19 aprel 2019 10:32
783

SOCAR-ın təlim-tədris mərkəzlərinin mühüm rolu - FOTO

SOCAR-ın təlim-tədris mərkəzləri peşə təhsilinin nüfuzunun artmasında mühüm rol oynayır

Qloballaşma fonunda cəmiyyətin formalaşdırdığı intellektə və biliklərə söykənən müasir dövrdə hər bir ölkənin sosial-iqtisadi və mədəni inkişafı onun malik ola biləcəyi səmərəli təhsil sistemindən asılıdır. Hazırda əmək bazarında rəqabətədavamlı yüksək ixtisaslı kadrlara yaranan və gündən-günə artan tələbatı ödəmək qabiliyyətinə malik yeni tip pilləli təhsil komplekslərinin yaradılması ən vacib məsələ kimi ön plana çəkilir.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsinə dair Fəaliyyət Planına uyğun olaraq peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması prosesi bu müəssisələrin birləşdirilməsi və müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması yolu ilə həyata keçirilir. Regionda həyata keçirilməkdə olan layihələr və perspektivlər SOCAR-ın daxilində və onun fəaliyyət dairəsindən kənarda texniki peşə hazırlığı sistemində köklü dəyişikliklərin aparılmasını, eləcə də Şirkətin təlim mərkəzlərində kadr hazırlığı keyfiyyətinin yüksəldilməsini və müasir dövrün tələblərinə cavab verən konseptual yanaşmaların tətbiqini zəruri edib.

Azərbaycanda texniki-peşə təhsilinin inkişaf  tarixinin təhlili göstərir ki, bu təhsil pilləsi cəmiyyətin müxtəlif inkişaf mərhələlərində formalaşaraq tarixi bir yol keçmiş və respublika iqtisadiyyatının bütün sahələrinin ixtisaslı fəhlə kadrlarına olan tələbatının ödənilməsində mühüm rol oynayıb. Neft, qaz və neft-kimya sənayesində kadr potensialının möhkəmləndirilməsi, idarə və müəssisələrdə beynəlxalq standartlar əsasında peşə fəaliyyətinin yüksək səviyyədə təşkili, habelə sənayedə ixtisaslı fəhlə-texnik kadrlarının hazırlanması ilə əlaqədar SOCAR-ın prezidenti Rövnəq Abdullayevin 2011-ci il 30 iyun tarixli əmri ilə Şirkətin birbaşa nəzdində fəaliyyət göstərən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) yaradılıb. 2005-ci ildən etibarən innovativ texnologiyaların tətbiqinə, təlim-tədrisin müasir metodlarla idarə olunmasına və irimiqyaslı təhsil proqramlarına dəstək göstərən SOCAR rəhbərliyi bu idarənin maddi-texniki bazasının inkişafını və ixtisaslı kadrlarla təminatını diqqət mərkəzində saxlayıb. Peşə təlimi prosesində və sertifikatlaşdırma sahəsində ayrı-ayrı yeniliklərin nəinki SOCAR-ın struktur bölmələrində, eləcə də ölkəmizin digər sənaye müəssisələrində tətbiqi idarənin strateji hədəflərinə xidmət edir.

SOCAR-ın müəssisələrinin, kənar təşkilatların və fiziki şəxslərin sifarişləri əsasında Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən həyata keçirilən kadr hazırlığı geniş bir proses olaraq ayrı-ayrı mərhələləri özündə əks etdirir. Ehtiyac duyulan mühəndis-texniki ixtisaslar üzrə təlim sifarişlərinin verilməsi, təlim planları və proqramlarının hazırlanması, təlimlərin keçirilməsi, tədrisin keyfiyyətinə nəzarətin aparılması ilə bərabər, işçilərin ixtisasartırma, yenidən hazırlanma və ikinci peşəyə yiyələnmə kurslarında iştirakının təşkili, onların bilik səviyyələrinin yoxlanılması, işçilərin vəzifədə irəli çəkilməsi üçün attestasiyaların keçirilməsi, vəzifə təlimatlarının və peşə standartlarının hazırlanması, ölkə daxilində və xaricində keçirilən təlimlərdə və seminarlarda təcrübə mübadiləsi və s. kadr hazırlığı işinin tərkib elementləridir.

Beş təlim mərkəzindən, qaynaq sexlərindən və sınaq laboratoriyalarından ibarət olmaqla Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi SOCAR-ın idarə və müəssisələrinin ixtisaslı fəhlə kadrları ilə təmin olunması və mühəndis-texniki işçilər üçün təlim kurslarının keçirilməsi ilə əsasən 2 istiqamətdə kadr hazırlığı işini təşkil edir. SOCAR-ın tərkibində neft, qaz və neft-kimya sənayesində müxtəlif peşələr üzrə ixtisaslı fəhlə kadrları hazırlayan təlim-tədris mərkəzləri ölkəmizin peşə təhsilinin nüfuzunun artmasında mühüm rol oynayır. Bu təlim mərkəzlərində təhsil alan dinləyicilərə aylıq təqaüdün verilməsi, gündəlik naharın və xüsusi geyim formalarının təmin edilməsi və SOCAR-ın müəssisələrində istehsalat təcrübəsinin təşkili digər təlim qurumları ilə müqayisədə üstün cəhətlər hesab olunur.

Kadr Hazırlığının Təşkili Mərkəzində (KHTM) dinləyicilərə 6 müxtəlif istiqamətdə - ixtisasartırma, yenidən hazırlanma, ikinci peşəyə yiyələnmə, maarifləndirmə, təlimatlandırma kursları və yeni fəhlə kadrlarının hazırlanması istiqamətində 400-ə qədər ixtisaslar üzrə təlimlər təşkil olunur. Mərkəzin yeni mühəndis təlim korpusunda SOCAR-ın mühəndis-texniki işçiləri üçün müxtəlif istiqamətlərdə təkmilləşdirmə kursları (metrologiya, texnologiya, mexanika, energetika, idarəetmə, SƏMTTE, informasiya texnologiyaları, qaynaq mühəndisliyi, qeyri-destruktiv müayinə, emal, avtomatik idarəetmə sistemləri/PLC, neft-qaz hasilatı, qazma, geologiya) təşkil olunur.

Neft-qaz, neft-kimya və digər əlaqədar sektorlarda sağlamlıq, əməyin mühafizəsi, ətraf mühit və iş yerlərində texniki təhlükəsizliyin idarə edilməsi üçün Böyük Britaniyanın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İnstitutunun (IOSH) “Təhlükəsiz idarəetmə” təlim kursunun istehsalat proseslərinə tətbiqinin əhəmiyyətini nəzərə alaraq, SOCAR-ın strukturuna daxil olan bütün müəssisə və təşkilatlarda əməyin mühafizəsi və təhlükəsizlik texnikası (ƏMTT) sahəsində fəaliyyət göstərən əməkdaşların və istehsalata bilavasitə cavabdeh olan rəhbər işçilərin beynəlxalq standartların tələblərinə uyğun olaraq ƏMTT üzrə hazırlıq səviyyəsinin artırılması üçün KHTM-də 4 mərhələli ingilis dili kursları təşkil edilir. Sözügedən kursları bitirdikdən sonra mütəxəssislər “Təhlükəsiz idarəetmə” üzrə beynəlxalq təlimə cəlb olunacaqlar. Bu məqsədlə SOCAR-da işləyən 1190 nəfər mütəxəssis üçün “Təhlükəsiz idarəetmə” proqramı əsasında hazırlanmış ƏMTT kursları təşkil olunur. Dərslər 2 istiqamətdə - nəzəri və praktiki formada keçirildikdən sonra dinləyicilər həm praktiki, həm də nəzəri imtahan verərək müvafiq sertifikata layiq görülürlər. Bu beynəlxalq kursun təşkili iş yerlərində risklərin azaldılmasına, işlərin təhlükəsiz şəkildə idarə edilməsinə, qəza araşdırmalarının həyata keçirilməsinə, iş rejimində təhlükələrin müəyyən edilməsinə və təshihedici tədbirlərin yerinə yetirilməsinə zəmin yaradır.

2017-ci ildən etibarən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən razılaşdırılmış tədris plan-proqramına əsasən, SOCAR-ın müəssisələrində təhlükəli yüklərin qəbulu və yola salınması sahəsində işləyən mütəxəssislər üçün xüsusi risk qrupuna aid kurslar təşkil olunur. Kursda əsasən dinləyicilərə təhlükəli yüklərin daşınması, yüklərin boşaltma və saxlanma prosesində ətraf mühitə zərər vura bilən, partlayışa, yanğına və ya nəqliyyat vasitələrinin, qurğuların, binaların zədələnməsinə, habelə insanların və heyvanların məhvinə, xəsarət almasına, zəhərlənməsinə, yanmasına, şüalanmasına və yaxud xəstələnməsinə səbəb olan maddələr və.s. mövzular haqqında məlumat verilir.

Eyni zamanda, SOCAR-ın müəssisələrində çalışan qeyri-destruktiv müayinə (NDT) mütəxəssisləri üçün “Ultrasəs müayinə metodu”, “Penetrant müayinə metodu”, “Rentgen müayinə metodu”, “Maqnit müayinə metodu” beynəlxalq standartı üzrə kurslar, habelə mühəndis-texniki işçilər üçün “Tullantıların idarə olunması”, “Qazma işləri aparılan zaman ətraf mühitə təsir edən tullantıların idarə olunması”, “SOCAR-ın ekoloji siyasəti” və digər mövzularda təlimatlandırma kursları keçirilib.

2018-ci ildən etibarən KHTM-in sifarişi əsasında İTRİ-də SAP proqramı əsasında SAP MM-”Materialların idarə edilməsi modulu”, SAP Fİ - “Maliyyə uçotu modulu”, SAP SD - “Satış və çatdırılma modulu”, SAP PM - “Texniki xidmət və təmir modulu”, SAP OPENTEXT - “Elektron Sənəd Dövriyyəsi Sistemi”, SAP HR - “İnsan Resursları funksiyalarının tənzimlənməsi” və SAP PS - “layihələrinin idarə olunması modulu” üzrə kurslar təşkil olunur. Həmçinin, Bakı Ali Neft Məktəbinin bütün tələbələrinə idarəetmə sisteminin düzgün qurulması, şirkətlə işçi arasında vəhdət və münaqişələrin həll edilməsi, etik qərar qəbulu prosesi, özünü qiymətləndirmə, komandada işləmə bacarığı, fəaliyyətin monitorinqi, təşəbbüskarlıq və novatorluq bacarığı, işçi heyəti ilə ünsiyyətin düzgün qurulması məqsədilə 252 nəfər üçün “Peşə etikası” kursları təşkil olunub. Cari ilin oktyabr-noyabr ayında bu tələbələr üçün “Liderlik” kursunun keçirilməsi nəzərdə tutulur.

2018-ci ilin may ayında SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən ayrı-ayrı peşələr və ixtisaslar daxilində tədris edilən kursların yekun göstəricisi olaraq 100000-ci Sertifikat “Müasir elektron ölçü vasitələrinin ölçü qovşaqlarının və standartlarının tətbiqi” ixtisasartırma təlim kursu üzrə təhsil alan “Azneft” İstehsalat Birliyinin 28 May NQÇİ-nin İstehsalat proseslərinin avtomatlaşdırılması üzrə xidmət sahəsinin böyük mühəndisi Aftil Əliyevə təqdim edilib.

KHTM-də 2018-ci il ərzində 5609 nəfər dinləyici kursları bitirib və attestasiyadan keçib.

Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzində (DİHMÜTM) Beynəlxalq Dəniz Təşkilatının (IMO) “Dənizdə insan həyatının mühafizəsi” üzrə Beynəlxalq Konvensiyasının (SOLAS-74), “Dənizçilərin hazırlanması, onlara sertifikatların (diplomların) verilməsi və növbə çəkmə”yə dair Beynəlxalq Konvensiyasının (STCW-78) və “Dəniz neft-qaz qurğularının heyətlərinin hazırlanmasına dair Tövsiyə” adlı Qətnaməsinin (Qətnamə A.891 (21)), Dəniz Neft-Qaz Sənayesi üzrə Təlim Təşkilatının (OPITO) standartlarının, və Beynəlxalq Dəniz Podratçıları Assosiasiyasının (IMCA) tələblərinə uyğun olaraq 46 adda yenidənhazırlanma, təlimatlandırma, maarifləndirmə, təkmilləşdirmə və ixtisasartırma kurslarının tədrisi və təlimlərin təşkili həyata keçirilir.

DİHMÜTM-də praktiki təlimlər ixtisaslaşmış hovuz təlim kompleksində, dəniz akvatoriyasında yerləşən və müxtəlif tipli kollektiv xilasetmə vasitələri ilə (sürətli və sürətli olmayan xilasedici qayıqlar) təchiz edilmiş sağqalma üzrə xilasedici təlim bloklarında, xilasedici və sürətli qayıqlarda, xilasedici sallarda, müvafiq yanğın qurğuları, tüstü labirintləri və yanğınla mübarizə trenajorları ilə təchiz olunmuş yanğın təlim poliqonunda; dalğıc kompleksində, dalğıclar üçün nəzərdə tutulmuş barokamerada, dalğıc sinfində və inzibati binada yerləşən tibb trenajorunda aparılır.

Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzi Böyük Britaniyanın Neft Sənayesi sahəsində Dəniz Təlim Təşkilatının (OPITO) stolüstü və sahə auditi prosedurlarını müvəffəqiyyətlə başa vuraraq Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim (BOSIET), batmaqda olan helikopterdən təxliyə üzrə təlim (HUET) və dənizdə fövqəladə hallarda davranış üzrə təkrar təlim (FOET) kurslarının keçirilməsi üçün akkreditasiya edilib və Xəzər dənizi regionunda təlim xidmətlərinin təminatçısı kimi OPITO şəbəkəsinin azsaylı üzvlərindən birinə çevrilib. OPİTO akkreditasiyası SOCAR-ın dəniz neft-qaz platformalarında və qurğularında çalışan məsul işçi heyətinin və kənar təşkilatların mütəxəssislərinin sağlamlıq, təhlükəsizlik texnikası, əməyin mühafizəsinin idarə edilməsi, habelə istehsalat obyektlərində qəza və qəzaya yaxın vəziyyətlərdə və risklərə nəzarət sahələrində mövcud ehtiyaclarının təmin olunmasına xidmət edir. DİHMÜTM-də keçirilən BOSIET təlim kursunu uğurla bitirmiş 600-dən çox dinləyici artıq OPITO-nun məlumat bazasına daxil edilib.

SOCAR-ın regionda həyata keçirdiyi irimiqyaslı layihələr çərçivəsində dəniz istehsalat obyektlərində dalğıc əməliyyatlarını yerinə yetirən işçilərin peşə hazırlığı baxımından Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi dünyanın 1000-dən çox şirkətini, o cümlədən neft-qaz şirkətlərini, podratçıları, təchizatçıları, dənizdə bərpa oluna bilən enerji mənbələrini təmin edən qurumları, çoxsaylı qeyri-hökumət təşkilatlarını öz ətrafında birləşdirən və IMO-da məşvərətçi statusuna malik olan Beynəlxalq Dəniz Podratçıları Assosiasiyasının (IMCA) Dalğıc kateqoriyası üzrə təlim qurumu qismində üzvlüyünə qəbul edilib.

DİHMÜTM-də 2018-ci il ərzində 3661 nəfər dinləyici kursları bitirib və attestasiyadan keçib.

Qaradağ rayonu və ətraf ərazilərdə yaşayan vətəndaşların peşə təhsili ehtiyaclarının təmin edilməsi məqsədilə 2013-cü ildən etibarən Qobustan Regional Təlim Mərkəzi (QRTM) fəaliyyət göstərir ki, bu mərkəzdə fənn kabinələri (nəzəri otaqlar və emalatxanalar) ən müasir avadanlıqlarla komplektləşdirilmiş və beynəlxalq standartların tələblərinə cavab verən qaynaq emalatxanası yaradılıb. Mərkəzdə qazma simulyatoru, kran simulyatoru, karotajçıların hazırlanması üçün VEBER-1 stansiyası, hasilat simulyatoru, kimyəvi analiz laboratoriyaları, 3-D qaynaq simulyasiya aparatları və PLC (proqramlaşdırıla bilən məntiqi kontroller) otağı qurulub.

Həmçinin, ötən dövrdə QRTM 1878-ci ildə Böyük Britaniyada əsası qoyulan, dünyanın 6 regionunda (Avropa, Yaxın Şərq, Asiya, Sakit Okeanı, Afrika, Amerika) 100-dən çox ölkədə 1300 nəfərlik işçi heyətindən və 200 nəfərlik təlim məsləhətçi şəbəkəsindən ibarət olmaqla, 350-dən çox işəgötürəni öz ətrafında birləşdirən, sənayenin 28 sektorunda 600 ixtisas üzrə ildə təxminən 1000000 sertifikat təqdim edən və hazırkı dövrədək 10000-dən çox təlim mərkəzini akkreditasiya edən qlobal səviyyədə nüfuza malik City & Guilds Group Kvalifikasiya qurumu (The City and Guilds of London Institute) tərəfindən akkreditasiya edilib, eləcə də Mərkəzin tədris etdiyi 3 ixtisas (Avadanlıqlara texniki xidmət; Qaynaq-quraşdırma; Elektrik-elektronika) beynəlxalq təşkilat tərəfindən tanınıb.

Mərkəzdə təhsil almış şagirdlərin arasında Heydər Əliyev Fondunun dəstəyi ilə uşaq evlərindən gələn gənclər də vardır ki, onlara SOCAR rəhbərliyi tərəfindən xüsusi qayğı ilə yanaşılır. Yeri gəlmişkən, bugünədək uşaq evlərindən gələn 113 nəfər gənc İdarənin təlim kurslarını başa vurduqdan sonra iş və ev ilə təmin olunub.

QRTM-də 2018-ci il ərzində 113 nəfər dinləyici kursları bitirib və attestasiyadan keçib.

Sumqayıt Təlim, Tədris Mərkəzi (STTM) Sumqayıt şəhərində yerləşən “Azərikimya” İB-nin və digər müəssisələrin kadr hazırlığına olan tələbatını ödəyir. 2017-ci ildə Mərkəzdə Yaponiyanın tanınmış “Yokogawa Electric Corporation” şirkətinin (Yokogawa Electric CİS Ltd - MDB ölkələri üzrə baş ofisi) dəstəyi ilə müasir avtomatik idarəetmə sistemləri üzrə təlim otağı qurulub ki, bu da avtomatik idarəetmə sistemləri, proqram təminatı, CENTUM və ProSafe sistemləri üzrə təlimlərin keçirilməsi üçün nəzərdə tutulub. Burada əsas məqsəd Azərbaycanda avtomatika və nəzarət-ölçü cihazları sahəsində ən son texnologiyaların tətbiqi və yerli mütəxəssislərin bu sahələr üzrə biliklərinin artırılmasıdır.

STTM-də 2018-ci il ərzində 504 nəfər dinləyici kursları bitirib və attestasiyadan keçib.

Ümumiyyətlə, İdarənin təlim mərkəzlərində OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi”, İSO 9001:2015 “Keyfiyyət idarəetmə sistemi”, İSO 14001:2015 Ekologiya idarəetmə sistemi”, İSO 31000 “Risklərin idarə edilməsi sistemi”, İSO 50001:2009 “Enerji idarəetmə sistemi”, İSO/İEC 27001:2013 “İnformasiya təhlükəsizliyi”, İSO 17024 “Personal sertifikatlaşdırılmasını həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar” və İSO 17025 “Sınaq və kalibrasiya laboratoriyalarının bacarıqlılığı üçün ümumi şərtlər” beynəlxalq standartları üzrə kurslar təşkil olunur.

2017/2018-ci tədris ili üzrə SOCAR-ın müəssisə və təşkilatlarının sifarişinə uyğun olaraq 2017-ci ilin sentyabr ayından başlayaraq müvafiq Qəbul Komissiyası tərəfindən keçirilən imtahanın nəticələrinə əsasən Sumqayıt təlim, tədris mərkəzinə 7 ixtisas üzrə 60 şagird, Qobustan regional təlim mərkəzinə 10 ixtisas üzrə 86 nəfər şagird (4 nəfər uşaq evi) və Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinə “I-II dərəcə iş qrupu üzrə IV dərəcəli dalğıc hazırlanması” ixtisasına 10 nəfər şagird qəbul edilib ki, onlar da imtahanları müvəffəqiyyətlə verərək sertifikatlara layiq görülüblər.

Bununla yanaşı, 2018/2019-cu tədris ili üzrə Qəbul Komissiyası tərəfindən keçirilən imtahanın nəticələrinə əsasən Sumqayıt təlim, tədris mərkəzinə 7 ixtisas üzrə 99 şagird (3 nəfər uşaq evi), Qobustan regional təlim mərkəzinə 5 ixtisas üzrə 57 nəfər şagird (1 nəfər uşaq evi) və Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinə “I-II dərəcə iş qrupu üzrə IV dərəcəli dalğıc hazırlanması” ixtisasına 1 ixtisas üzrə 2 qrupda 20 nəfər şagird və Kadr hazırlığının təşkili mərkəzinə 4 ixtisas üzrə 38 nəfər şagird qəbul edilib.

Qala Təlim, Tədris Mərkəzi (QTTM) mühafizə işinin təkmilləşdirilməsi üzrə əsas təlim bazası olmaqla yanaşı, tədris proqramlarının keyfiyyətlə işlənib hazırlanmasına, şəxsi heyətin peşəkarlıq və mənəvi-psixoloji səviyyəsinin artırılmasına xidmət edir. QTTM-də yerləşən təlim obyektləri və sahələri mühafizə hazırlığının tələblərinə cavab verməklə yanaşı, müasir texnika və avadanlıqlarla təchiz olunub.

QTTM-də 2018-ci il ərzində 785 nəfər dinləyici kursları bitirib və attestasiyadan keçib.

Neft-qaz sənayesinin, tikintinin və nəqliyyatın ayrı-ayrı sahələrində metal konstruksiyaların hazırlanması, boru kəmərlərinin çəkilməsi üçün əsas texnoloji proseslərdən biri də qaynaq işləridir. SOCAR-da çalışan qaynaqçıların attestasiyası, sertifikatlaşdırılması, yeni işə qəbul olunacaq qaynaqçıların praktiki sınağı və s. bu kimi işlər TTSİ tərəfindən aparılır. Hazırda idarədə müxtəlif təşkilat, müəssisə və fərdi müraciətlər əsasında qaynaqçıların 7 müxtəlif metod üzrə (əllə elektrik qövs qaynağı, metal-qövs inert qaz qaynağı, metal-qövs aktiv qaz qaynağı, aktiv qoruyucu qazla bütöv tel metal qövs qaynağı, volfram inert qaz-qövs qaynağı, oksigen asetilen qaynağı və polietilen qaynağı) sertifikatlaşdırılması həyata keçirilir. Qaynaqçılara “SOCAR” və ya beynəlxalq “TÜRKAK” loqolu sertifikatlar təqdim olunur. Eyni zamanda, qaynaq tikişlərinin keyfiyyəti müxtəlif fiziki (radioqrafiya, ultrasəs, maqnit tozu və penetrant) və mexaniki (dartma, əymə, bərklik və zərbə özlülüyü) üsullarla yoxlanılır.

QİSŞ-də 2018-ci il ərzində 832 nəfər attestasiyadan keçib və işə qəbul üzrə peşə sınağına cəlb edilib.

Ümumilikdə, idarə üzrə 2018-ci il ərzində kursları bitirib və attestasiyadan keçmiş dinləyicilərin və şagirdlərin sayı 11504 nəfər olub.

Hazırkı dövrədək cəmi 106993 nəfər dinləyici (KHTM - 46987 nəfər, DİHMÜTM - 40761 nəfər, STTM - 4236 nəfər, QTTM - 6722 nəfər, QRTM - 1335 nəfər və QİSŞ - 6952 nəfər) idarənin təlim mərkəzlərində ayrı-ayrı istiqamətlərdə təlim kurslarına cəlb edilib və onların peşə bacarığı yoxlanılıb. Həmin 106993 nəfərin 7923 nəfəri 2011-ci ilə qədər, 99070 nəfəri isə 2011-ci ildən sonra keçirilən kurslarda, təlimlərdə və attestasiyada iştirak edib. Həmçinin, 2005-2018-ci illər üzrə yeni fəhlə kadrlarının hazırlanması kurslarını bitirmiş şagirdlərin sayı 2364 nəfər olub (KHTM - 836 nəfər, DİHMÜTM - 46 nəfər, STTM - 511 nəfər, QRTM - 971 nəfər).

İdarə “İSO 29990: 2010 Qeyri-formal təhsil və təlim üzrə öyrənmə xidmətləri - Xidmət göstərənlərə dair ilkin tələblər” beynəlxalq standartını tətbiq etməklə, sertifikatlaşdırmanı həyata keçirmiş olduğu müəssisənin daxili və xarici bazarda müsbət imicinin formalaşmasına, idarəetmədə daha müasir metodların istifadəsinə, sifarişçilərin tələblərinə uyğun olaraq sənədləşdirmə işlərinin aparılmasına, işlərin təhlükəsiz şəraitdə, ətraf mühitə ziyan vurmadan və keyfiyyətlə yerinə yetirilməsinə, uyğunsuzluqların vaxtında aşkar edilməsinə və aradan qaldırılmasına, komanda şəklində işləmək bacarığının təkmilləşdirilməsinə və davamlı sifarişçi-podratçı münasibətlərinin qorunub saxlanılmasına öz töhfəsini verir. Sertifikatlaşma sahəsində yerinə yetirilən irimiqyaslı işlərdən biri də SOCAR-ın müəssisələrində yeni İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi və İSO 14001:2015 Ətraf Mühitin Mühafizəsinin İdarəedilməsi Sisteminin tətbiqinə metodiki dəstəyin göstərilməsindən ibarətdir.

2018-ci ildə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin qaynaq mərkəzləri və sınaq laboratoriyaları DVS 1102 direktivinin tələbləri əsasında Technischer Überwachungs-Verein (TÜV) Thüringen e.V. şirkəti tərəfindən attestasiya edilib. Attestasiyanın yekunlarına əsasən, İdarədə fəaliyyət göstərən qaynaq emalatxanalarının qaynaqçıların hazırlanması üzrə texniki standartlara uyğunluğu təsbit olunub. Bundan başqa, idarə tərəfindən yeni fəhlə kadrlarının hazırlanması üzrə tədris olunan 33 ixtisas AZS standartı əsasında akkreditasiya edilib.

2018-ci ilin aprel ayında SOCAR-ın Nəqliyyat İdarəsi TTSİ-nin metodiki dəstəyi ilə ISO 39001:2012 “Yol hərəkətinin təhlükəsizliyini idarəetmə sistemi” üzrə sertifikata layiq görülüb. Bu sertifikatın Nəqliyyat İdarəsində tətbiq olunmasında başlıca məqsəd yollarda baş verə bilən qəzaların, maddi-mənəvi itkilərin minimuma endirilməsi və yol hərəkətinin təhlükəsiz idarə edilməsinin əməkdaşlara öyrədilməsindən ibarətdir.

Ötən dövr ərzində Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi beynəlxalq təcrübənin öyrənilməsi, qabaqcıl təlim mərkəzləri ilə əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə əməkdaşların xarici ölkələrdə keçirilən təlimlərə cəlb edilməsini diqqət mərkəzində saxlayıb. Bu məqsədlə, idarənin 2 nəfər əməkdaşı Edil-Oral şirkəti tərəfindən elektrik və nəzarət-ölçü cihazları ilə işləyən mühəndis-texniki heyəti üçün təşkil olunan COMPEX (Ex-01-04) “Partlayış təhlükəli zonalarda elektrik və avtomatika avadanlıqlarının təhlükəsiz quraşdırılması, istismarı, təftişi” standartı üzrə kursda iştirak edib və sertifikatlara layiq görülüblər.

Dinamik və uğurlu inkişafla bütün sahələrdə inamla irəliləyən ölkəmizdə kadr potensialının formalaşdırılmasına yönələn diqqət və qayğı kadr hazırlığı siyasətinin icra mexanizmlərində və metodlarında özünü büruzə verir. Respublikada yaradılan müasir idarəetmə modelinin məzmunu və strukturu inkişaf tendensiyalarına uyğun olaraq yeni formada və fəal metodlarla səciyyələnən təlim mexanizmləri vasitəsilə neft, qaz və neft-kimya sənayesində çalışan bilikli, təcrübəli və səriştəli mütəxəssislərin şəxsində təzahür edir. SOCAR daxilində kadrların hazırlanması prosesi təlim nəticələrindən, işçilərin peşəkarlıq səviyyəsindən, fərdi keyfiyyət göstəricilərindən, xidməti fəaliyyətin qiymətləndirilməsindən, biliklərin yoxlanılmasından və işçilərin öz karyeralarını inkişaf etdirmələrinə təsir göstərən digər amillərdən asılıdır ki, məhz buna görə kadr hazırlığı işi rəhbərlik tərəfindən daim diqqət mərkəzində saxlanılır.