06 sentyabr 2019 13:09
157

Sizin termik fincanınız varmı?

Almaniyanın “Döyçe Umvelthilve” ekologiya təşkilatı tərəfindən aparılmış hesablamaların nəticələri təşviş doğurur.

AZƏRTAC xəbər verir ki, bu təşkilatın araşdırmalarına görə, təkcə Almaniyada hər saatda təqribən 320 min kağız və plastik stəkan zibil vedrəsinə atılır. Bu, il ərzində 3 milyarda yaxın stəkanın tullanması deməkdir. Halbuki onların istehsalı üçün 1,5 milyard litr su, 11 min ton plastik kütlə, 64 min ton oduncaq və kiçik bir şəhərin bütün il ərzində təmin edilməsi üçün kifayət edəcək qədər enerji sərf edilir.

Təşkilatda vurğulayırlar ki, birdəfəlik qablar istehsalı üçün təkrar xammaldan yalnız qismən istifadə edilir. Bu halda su, enerji, oduncaq və kimyəvi maddələr məsrəfi cüzi dərəcədə azaldılıb. Ona görə də “bioloji parçalanan stəkanlar” deyilən qabları əslində ekoloji innovasiya hesab etmək olmaz. Hətta üzvi tullantıların tərkibində də belə qabları ayrıca çeşidləyərək yandırırlar.

“Döyçe Umvelthilve” təşkilatında belə hesab edirlər ki, özü ilə aparmaq üçün sifariş edilmiş qəhvəni rahat içmək olmaz, çünki onun ekoloji cəhətdən ziyansız olduğunu söyləmək çətindir.

Təşkilatın ekspertləri vətəndaşlara təkrar istifadə üçün nəzərdə tutulan termik fincanlara üstünlük verməyi təklif edirlər.