10 mart 2020 14:46
1584

SOCAR neft qiymətlərinin azalması fonunda hasilat planları haqqında

2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) idarəsində olan yataqlarda hasilatın ötən illə müqayisədə müəyyən artımı gözlənilir.

Bunu Trend-ə SOCAR-ın tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov neft qiymətlərinin azalması fonunda şirkətin planları barədə sualı cavablandırarkən deyib.

O bildirib ki, həmin yataqlarda əvvəlki illərin tendensiyasının davam etməsi gözlənilir:

“Ümumilikdə ölkədə təbii qaz hasilatının mühüm artımı müşahidə olunur. Bu tendensiya yaxın gələcəkdə də davam edəcək”.

İ.Əhmədovun sözlərinə görə, ötən il Azərbaycan neftinin (CIF) orta qiyməti təxminən 67 dollar/barel təşkil edib, bu ilin ilk iki ayında isə 63 dollar/barelə bərabər olub.

O əlavə edib ki, SOCAR son illərdə qeyri-konvensional neft hasilatına investisiya qoymayıb və şirkətin bütün investisiyaları əsasən Azərbaycanda və onun hüdudlarından kənarda neft emalı və neft-kimya komplekslərinin inkişafına yönəldilib:

“Bu, bizə biznes portfelimizi balanslaşdırmağa kömək etdi. Beləliklə, aşağı qiymətlərlə əlaqədar xam neftinin satışında itkilər olsa belə, neft emalı və neft-kimya sahəsində marja artacaq”.