02 oktyabr 2019 16:29
251

SOCAR AQŞ “Qərbi Abşeron”dakı daha bir quyunun tikintisini tamamlayıb

SOCAR AQŞ “Qərbi Abşeron” yatağındakı 10 nömrəli stasionar dəniz özülündən faktiki dərinliyi 739 metr olan 18 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, keyfiyyətlə və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

Müəssisədən AZƏRTAC-a bildirilib ki, quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir. SOCAR AQŞ növbəti quyuları da keyfiyyət, sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi (KSTTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi nəzərdə tutur.

“SOCAR AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. SOCAR AQŞ hazırda “Dayazsulu Günəşli” yatağında yerləşən 7 və 11 nömrəli, “Qərbi Abşeron” yatağının 10 nömrəli və “Bulla” yatağındakı 6 nömrəli dəniz stasionar özüllərində (DSÖ) qazma işləri aparır. Müəssisənin səhmdarları SOCAR, “Nobel Oil Services” və “Abşeron Qazma” MMC-dir.