15 oktyabr 2019 10:21
342

SOCAR-ın Türkiyədəki ümumi investisiya yatırımının həcmi 15 milyard dolları ötüb

Cənub Qaz Dəhlizinin ən mühüm həlqəsi TANAP tamamlandı, növbə TAP-ındır

“SOCAR-Türkiyə” bir qrup azərbaycanlı jurnalistlər üçün Türkiyəyə səfər təşkil edib. Səfərdə iştirak edən jurnalistlər üçün ilk öncə İstanbul şəhəri turu təşkil olundu. Qrupa “SOCAR-Türkiyə”nin Koorporativ əlaqələr üzrə rəhbəri Kəmalə Paşayeva rəhbərlik edirdi.

Jurnalistlərə məlumat verildi ki, Türkiyənin ən məşhur türizm mərkəzlərindən biri olan Topqapı Sarayının tikintisi 1460-1478-ci illər arasında tamamlanaraq Fatih Sultan Mehmetin dövründə istifadəyə verilib. Fatihdən Sultan Əbdülməcidə qədər 400 il boyunca saray Osmanlı İmperiyasının inzibati, təhsil, mədəniyyət, incəsənət mərkəzi olmaqda davam edir. Dolmabaxça sarayı tikidikdən sonra belə Topqapı öz əhəmiyyətini qoruyur. Cümhuriyyət qurulduqdan sonra 1924-cü ildə muzeyə çevrilən saray hazırda 400 min kvadratmetr ərazidə öz mövcudluğunu davam etdirir. Bir-birindən gözəl parklar və xiyabanlar hündür saray divarları ilə əhatə olunub. Jurnalistlər buradakı memarlıq abidələri və muzeylərlə yaxından tanış oldular.

Sonra media nümayəndələri Türkiyənin mədəniyyət xəzinələrindәn biri kimi tarixə düşən Aya Sofya muzeyi ilə tanış oldular. Məlumat verildi ki, Aya Sofya İstanbulun siluetinә öz möhürünü vuran әsәrlәrdәndir. Müqəddəs Aya Sofya müzeyi dünyanın ən mühüm mədəniyyət abidәlәrindәn biri hesab olunur. 532-537 illər arasında kilsәnin inşası başlayır vә çox keçmədən ibadәtә açılır. Kilsәnin memarlığı qәdәr sütunları vә mozaikaları da onun dәyәrini artırır. Fatih Sultan Mehmet İstanbulu fәth etdikdәn sonra Aya Sofya mәscidә çevrilir. Mәsciddә ilk namazı Fatıh Sultan Mehmetin özü qılır. Cümhuriyyәt dövrünәdәk mәscid olaraq istifadә edilәn Aya Sofya 19-cu әsrdә Sultan Әbdulmәcidin әmri ilә Fossatti qardaşları tәrәfindәn bәrpa etdirilir. Aya Sofya Atatürkün qərarı ilә 1934-cü ildәn etibarәn Bizans müzeyi olaraq fәaliyyәt göstәrmәyә başlayır. Aya Sofya 1985-ci ildә İstanbulun digər tarixi abidәlәri kimi UNESKO-nun Mәdәni İrs Siyahısına daxil edilib.

Səfərin ikinci günündə TANAP-ın baş direktoru Saltuk Düzyol mətbuat konfransı keçirdi. Saltuk Düzyol mətbuat nümayəndələrinə məlumat verdi ki, Türkiyə və Azərbaycan arasında strateji enerji əməkdaşlığının ən mühüm layihələrindən biri olan Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsi  tamamlandı: “Ərdahanın Posof qəsəbəsindən Türkiyəyə daxil olan, 20 şəhər, 67 qəsəbə və 600 kənddən keçdikdən sonra Ədirnənin İpsala qəsəbəsində Avropa sərhədinə çatdırılan 1.850 kilometrlik boru xətti Azərbaycan təbii qazını Türkiyə-Yunanıstan sərhədində Avropaya ötürəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) qaz verilməsi üçün hazır vəziyyətə gətirildi. Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı əvvəlcə Türkiyəyə, sonra isə Avropaya daşıyacaq Cənub Qaz Dəhlizinin ən mühüm həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsinin açılışı 2018-ci il iyunun 12-də beynəlxalq mərasimlə həyata keçirilmiş və 2018-ci il iyunun 30-dan etibarən Türkiyəyə kommersiya məqsədli qaz axını başlamışdır. Boru kəmərinin Əskişəhər ilə Türkiyə-Yunanıstan sərhədindəki Avropaya çıxış nöqtəsi arasında qalan hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatmış və 2019-cu ilin aprelində kəmərə sınaq məqsədilə qaz vurulmuşdur. 2019-cu il iyulun 1-dən etibarən Avropaya qaz nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP “Türkiyə, Orta Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz boru kəməri” kimi adını tarixə qızıl hərflərlə yazdı. Türkiyə-Yunanıstan sərhədində TANAP ilə birləşən TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına çatdırılacaq. Yekun investisiya qərarı qəbul ediləndə ümumi xərcləri  11,7 milyard dollar həcmində qiymətləndirilən layihənin tikinti mərhələsində maksimum səmərəlilik  nəticəsində indiyə  qədər 45% qənaət əldə edilmiş və layihə 6,5 milyard dollarlıq sərmayəyə nail olmuşdur. Digər tərəfdən, layihə çərçivəsində bu günədək TANAP boyunca sosial və ətraf mühitin mühafizəsi məqsədilə 1000-ə yaxın layihə həyata keçirilmişdir. Layihənin icrası zamanı boru kəmərinin keyfiyyətinə, ətraf mühitin mühafizəsinə, əməyin təhlükəsizliyi və sağlamlığın qorunmasına beynəlxalq standartların üzərində əməl olunmuşdur.”

Sonra “SOCAR-Türkiyə” Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin Ədirnənin İpsala qəsəbəsindəki MS4 ölçmə məntəqəsinə mediatur təşkil edildi.

“İki sahil” qəzetinin əməkdaşının da qatıldığı mediatur zamanı jurnalistlər məntəqəni gəzdirilərək, onlara layihə barəsində geniş məlumat verildi. Əraziyə daxil olmazdan öncə təhlükəsizlik tədbirlərinə ciddi qaydada əməl olundu. Jurnalistlərə bildirilib ki, məntəqəyə daxil olduqdan sonra xüsusi ərazilərdə təhlükəsizlik tədbirləri səbəbindən telefon və digər bu kimi elektronik əşyalarla  işlətmək, yanğından mühafizə geyimlərini geyinməmək qadağandır.

Bildirildi ki, Cənub Qaz Dəhlizinin son mərhələsi olan Trans-Adriatik Boru Kəməri (TAP) tamamlandıqdan sonra Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qaz Avropaya çatdırılaraq, qitənin enerji təhlükəsizliyinə töhfə verəcək.

TANAP-ın baş direktoru Saltuk Düzyol kəmərin Ədirnənin İpsala qəsəbəsindəki MS4 ölçmə məntəqəsində jurnalistlərə  bildirdi ki, enerji daşıyıcıları ilə zəngin olan Azərbaycan qapalı hövzədə yerləşdiyi üçün dünya bazarlarına birbaşa çıxışı yoxdur, Türkiyənin isə enerji ehtiyatları məhdud olsa da, okeanlara çıxışı və Avropa bazarı ilə birbaşa əlaqəsi var: “Bu iki gücün əmələ gətirdiyi möhtəşəm iqtisadi potensial ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcək.”

TANAP vasitəsilə Türkiyənin dost və qardaş ölkə Azərbaycan ilə Avropa Birliyi arasında bir enerji dəhlizi təşkil etmək istiqamətində mühüm addım atıldığını vurğulayan Saltuk Düzyol daha sonra qeyd etdi ki, eyni zamanda Azərbaycan və Türkiyə arasındakı tarixi dostluğu ticarət sahəsində də gücləndirdik: “Türkiyənin enerji sektorunun gücünə güc qatacaq TANAP vasitəsilə dost və qardaş ölkə Azərbaycan da Avropa Birliyinin mühüm qaz tədarükçülərindən birinə çevriləcək.”

TANAP-ın gündəlik ötürmə qabiliyyəti haqqında məlumat verən Saltuk Düzyol 2019-cu il sentyabrın 30-dan etibarən TANAP üzərindən Türkiyəyə nəql olunan qaz həcminin 2,7 milyard kubmetrə çatdığını əlavə etdi.

“Star” neft emalı zavodunun illik gəlirləri 6-9 mlrd. ABŞ dolları təşkil edəcək

Növbəti gün media nümayəndələri Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodu və “Petkim Petrokimya Holding A.Ş." ilə tanış oldular. Əvvəlcə Kəmalə Paşayeva İzmir şəhəri haqqında jurnalistlərə məlumat verdi: “Anadolu yarımadasının qərbində, Egey dənizi bölgəsinin ortasında yer alan və İzmir körfəzi ətrafında yerləşən şəhər, hər il İzmir Beynəlmiləl Sərgini təşkil edən mühüm bir liman şəhəridir. Qərbində Egey dənizi və Egey adaları, cənubunda Aydın, şimalında Balıkəsir, şərqində isə Manisa yerləşmişdir. İzmirin qərbində dənizi, çimərlikləri və termal mərkəzləri ilə məşhur olan Qaraburun yarımadası uzanır. Qədim dünya dövrünün ən məşhur şəhərləri arasında yerləşən Efes, Roma İmperiyası dövründə dünyanın ən böyük şəhərlərindən biri idi. Bütün İoniya mədəniyyətinin zənginliklərini özündə saxlayan Efes sıx bədii tədbirlərlə də adını eşitdirirdi. Bu məqsədlə də bu şəhər "Gözəl İzmir", "Qədim İzmir" və ya “İoniyanın İncisi” adlanırdı. İzmir, yaxtalar və gəmilərlə dolu uzun və dar bir körfəzin başında yer alır. Sahil boyunca palma, xurma palmaları və geniş prospektlər vardır. İzmir Limanı, Türkiyənin ən böyük yeddinci limanıdır.”

Növbəti gün “SOCAR Türkiyə” bir qrup jurnalistin iştirakı ilə tabeliyində fəaliyyət göstərən “Star” neft emalı zavodu və “Petkim Petrokimya Holding A.Ş."yə mediatur təşkil etdi. Mediaturun məqsədi milyardlıq layihələr barəsində ictimaiyyəti daha ətraflı məlumatlandırmaq və son zamanlar görülən işlər, əldə edilən nailiyyətlər barədə açıqlamalar vermək idi.

Əvvəlcə mətbuat konfransında “Star” NEZ-in baş direktoru Mesut İlter məlumat verdi ki, “Star” NEZ Türkiyə real sektor tarixinin ən böyük və uzunmüddətli layihə maliyyələşdirilməsi haqqında kredit sazişinin imzalanması ilə yadda qalıb: “Bu, son 60 ildə Türkiyədə inşa edilən ilk yeni neft emalı zavodudur. SOCAR tərəfindən İzmirin Əliağa bölgəsində inşa edilən STAR NEZ Türkiyənin emal olunmuş neft ehtiyacının 25%-ni təkbaşına təmin edir. İllik emal gücü 10 milyon ton xam neft olan zavodda 4,8 milyon ton dizel və 1,6 milyon ton nafta ilə yanaşı, Türkiyənin cari kəsirində xüsusi əhəmiyyətə malik olan təyyarə yanacağı və LPG kimi neft məhsulları istehsal edilir. 100-dən artıq neft çeşidini emal etməyə qadir olan “Star” zavodunun gündəlik emal gücü 214 min barrel xam neft həcmindədir.  İlk satışını 2019-cu ilin yanvarında “Petkim”ə nafta tədarük etməklə həyata keçirən “Star” NEZ 2019-cu ilin sentyabr ayından etibarən tam gücü ilə işləməyə başlayıb. Cari ilin əvvəlindən  ümumilikdə 4,5 milyon ton məhsul istehsal edən “Star” zavodu daxili bazarın tələbatını ödəməklə yanaşı məhsullarını Aralıq dənizi və Şimalı Avropa ölkələrinə də ixrac edir. “Star” NEZ-in uzunmüddətli hədəfi məhsullarını tam həcmdə daxili bazarda reallaşdırmaqdır.”

M.İlter qeyd etdi ki, zavod ildə 4,8 milyon ton dizel istehsalı ilə Türkiyənin dizel idxalından asılılığını əhəmiyyətli şəkildə azaldacaq: “Star” NEZ-də əməliyyat effektivliliyini yüksək səviyyəyə qaldırmaq məqsədilə bu yaxınlarda təxminən 600 milyon dollarlıq əlavə investisiya layihəsinin əsası qoyulub.  “Star” zavodunun anbar tutumunun artırılmasına yönəldilən bu layihə çərçivəsində mövcud 1,6 milyon kubmetrlik anbar tutumunun 2,5 milyon kubmetrə çatdırılması nəzərdə tutulur. Layihə hər biri 134 500 kubmetr olan iki xam neft çənini və hər biri 36 500 kubmetrlik ara məhsul çənlərini əhatə edir. Ümumilikdə 342 000 kubmetr anbar imkanı yaradacaq layihənin 2021-ci ildə tamamlanması gözlənilir.”

Zavod rəhbəri qeyd etdi ki, “Star” NEZ-in 2018-ci ilin oktyabrında açılışından sonra bütün qurğular mərhələli şəkildə istifadəyə verilərək istehsala başlanıldı və hazırda istehsal prosesi uğurla davam etdirilir: “İlk məhsul satışı 2019-cu ilin yanvarında “Petkim”ə nafta verilməsi ilə həyata keçirildi. “Star” NEZ-in əsas hədəfi “Petkim” ilə inteqrasiya yaratmaqdır. Zavod “Petkim”in yaxınlığında inşa edilmişdir və iki nəhəng kompleks boru kəmərləri vasitəsilə bir-birinə bağlanıb. 2019-cu ilin ilk yarısında zavoddan “Petkim”ə 260 000 ton nafta tədarük edilmişdir. Ehtiyac duyduğu xammalın “Star” zavodunda istehsal edilməsi səmərəli və davamlı təchizatı təmin etməklə “Petkim”in istehsalat imkanlarını və keyfiyyətini artırır. Bundan başqa, dəniz vasitəsilə nafta idxalının dayandırılması nəticəsində, “Petkim”in yükləmə limanında sıxlıq azalıb və ixrac mallarının yüklənməsi asanlaşıb.”

“Petkim” ötən il 78 ölkəyə məhsul sataraq bütün dövrlərin rekorduna imza atıb

Sonra "Petkim Petrokimya Holding A. Ş."nin baş direktoru Anar Məmmədov keçirdiyi mətbuat konfransında jurnalistlərə bildirdi ki, dünyanın köklü neft hasilatçıları arasında yer alan SOCAR 2008-ci ildə “Petkim”in səhmlərinin 51%-ni Özəlləşdirmə İdarəsindən 2 milyard 40 milyon dollara satın alaraq Türkiyədə fəaliyyətə başladı: "Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi “Petkim”də ümumilikdə 2 500 adam işləyir. " Petkim”in ardınca 400 milyon dollarlıq “SOCAR Terminal”, 6,3 milyard dollarlıq “Star” neft emalı zavodu və 600 milyon dollarlıq anbar investsiyasını, eləcə də 6,5 milyard dollarlıq TANAP layihəsini həyata keçirən SOCAR-ın Türkiyədəki ümumi investisiya yatırımının həcmi 15 milyard dolları ötüb. Hazırda davam edən layihələr ilə bu rəqəmi 19,5 milyard dollara yüksəldəcək şirkət investisiya layihələrini başa çatdırdıqdan sonta Türkiyənin üç böyük holdinqindən biri, sənaye sahəsində isə birincisi olmağı planlaşdırır.

Qeyd olunan investisiya layihələri iki qardaş ölkənin - Azərbaycan və Türkiyənin iqtisadi əməkdaşlığına böyük töhfə verir. Türkiyənin neft-kimya sektoru çox böyük imkanlara malikdir və hər il 6-7% böyüyür. Ölkənin neft-kimya məhsulları istehsal edən yeganə inteqrasiya olunmuş müəssisəsi “Petkim”dir. “Petkim” bu gün Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının yalnız 20%-ni təmin edə bilir.

Genişlənmə potensialı çox yüksək olan bu sektorda tələbatın ödənilməsi məqsədilə böyük sərmayələr qoyulur. 2008-ci ildən bəri SOCAR hər il “Petkim”ə təxminən 100 milyon dollar həcmində sərmayə yatırıb və onun əlavə investisiyalarının ümumi həcmi 1 milyard dollara çatıb".

A.Məmmədov diqqətə çatdırdı ki, "Petkim”in 15 əsas və 6 köməkçi obyektində istehsal olunan 60 növ müxtəlif məhsul kiçik və orta müəssisələr də daxil olmaqla 6000 istehsalçı tərəfindən istifadə olunur: "Məhsullarına yüksək tələbat olan bu şirkət 2018-ci ili 872 milyon TL həcmində mənfəətlə başa vurub. 2019-cu ilin ilk 6 ayında isə fəaliyyət göstərdiyi bütün dövrlərin ən böyük məhsuldarlığını nümayiş etdirib və istehsal rekorduna imza atıb. Belə ki, cari ilin ilk yarısında 5,9 milyard Türkiyə lirəsi (TL) həcmində gəlir, 439 milyon TL həcmində xalis mənfəət əldə edilib. Ötən 6 ayda “Petkim”in faiz, amortizasiya və vergidən əvvəlki mənfəəti (EBITDA) 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26% artaraq 890 milyon TL-yə çatıb. 2018-ci il rəqəmsallaşma və infrastruktur işləri baxımından “Petkim” üçün həlledici il olub. Sənaye 4.0 parametrləri ilə istehsalda qabaqcıl analitik texnologiyaların və süni intellektin tətbiqinə başlanılıb. Bu istiqamətdə görülən işlər 2019-cu ildə öz bəhrəsini verib. “Petkim”in rəqəmsallaşma işləri ilə məşğul olan komandası bu vaxtadək 40-dan çox layihə həyata keçirib. Bu layihələr kompyuter təhsili, süni intellekt, görüntü tanıma, proseslərin robotlaşdırılmış avtomatizasiyası kimi texnologiyaların tətbiqi vasitəsilə reallaşdırılıb. Yeniliklərdən biri də Etilen fabrikində tətbiq olunan Etilen Soba Optimallaşdırma Modelidir (EFOM). Əvvələr həftədə bir dəfə 8 soba işlətmə ssenarisi həyata keçirilirdisə, bu layihə nəticəsində hər 15 dəqiqədən bir 54 milyard ssenarinin istehsalı mümkün olub ki, bunların da arasından “Petkim” üçün ən uyğun və ən məhsuldar ssenari seçilərək həyata keçirilir. Yeni layihələr maliyyə baxımından da səmərəlidir. “Petkim” bütün şirkətdə tətbiq olunması nəzərdə tutulan layihə ilə Türkiyə və Azərbaycanın ən rəqəmsal şirkəti olması isiqamətində addım-addım irəliləyir."

Anar Məmmədov məlumat verdi ki, “Petkim” 2019-cu ilin ilk yarısında “Star” neft emalı zavodundan 260 min ton xammal alıb: "Öz nafta tələbatını, demək olar ki, tam həcmdə ödəməklə “Star” NEZ-lə sinerji yaratmağı, beləliklə də ortamüddətli bir perspektivdə məhsuldarlığını artırmağı planlaşdırır. Ötən ilin son rübündə aparılan yenidənqurma işlərindən sonra yüksək istehsal göstəricisinə nail olan “Petkim” cari ilin ikinci rübündə istehsal gücünü 100%-ə çatdırmışdır. 2019-cu il həm rəqəmsallaşma, həm də “Star” NEZ ilə inteqrasiya istiqamətində görülən işlərin nəticəsi baxımından mühüm əhəmiyyət daşıyır".

A.Məmmədov bildirdi ki, yeni bazarlara çıxış istiqamətində strategiya hazırlayan “Petkim” ötən il 78 ölkəyə məhsul sataraq bu sahədə də bütün dövrlərin rekordunu vurub: “Bu uğur şirkətə Egey İxracatçılar Birliyi tərəfindən verilən “İlin ən çox ixracat həyata keçirən şirkəti” və “Kimya sektorunda ən çox ixracat həyata keçirən şirkət” mükafatlarını qazandırdı. Hindistan və İspaniya kimi mühüm neft-kimya bazarlarının hədəfə alınması da bu uğura xüsusi təsir göstərib. Bu ölkələrdə müştəri nümayəndəliyi yaradılıb və Hindistanda 43, İspaniyada isə 22 yeni müştəri qazanılıb. Dörd ildə bir həyata keçirilən planlaşdırılmış texniki nəzarət səbəbindən 2 ay istehsala ara verildi, bu müddətdə optimal saxlama və kommersiya məhsulu alım planlaması ilə müştərilərin bütün tələbləri ödənildi. “Petkim” Türkiyədə istehlak edilmədiyi və ya məhdud istehlak edildiyi üçün daxili bazara təqdim olunmayan benzol, C5 və paraksilen kimi məhsulların hamısını və ya böyük bir hissəsini birbaşa ixrac edir. İstehsal potensialı və bazar payının yüksək olduğu aşağı sıxlıqlı polietilen və ftal anhidridi kimi məhsulların da müntəzəm ixracı həyata keçirilir. Bundan əlavə, ixracatda rəqabət gücünü artırmaq məqsədi ilə ticarətlə məşğul olanlarla yanaşı, son istehlakçılara birbaşa çatdırılma işlərinə də xüsusi əhəmiyyət verilir.”

Jurnalistlərə məlumat verildi ki, Türkiyənin bərpaolunan enerji potensialının mümkün qədər effektiv şəkildə istifadə olunması məqsədi ilə 2018-ci ildə 51 meqavat gücə malik Petkim Külək Enerjisi Stansiyası (KES) istifadəyə verildi: "Eyni zamanda Türkiyədə karbon emissiyasının azaldılmasına töhfə verməyə başlayan “Petkim KES” “Petkim”in kogenerasiya obyektinin elektrik istehsalı potensialını 23% artırdı. Tikintisinə 55 milyon avroya yaxın vəsait sərf olunan “Petkim KES”-də 17 külək turbin generatoru ilə ildə təxminən 200 giqavat/saat elektrik istehsal olunur. Səhmlərinin 70%-i “Petkim”ə məxsus olan Petlim Konteyner Limanının idarəçiliyi APMT-dən “SOCAR-Türkiyə”yə keçdikdən sonra liman 2019-cu ilin martından etibarən “SOCAR Terminal” kimi fəaliyyət göstərməyə başladı. İldə 1,5 milyon TEU potensialı ilə Egey bölgəsinin ən böyük konteyner terminalı olan “SOCAR Terminal” 400 milyon dollar investisiya ilə gerçəkləşdi. Böyükmiqyaslı Təşviq Sənədi çərçivəsində dəstəklənən “SOCAR Terminal” bu gün SOCAR-ın inteqrasiya planlarının logistik əsasını təşkil edir."

Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən mətbuat konfransından sonra jurnalistlər zavodların ərazisində oldular və qurulan infrastruktur ilə yaxından tanış edildilər.

Orxan Vahidoğlu, “İki sahil”
Bakı-İstanbul-İzmir-Bakı