13 mart 2020 11:28
1422

SOCAR istiqrazlarından növbəti rekord

3 ildən artıqdır ki tədavüldə olan SOCAR istiqrazlarının təkrar bazardakı satış qiyməti $1050-a yüksəlib və həmin qiymət üzərindən satış əməliyyatı da artıq baş tutub.

“SOCAR Capital” şirkətindən Trend-ə verilən məlumata əsasən, istiqrazların belə bahalaşmasına başlıca səbəb yüksək tələbat və likvidlikdir. Eyni zamanda, rüblük faiz ödənişlərinin qrafikə uyğun aparılması da investorların maraqlarına cavab verən bir digər mühüm faktordur.

Xatırladaq ki, bu göstərici istiqrazların buraxıldığı tarixdən bəri ən yüksək rəqəmdir. Daha öncəki rekord göstərici $1046 təşkil edib.

2021-ci ilədək tədavül müddəti davam edəcək olan SOCAR istiqrazları indiyədək sahiblərinə 16 milyon 250 min dollar gəlir qazandırıb.

SOCAR istiqrazları ilə təkrar bazarda aparılan əməliyyatların həcmi hazırda 187 milyon dollar təşkil edir və 2100 ədəd əqd bağlanıb.

Ümumi emissiya məbləği $100 milyon olan, illk 5% gəlir gətirən və faizləri hər 3 aydan bir ödənilən SOCAR istiqrazlarının 1 və 5 saylı ASAN Xidmət mərkəzlərindən də əldə edilməsi mümkündür.

Bakı Fond Birjasında ən çox ticarət edilən korporativ maliyyə aləti olan SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişi 17 aprel 2020 tarixində baş tutacaq.