15 mart 2019 18:12
271

SOCAR bu il Rumıniyada 17 yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyadakı törəməsi “SOCAR Petroleum SA” bu il Rumıniyada SOCAR brendi altında 17 yanacaqdoldurma məntəqəsi (YDM) açmağı planlaşdırır.

Bu barədə  “Report”un sorğusuna cavab olaraq şirkətdən bildirilib.

Qeyd edilib ki, rentabelli və biznes baxımından gəlirli olan iri şəhərlərdə SOCAR məntəqələrinin sayı daha da artırılacaq. Şirkətin uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq, yaxın bir neçə ildə yanacaqdoldurma məntəqələrinin sayının 80-ə çatdırılması planlaşdırılır.

“Şirkət tərəfindən Rumıniyada uzunmüddətli inkişaf strategiyası hazırlanıb. İşlər də sözügedən proqrama uyğun davam etdirilir. Ölkə üzrə mövcud olan SOCAR brendli yanacaqdoldurma məntəqələri, əsasən, əhalinin kompakt yaşadığı və nəqliyyatın hərəkətinin sıx olduğu iri şəhərlərdə, həmçinin Mərkəzi Avropa istiqamətindəki avtomagistrallar üzərindədir. Təbii ki, hər bir məntəqədə Azərbaycanın tanıdılması istiqamətində video-çarxlar nümayiş olunur. Bununla yanaşı, YDM ərzasindəki "Nar" kafelərdə müştərilərə yerli və Azərbaycan məhsulları təqdim olunur. Azərbaycan Prezidenti İlham Əliyevin “Made in Azerbaijan” brendinin təbliği istiqamətindəki siyasətinə uyğun olaraq, bütün məntəqələrdə Azərbaycan guşəsi yaradılıb və orada ölkəmizdən gətirilən məhsulların satışı həyata keçirilməkdədir”, - məlumatda bildirilib.

Vurğulanıb ki, SOCAR bu ölkənin enerji bazarında 5 əsas oyunçudan birinə çevrilib və daxili bazarda öz mövcudluğunu qorumaqdadır.

Qeyd edək ki, 2011-ci ildən etibarən SOCAR Rumıniyada törəmə şirkəti - “SOCAR Petroleum SA”nı təsis etməklə SOCAR brendi altında yanacaqdoldurma məntəqələri vasitəsi ilə Rumıniya ərazisində neft məhsullarının topdan və pərakəndə satışına başlayıb. Rumıniyanın şimalında ilkin olaraq 12 yanacaqdoldurma məntəqəsi ilə bazara daxil olan şirkət hazırda ölkənin dörd bir tərəfini əhatə etməklə 19 regionda 42 YDM şəbəkəsinə malikdir.