24 aprel 2019 11:53
113

Siyasətlə söyüşü səhv salan bataqlıq təfəkkürlülər

Adam kimi adam olmağı bacarmayan, “mühacir biznesi”nin “bazarkomu” Əli Kərimli-İlqar Məmmədov-Arif Hacılı arasında güclənən qrant davası şəxsi mənafelərdən qaynaqlanır

Müsavat Partiyasında qarşılıqlı ittihamların təhqirlərlə əvəz olunması radikal, dağıdıcı müxalifətin saxta “səmimilik sərhədlərini” “söyüşlə, tikanlı məftillərlə” bağlayır.

Sabiq başqan İsa Qəmbərin dönəmində keçirilən sədr seçkiləri zamanı partiyada baş verən qalmaqallar bugünkü daxili çəkişmələrlə müqayisədə hadisələrə “liberal yanaşma” təsəvvürü yaradır. Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqlının sosial şəbəkədə yazdıqlarından belə məlum olur ki, başqanlığa namizədliyini irəli sürəndən sonra partiyada ona qarşı başlanan ittiham kampaniyası güclənir və qərəzlidir. Yadigar Sadıqlının “Facebook”da partiyanın rəhbəri Arif Hacılı haqqında yazdığı ittihamlar partiyanın “yuxarı ranqlı” üzvlərini də rəqib komandalara bölüb. Əsas mətləb isə belədir: Müsavatda mövcud olan, “əl-əli yuyar, əl də üzü” prinsipinə uyğun davam edən mühacir biznesindən “narahat olan”, bununla bağlı tənqidi qeydlərini yazan Yadigar Sadıqlı ona qarşı satqınlıq kampaniyasının əsassız olduğunu bildirir.

Yadigar Sadıqlıya cavab verən başqan Arif Hacılının müavini Səxavət Soltanlı partiyadaşını ədalətsizlikdə ittiham edərək Divan üzvü haqqında etikadan kənar ifadələr işlədir. Amma bütün yazışmalarda illərdən bəri düşərgədə mövcud olan bataqlıqda kif atmış təfəkkürün iyi duyulur.

 Üstəlik, Müsavatın və AXCP-nin mühacir biznesindən yararlanaraq xarici ölkələrdə yaşayan antimilli şəbəkənin üzvləri, Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan satqınlar biri- birinə qarşı ifşaedici açıqlamalar verərək ölkədən kənarda belə qrant üstündə savaşırlar. Özlərini “demokratiya carçısı və ədalət tərəfdarı” kimi qələmə verənlər, guya dövlət və millətin qayğısı ilə yaşadıqlarını zənn edənlər əslində xarici anti-Azərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fəaliyyət göstərən milli xainlərdir. Onları isə idarə edən Müsavat və AXCP-nin başbilənləri, Arif Hacılı, Əli Kərimli kimi satqınlardır. Avropada sığınacaq tapan, havadarlarından aldıqları dilənçi payını bölə bilməyən milli xəyanətkarlar hesabına şəbəkə formalaşdıran Arif Hacılının həm də Avropada hər biri 500 avro olmaqla 72 diplom satdığını elə ətrafındakılar da təsdiqləyir.

Müsavatda baş verən hadisələrlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlardan aydın olur ki, partiyaya üzvlük vəsiqəsi belə pulla satılır. Əks təqdirdə üzvlükdən sonrakı mərhələ olan mühacir vəsiqəsi verilməz.

Əslində “mühacir biznesi”nin “bazarkomu” AXCP sədri, “Milli Şura”nın idarəedicisi Əli Kərimlidir. İllərdən bəri xarici ölkələrdə mühacirlərdən, satqınlardan ibarət şəbəkə formalaşdıran “beşinci kolon”un “ ideoloqu” olan Əli Kərimli müxtəlif klanlardan aldığı qrantlara qane olmayaraq “alverə” təzə başlayan başqan Arif Hacılının “ bazarını” öldürmək istəyir. Buna görə də həmişə olduğu kimi müəyyən yollarla Müsavata “sızaraq” partiyada qarışıqlıq salmaq üçün əvvəllər istifadə etdiyi “təcrübəni” gündəmə gətirir. Bununla kifayətlənməyən Əli Kərimli REAL-ın sədri İlqar Məmmədovun bostanına daş atmaqdan da usanmır. Həbsdə olanda İlqar Məmmədovu “müdafiə edən” Əli Kərimli indi ona qarşı təşkil olunan qarayaxma kampaniyasının əsas təşkilatçısıdır. Yəni adam kimi adam olmağı bacarmayan “islahatçı sədr” buqələmun kimi dondan-dona girməklə zatı-pakını bəyan edir. Son günlərdə AXH-də baş verənlər, gənc nəslin nümayəndəsi Tural Abbaslı ilə “köhnə qvardiya”dan olan bozqurdçu İsgəndər Həmidov arasında hələ də davam edən “mənəm-mənəmlik” iddiası da dağıdıcıların hansı təfəkkürə, mədəniyyətə, siyasəti qavrama tərzinə malik olduqlarını göstərir.

Beləcə daim “baş” olmaq üstündə mübarizə aparan radikalların birincilik istəyindən yalnız “bozbaş” iyi gəlir. Hər iki funksionerin yaratdığı mühacir biznesinin üzvləri artıq avropasayaq delikateslərə öyrəşdikləri, milli mənliklərini itirdikləri, milli yeməyimizi unutduqlarından davranışlarını da əcnəbisayaq “təkmilləşdiriblər.” Elə bu baxımdan Arif Hacılı ilə Əli Kərimli arasında baş verən rəqabət onların xaricdəki “komandalarına” da sirayət edir.

“Gör, götür dünyası” misalından nümunə götürən xəyanətkar şəbəkənin üzvləri də işlərini elə bu səpkidə formalaşdırırlar. Müsavatın daxilində olduğu kimi, xarici ölkələrdə sığınacaq tapanlar arasında da qrant üstündə tez-tez mübahisələr yaranır. Qrantların məzənnəsinə görə havadarlarına, Azərbaycandakı “ideoloqlarına” baxışları, münasibətləri dəyişir.

Azərbaycan əleyhinə təxribat aparan, erməni diasporu ilə iş birliyində olan ünsürlər neçə deyərlər, yalları az düşdükdə didişirlər. Onların arasında elə murdar ünsürlər var ki, soydaşlarına, qadınlara qarşı belə çirkin əməllər törədərək insanlıqlarını tamam itiriblər. Emin Hüseynov, Orduxan Teymurxan, Rəfail Piriyev, Məhəmməd Mirzəli, Qənimət Zahidov, Xədicə İsmayıl, Tural Sadıqlı kimi siyasət alverçiləri Azərbaycan əleyhinə kampaniyalarda iştirak etdikləri üçün xəyanətləri müqabilində ayrılan qrantlardan az paya sahib olduqda heç bir çərçivə gözləmədən qarşılıqlı ittihamlarla rəqibləri haqqında söyüşlərdən ibarət statusları ilə gündəmdə qalmağa çalışırlar. Belə yerdə deyirlər ki, ilanın ağına da lənət, qarasına da. Fürsət düşən yerdə çalırlar. Belə yerdə müdriklərin əqrəblə bağlı söylədikləri misal yada düşür: “Huyum batsın. Xasiyyətim belədir, sancmasam ölərəm.”

Xuraman İsmayılqızı, “İki sahil”