23 may 2019 17:02
318

“Son iclas” gənclər tərəfindən böyük maraqla qarşılanıb - FOTO

Mayın 23-də Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə 28 May - Respublika Günü ilə əlaqədar Pirallahı Gənclər Mərkəzində ''Son iclas'' filmi nümayiş olunub.

“Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətinin son günlərində baş verən hadisələrdən bəhs edir. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizə əks olunur. Filmdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir.

Filmin nümayişindən əvvəl YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Əhmədov bildirib ki, xalqımızın şanlı tarixinə daxil olan 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdür: “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. 1920-ci ilin aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 701 günlük şərəfli ömrünə son qoyulub. Türk dünyasının ilk müstəqil dövləti süquta uğrayıb. 70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını-azadlığını, müstəqilliyini və bütövlüyünü tələb etdi. Bu yolda məhrumiyyətlərə düçar edildi, şəhidlər verdi, lakin yolundan dönmədi. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinəşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdı və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarix, bu illər ərzində xalqın həyatının bütün sahələrində baş verən dirçəliş müasir müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.”

 Qeyd edilib ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilə dövlət müstəqilliyinin qorunub möhkəmlənməsində, iqtisadiyyatın inkişafında, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında yeni mərhələ başlanıb. Ulu öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsində, müstəqilliyimizin qorunmasında Prezident İlham Əliyevlə birgə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da yaxından iştirak edir.

Sonra “Son iclas” filmi nümayiş olunub, mövzu ətrafında müzakirələr aparılıb.

Orxan Vahidoğlu, “İki sahil”