08 may 2019 18:12
334

Siyavuş Novruzovun işıq üzü görən kitabları mühüm əhəmiyyətə malikdir

MÜASİR MÜSTƏQİL AZƏRBAYCAN ÜMUMMiLLİ LİDER HEYDƏR ƏLİYEVİN İDEYALARI ƏSASINDA İNKİŞAF EDİR

YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun işıq üzü görən “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, “Qurtuluşdan başlayan tərəqqi” və “Xalqla iqtidarın birliyi” adlı kitabları Heydər Əliyev irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri əvəzsizdir. Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ən əsası, bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ulu Öndərin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və çağırışlarına müvafiq olaraq uğurla davam etdirilir, Azərbaycan yeni zirvələr fəth edərək möhtəşəm və parlaq nailiyyətlər qazanır.

Heç şübhəsiz ki, Heydər Əliyev irsi gələcək nəsillər üçün də zəngin xəzinədir və onun öyrənilməsi müstəsna əhəmiyyətə malikdir. Bu günə qədər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən bəhs edən çoxsaylı fundamental tədqiqat əsərləri, qiymətli kitablar, dəyərli monoqrafiyalar yazılıb və bütün bunlar böyük dövlət xadiminin, dahi siyasətçinin zəngin siyasi irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından xüsusi önəm kəsb edir.  Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzovun “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, “Qurtuluşdan başlayan tərəqqi” və “Xalqla iqtidarın birliyi” adlı kitabları işıq üzü görüb. Hər 3 kitab Heydər Əliyev irsinin öyrənilməsinə, Ümummilli Liderin ideyaları əsasında inkişaf edən müasir müstəqil Azərbaycanın keçdiyi zəngin və şərəfli tərəqqi yoluna nəzər salmağa imkan verir.

“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ”

Nəfis tərtibatda hazırlanan, elmi redaktorunun Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP Sədrinin müavini, İcra katibi, professor Əli Əhmədov olduğu “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” adlı kitabda müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin ölkədə siyasi sistemin və tolerantlığın təşəkkül tapmasında, Azərbaycanın Avropaya inteqrasiya olunmasında və iqtisadi baxımdan dirçəlməsində, siyasi plüralizm və demokratiyanın inkişafında rolundan bəhs edən məqalələr toplanıb.

“Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” adlı kitabın ön sözü Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli tərəfindən “Siyasi baxışla əməli addımların ifadəsi” başlığı altında yazılıb. Kitabda YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun müxtəlif vaxtlarda dərc olunmuş “Ümummilli Lider Heydər Əliyev və müstəqillik ideyası”, “Heydər Əliyev və müstəqilliyin əsaslarının yaradılması”, “Heydər Əliyev və Azərbaycan Konstitusiyası”, “Heydər Əliyev və Azərbaycan Konstitusiyasında insan hüquqları”, “Heydər Əliyev və Azərbaycanın siyasi sistemi”, “Heydər Əliyevin siyasi irsində partiya quruculuğu məsələləri”, “Heydər Əliyev Azərbaycanın müasir hüquq sisteminin banisidir”, “Heydər Əliyev və demokratik seçkilər”, “Heydər Əliyev Şərq-Qərb dəhlizinin yaradıcısıdır”, “Cənubi Qafqazın Avrasiyaya inteqrasiyasında Heydər Əliyev siyasəti”, “Azərbaycan Avroatlantik məkanda”, “Azərbaycanın qloballaşan dünyada mövqelərinin möhkəmlənməsi”, “Uğurlu inkişaf strategiyası”, “Azərbaycanda multikulturalizmin tarixi-ictimai ənənələri”, “Azərbaycan multikulturalizmin və islam həmrəyliyinin mərkəzi kimi” adlı məqalələri yer alıb.

Heydər Əliyev irsinin dərindən tədqiqi üçün mötəbər elmi mənbə olan kitabda Azərbaycanın zəngin dövlətçilik tarixində müstəsna yerə malik olan Ulu Öndərin xalqımız qarşısında əvəzsiz xidmətlərindən bəhs edilib. Xalqımızın gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxasının  bənzərsiz olduğunun vurğulandığı kitabda diqqətə çatdırılıb ki, əsl vətəndaş, tarixi şəxsiyyət və Ümummilli Lider kimi Heydər Əliyev millətini, torpağını fəlakətdən qurtarıb, onu çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəldib, cəmiyyətdə özünəinam hissini bərpa edib, ölkəmizdə sabitlik və firavanlığa təminat yaradıb.

“Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” adlı kitabda, həmçinin ölkəmizdə müasir hüquqi və siyasi sistemin yaradılmasında Ulu Öndərin misilsiz xidmətlərindən bəhs olunub. Kitabda əksini tapan məsələlərdən biri də Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin uğurlu dövlət quruculuğu prosesinin əsasını qoymasıdır. Bunun Azərbaycanın müasir müstəqil dövlət kimi inkişafı baxımından çox mühüm əhəmiyyətə malik olduğu bildirilib. Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı və səmərəli siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması da xüsusi vurğulanıb. Bununla yanaşı, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklərin olması, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması, vətəndaş cəmiyyətinin bərqərar edilməsi, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, müasir dövlətçilik sisteminin bərqərar edilməsi kimi məsələlər də oxucuların diqqətinə çatdırılıb.

YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” adlı kitabında Heydər Əliyevin siyasi irsində partiya quruculuğu məsələsi də geniş şəkildə öz əksini tapıb. Xüsusilə də, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyətinə xüsusi nəzər salınıb. Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsində, inkişafa, sabitliyə, tərəqqiyə xidmət edən milli məqsədlərin reallaşdırılmasında və yeni hədəflərin müəyyənləşdirilməsində misilsiz xidmətlər göstərdiyinin vurğulandığı kitabda YAP-ın bu cür ali məramlı fəaliyyəti ilə ümumxalq partiyasına çevrildiyi bildirilib.

Azərbaycanın Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf etdiyinin, ölkəmizin ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm inkişaf yolu keçdiyinin, bütün sahələrdə mühüm nailiyyətlərin əldə edildiyinin vurğulandığı kitabda həmçinin diqqətə çatdırılıb ki, ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edib. “Ulu Öndərimizin möhkəm təməllər üzərində həyata keçirdiyi müstəqil dövlət quruculuğu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə çox uğurla davam etdirilir. Müstəqil dövlət quruculuğunun əsas amillərindən biri dövlətin iqtisadi qüdrətinin artırılması, əhalinin sosial rifah halının yaxşılaşdırılmasıdır. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı fərmanlar, Onun sərəncamı ilə təsdiq olunmuş regional inkişafa dair Dövlət Proqramı ölkəmizin hərtərəfli inkişafına güclü təkan verib. Təsadüfi deyil ki, 2003-cü il prezident seçkilərindən sonra iqtisadi siyasətin yeni prioritetləri, inkişaf perspektivləri müəyyənləşdirilmişdir. Bu istiqamətdə konsepsiya işlənib hazırlanmış, konkret dövlət proqramları qəbul olunmuşdur. Uğurlarımız isə göz qabağındadır”,-deyə kitabda vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin ötən illər ərzində gördüyü işlər və hazırkı fəaliyyəti deməyə əsas verir ki, O, Heydər Əliyevin parlaq ideyalarının sadəcə davamçısı yox, eyni zamanda, bu ideyaları XXI əsrin tələblərinə, dövrün, zamanın ruhuna uyğun olaraq təkmilləşdirməyə və inkişaf etdirməyə qadir olan bir liderdir.

“QURTULUŞDAN BAŞLAYAN TƏRƏQQİ”

Nəfis tərtibatda çap olunan, redaktorunun Azərbaycan Respublikasının Milli Məclisinin sədrinin birinci müavini, professor Ziyafət Əsgərov olduğu “Qurtuluşdan başlayan tərəqqi” adlı kitabda isə Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, Azərbaycanın siyasi palitrasında milli siyasi iradəni təmsil edən, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının keçdiyi zəngin və şərəfli inkişaf yolundan, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən bəhs edən müsahibələr toplanıb. Kitabın ön sözü Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov tərəfindən “Qurtuluşdan başlayan tərəqqinin təntənəsi” başlığı altında yazılıb. Siyavuş Novruzovun “Qurtuluşdan başlayan tərəqqi” adlı kitabındakı müsahibələr dörd bölmədə təqdim edilib. Birinci bölmədə müsahibələr “Ümummilli Lider Heydər Əliyevin ideyaları yaşayır” başlığı altında toplanıb.

“Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq ideologiyası özündə multikultural dəyərləri də birləşdirir” adlı birinci müsahibədə müasir dövrdə sivilizasiyalararası dialoqun, multikulturalizm dəyərləri və tolerantlıq ənənələrinin təbliği və təşviqinin  əhəmiyyətindən, bu sahədə Azərbaycanın mütərəqqi təcrübəsindən bəhs edilib. Qeyd edilib ki, dövrümüzün mühüm çağırışlarından olan multukultralizmin Azərbaycanda tarixən formalaşmış zəngin ənənələri və möhkəm ictimai dayaqları mövcuddur. Qarşıda duran vəzifə bu hərtərəfli potensialı Azərbaycan dövlətçiliyinin inkişaf və tərəqqisinin vacib elementinə çevirmək, sahib oluduğumuz təcrübəni regional və qlobal məkanda uğurla paylaşmaqdır. Müsahibədə, həmçinin Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq ideologiyasının əhəmiyyətindən danışılıb, dövlətçilik maraqlarına xidmət edən bu ideologiyanın özündə multikultural dəyərləri də birləşdirdiyi diqqətə çatdırılıb.

“Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir” adlı ikinci müsahibədə isə Ulu Öndər Heydər Əliyevin xalqımızın çoxəsrlik dövlətçilik tarixində müstəsna yeri və rolundan geniş bəhs edilib. Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin bütün dövrlərinə nəzər yetirilən müsahibədə Ulu öndərin zəngin siyasi və dövlətçilik irsinin öyrənilməsinin, gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti diqqətə təqdim edilib. Vurğulanıb ki, zəmanəmizin ən dahi şəxsiyyətlərindən biri, xalqımızın böyük oğlu Heydər Əliyevə məhz öz millətinin qəlbində və onun çoxəsrlik tarixində müqəddəslik zirvəsinə yüksəlmək səadəti nəsib olub. Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü onun yaşadığı illərlə ölçülmür. Öz millətinin taleyini yaşamış Heydər Əliyev indi də, gələcəkdə də qədirbilən xalqımızın qəlbində yaşayır və daim yaşayacaqdır.

“Qurtuluşdan başlayan tərəqqi və yüksəliş sonrakı dövrdə Azərbaycanın müstəqil dövlət kimi sürətli inkişafını təmin etdi” adlı üçüncü müsahibədə isə 15 İyun – Milli Qurtuluş Gününün dövlətçilik tariximizdəki rolundan, əhəmiyyətindən geniş söz açılıb, Azərbaycanı xaos və tənəzzüldən xilas edən Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərin sabitlik və inkişaf dövrü kimi başlıca səciyyəvi xüsusiyyətləri diqqətə çatdırılıb. Vurğulanıb ki, 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi, ölkədə davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu: “Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub saxlamaq etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Ulu Öndər Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı qürur səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir”.

“Ulu Öndər Heydər Əliyev ölkəmizi Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamaq təhlükəsindən xilas etdi” adlı müsahibədə isə Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki roluna nəzər yetirilib, Cümhuriyyət parlamentinin fəaliyyətinin, ümumiyyətlə, həmin dövrdə qəbul edilmiş qanun və qərarların önəmi diqqətə çatdırılıb. Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikasının keçdiyi inkişaf yolu siyasi təhlil predmetinə çevrilib. Qeyd edilib ki, bu gün Azərbaycan postsovet məkanında inkişaf dinamikasına görə ön sırada yer alan ölkələrdəndir ki, bunun da əsasında Ümummilli Liderin təməlini qoyduğu inkişaf siyasəti dayanır.

İkinci bölmədə isə müsahibələr “Möhkəm təmələ əsaslanan siyasətin təntənəsi” başlığı altında toplanıb. Burada “Yeni hədəflər ölkənin davamlı inkişaf strategiyasının mahiyyətindən qaynaqlanır”, “Xalq Azərbaycanda inkişaf və sabitliyin davamlı olması üçün cənab İlham Əliyevi dəstəkləyir”, “Azərbaycan reallıqları: möhkəm təmələ əsaslanan siyasətin təntənəsi”, “Azərbaycan reallıqlarının Davos Dünya İqtisadi Forumu kimi mötəbər tribunadan səsləndirilməsi müstəsna əhəmiyyətə malikdir”, “Qazanılan uğurların əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, məqsədyönlü siyasət dayanır”, “2017-ci ilin Prezident İlham Əliyev tərəfindən “İslam həmrəyliyi ili” elan olunması vaxtında qəbul olunmuş və zamanın çağırışlarına cavab verən addımdır”, “Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, məqsədyönlü siyasət iqtisadi uğurların əsasıdır” adlı müsahibələr yer alıb. Bu bölmədə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli daxili və xarici siyasətin uğurlu nəticələrindən, Azərbaycanın beynəlxalq münasibətlər sistemində uğurla təmsil olunaraq mühüm nailiyyətlər əldə etməsindən, ölkəmizin beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa xidmət edən mühüm qlobal təşəbbüslərindən, o cümlədən 2017-ci ilin dövlətimizin başçısı tərəfindən “İslam həmrəyliyi ili” elan olunmasının əhəmiyyətindən bəhs edilib, mühüm analitik qənaətlər diqqətə çatdırılıb.

“Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” başlığı altında toplanmış müsahibələrdə isə ümumxalq və qələbələr partiyası olan YAP-ın yaranmasından, ölkənin siyasi həyatında uğurlu iştirakından, səmərəli beynəlxalq əlaqələrindən, xalqımızın Yeni Azərbaycan Partiyasına seçkilərdə yüksək etimad və dəstəyinin əsasında duran amillərdən söhbət açılıb. Vurğulanıb ki, zəngin və şərəfli inkişaf yoluna malik olan Yeni Azərbaycan Partiyasının ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə etməsi təsadüfi xarakter daşımır. “Hər şeydən əvvəl, Yeni Azərbaycan Partiyası milli maraqlara xidmət edən çoxşaxəli və səmərəli fəaliyyəti ilə Azərbaycan cəmiyyətinin bütün təbəqələrindən olan insanları öz sıralarında birləşdirib. Monolit və avanqard siyasi qüvvə kimi Azərbaycanın dinamik inkişafına öz layiqli-dəyərli töhfələrini verən Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası olmasını göstərən ən mühüm amillərdən biri onun öz sıralarında dilindən, dinindən, etnik mənşəyindən asılı olmayaraq bütün insanları birləşdirməsidir. Bu, partiyamızın yüksək nüfuzunu əks etdirən başlıca göstəricilərdəndir”,-deyə diqqətə çatdırılıb. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası güclü liderin ətrafında yaranmış partiyadır: “Partiyanın yarandığı dövrə nəzər salanda görürük ki, zəngin dövlətçilik və idarəetmə təcrübəsinə malik olan, ömrünü və bütün fəaliyyətini Öz xalqına və dövlətinə xidmətə həsr edən bir şəxsiyyətin – Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi partiyamıza olan inam, etimad və dəstəyi artırırdı. YAP-ın fəaliyyəti Heydər Əliyev siyasi xətti olaraq qəbul edilirdi. Bu səbəbdən YAP qısa müddət ərzində ümumxalq partiyasına çevrildi, Azərbaycanın tərəqqisinə xidmət edən fəaliyyətini uğurla davam etdirərək ölkəmizin möhtəşəm nailiyyətlər əldə etməsinə fundamental töhfələr verdi. Bu gün də partiyamiz öz fəaliyyətini Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında davam etdirir. Başqa sözlə, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Sədrliyi ilə öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirir, qatıldığı bütün seçkilərdə parlaq qələbələr qazanır. Bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Ümummilli Liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”.

“Konstitusiya islahatları müasir dövrün tələbidir” başlığı altında toplanmış müsahibələrdə konstitusiya islahatlarının milli qanunvericlik bazasının zənginləşdirilməsi, idarəetmədə çeviklik və effektivliyin artırılması və digər istiqamətlər üzrə əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Konstitusiya islahatlarının tətbiqi ilə Azərbaycanın müasir inkişaf tarixinin yeni səhifəsi yazılır. Bununla yanaşı, bəhs olunan bölmədə Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin uğurlu nəticələrindən, dostluq, qardaşlıq və strateji tərəfdaşlığa söykənən Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə müvəffəqiyyətlə inkişaf  etməsindən, əlaqələrin bu gün ən yüksək zirvədə olmasından söhbət açılıb.

“XALQLA İQTİDARIN BİRLİYİ”

YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun “Xalqla iqtidar birliyi” adlı kitabında isə müasir Azərbaycanın siyasi, ictimai, sosial, iqtisadi həyatı ilə bağlı müxtəlif xəbər agentliklərinə verilmiş 160-a yaxın müsahibə toplanıb. Həmin müsahibələr “Humanizm Heydər Əliyev siyasətinin əsasıdır”, “Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir”, “Yeni Azərbaycan Partiyasının təməli möhkəm və əzəmətlidir”, “Qanun hər şeydən üstündür”, “Azərbaycan heç bir dövlətə kiçik qardaşlıq etmək fikrində deyil”, “Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malikdir”, “Azərbaycan dünyaya nümunədir”, “İqtisadiyyatımız uğurla inkişaf edir”, “Sosial sahədə uğurlar təqdirəlayiqdir”, “Azərbaycanda müxalifət qocalıb” adlı 10 bölmədə təqdim olunub. Elmi redaktorunun Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini, tarix üzrə fəlsəfə doktoru Mübariz Qurbanlı olduğu kitabın ön sözü “Xalqla iqtidarın birliyi sabitliyin qarantıdır” başlığı altında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü, iqtisadi elmlər doktoru, professor Eldar İbrahimov tərəfindən yazılıb.

Bəhs olunan kitabda yer alan müsahibələrdə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasəti nəticəsində Azərbaycanın müstəqil dövlət kimi tərəqqi yolunda inamla irəliləməsindən, beynəlxalq münasibətlər sistemində uğurla təmsil olunmasından geniş bəhs edilib. “Xalqla iqtidar birliyi” adlı kitabda, həmçinin Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin bütün sahələrdə inkişafa və yüksəlişə səbəb olduğu diqqətə çatdırılıb, siyasi, hüquqi, sosial, iqtisadi, mədəni və digər istiqamətlərdə reallaşdırılan məqsədyönlü və kompleks islahatların səmərəli nəticələrinin Azərbaycanın qüdrətinin daha da artmasına xidmət etdiyi vurğulanıb. YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun “Xalqla iqtidar birliyi” adlı kitabında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyətindən də söhbət açılıb. Bildirilib ki, Azərbaycan qadınının müdriklik, ləyaqət və nəciblik kimi ən ali xüsusiyyətlərinin daşıyıcısı olan Mehriban xanım Əliyeva Prezident İlham Əliyevə bir nömrəli dayaqdır. O da vurğulanıb ki,  Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ümummilli Liderimizin siyasi xəttinə sadiq qalaraq humanist addımlarını davam etdirir.

Yeni Azərbaycan Partiyasının təməlinin möhkəm və əzəmətli olduğunun vurğulandığı kitabda nəzərə çatdırılıb ki, bu gün ölkəmizin ən güclü, ən mütəşəkkil, ən monolit siyasi qüvvəsi olan YAP Azərbaycan xalqına uzun illər xidmət göstərəcək və yeni-yeni nailiyyətlərə imza atacaq. Bundan başqa, kitabda Azərbaycanın milli maraqlara əsaslanan, çoxvektorlu və praqmatik xarici siyasətindən, ikitərəfli və çoxtərəfli münasibətlərini, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrini uğurla davam etdirməsindən bəhs edilib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan qətiyyətli – prinsipial mövqeyi və hücum diplomatiyası, ordu quruculuğu istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər diqqətə təqdim olunub.  Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatların əhəmiyyəti və nəticələri də kitabda öz əksini tapıb. Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyi, ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyinin mövcud olduğu vurğulanıb. Bundan başqa, kitabda anti-Azərbaycan dairələrin və onların direktivləri əsasında hərəkət edən radikal müxalifətin ölkəmizə qarşı “qara piar” kampaniyası apardıqları, Azərbaycanda sabitliyin pozulmasının tərəfdarı olduqları vurğulanıb, müxtəlif faktlar və məqamlar nəzərə çatdırılıb. Müəllif vurğulayıb ki, Azərbaycanda xalq-iqtidar birliyinin qarşısını heç kim ala bilməyəcək. 

Bütövlükdə, YAP İcra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzovun “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, “Qurtuluşdan başlayan tərəqqi” və “Xalqla iqtidarın birliyi” adlı kitabları ölkəmizin müstəqillik illərində keçdiyi şərəfli və çoxsaylı nailiyyətlərlə zəngin olan tərəqqi yolunun, Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyev şəxsiyyətinin müstəsna yerinin və rolunun, Ümummilli Liderin xalqımız qarşısında tarixi əhəmiyyətə malik olan əvəzsiz xidmətlərinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara və müasir qlobal çağırışlara uyğun həyata keçirilən inkişaf siyasətinin əsaslarının öyrənilməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Qeyd edək ki, filologiya üzrə elmlər doktoru, professor Məmmədəli Qıpçaq “Elm və Təhsil” nəşriyyatında çap olunan hər 3 kitabın redaktorlarındandır.