

 Sosial şəbəkələrdə  insanların ləyaqət və şərəfinə toxunan, hüquqlarının pozulması ilə nəticələnən  informasiyaların «bolluğu»  çox maraq doğurmaqla  ailədaxili müdaxilələrin yaranmasına da  səbəb olur. Bu kimi hallar ölkəmizdə təkmilləşən və əsrlərdən bəri qorunub saxlanılan, milli-mənəvi keyfiyyətlər əsasında  möhkəmlənən ailə institutunun  dəyərlərinə də   xələl gətirir.  Həmişə diqqətdə olan tanınmış simaların, şou əhlinin gündəlik həyatları ilə bağlı , bəzən əxlaqımıza, mənəviyyatımıza yad informasiyaların sosial şəbəkələri «bəzəməsi»  xüsusilə gənclərimizə çox pis örnəkdir.

 Hazırda bütün ölkələr üçün xas olan bu kimi halların qarşısını almaq üçün   müəyyən tədbirlər görülür, qanunlar qəbul edilir.  Azərbaycanda da bu istiqamətdə  mütəmadi islahatlar aparılsa da , müəyyən boşluqların aradan qaldırılması üçün ekspert rəylərinə uyğun dəyişikliklər həllini gözləyir. Artıq  müəyyən dairələrdə  sosial şəbəkələrlə bağlı müzakirələr aparılır, cəmiyyətimizə, dövlətçiliyimizə kölgə salan  informasiyalar, insanların hüquq və azadlıqlarının pozulmasına səbəb olan    böhtanlar, yalan məlumatlar üçün cavabdehlik məsuliyyətinin,   nəzarətin qanunla tənzimlənməsi yolları araşdırılır.  

Vəziyyətin təhlili, nöqsanların müəyyənləşdirilməsi, onların aradan qaldırılması üçün verilən tövsiyələr  KİV-lərin qanunauyğun və səmərəli fəaliyyətinin tənzimlənməsinə öz müsbət təsirini göstərəcəkdir. Unutmaq lazım deyil ki, vəzifəsindən, mövqeyindən, sosial statusundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı vahid amal uğrunda – Azərbaycanın inkişafı, ümummilli problemlərin həlli, dövlət və milli maraqların təmin olunması üçün bütün qüvvəsini səfərbər etməyə və var gücü ilə çalışmağa borcludur.  Yayılan informasiyanın sonunda  yazılan «qeyri- rəsmi mənbəyə» istinad sözləri  isə həmin sosial şəbəkə  əməkdaşlarının qeyri- peşəkarlığından xəbər verir.

Xuraman İsmayılqızı,

«İki sahil»