14 fevral 2020 19:37
496

Siqaretə yox dedikdən sonra orqanizmdə nələr baş verir?

Orqanizm bütünlükdə siqaretin kimyəvi təsirindən qurtulur, saçlardan dırnağa qədər bərpa prosesi başlayır.

Bəziləri hesab edirlər ki, siqaretdən asılılığa son qoymaq özü xəstəliklərə səbəb olur, lakin bu çox yanlış fikirdir. Əksinə, siqareti tərgitməyin sağlamlıq üçün faydasını insanlar dərhal hiss edirlər.

Siqareti tərgitmək 2020-ci il üçün müəyyən etdiyiniz məqsədlər arasındadırsa aşağıdakı məqalə işinizə yarayacaq.

Ola bilər ki, 50 ildən də artıqdır ki, siqaret çəkirsiniz, lakin həkimlər bildirirlər ki, bu zərərli vərdişdən əl çəkmək heç vaxt gec deyil. İllərlə siqaretdən asılılığın insan orqanizmində qoyduğu izlər onu tərgidən kimi dərhal yox olmağa başlayır.

Siqaretlə bağlı xəstəliklər, xüsusilə ürək-damar xəstəlikləri riski siqaretdən imtina etdiyiniz andan etibarən azalmağa başlayır. Dəri nəmlənir, saçlar gurlaşır, dırnaqlar möhkəmlənir, qırışlar daha az hiss olunur, dişlər sağlamlaşır.

Tədqiqatlara görə, siqaretin tərkibində formaldehid, hidrogen sianid, karbon monoksid, arsenik və s. kimi dörd mindən artıq xərçəngə səbəb olan maddə vardır. Onun tərkibindəki nikotin, heroin və kokain kimi güclü asılılıq yaradır.

Tütündən imtina edən kimi, buraxılmış elə son siqaretin ardından orqanizmdə çox ciddi dəyişikliklər başlayır. Cəmi 20 dəqiqə sonra insanın nəbzi normallaşır, 8 saat sonra qanda nikotin və karbonun səviyyəsi 50 % aşağı düşür, dadbilmə və iybilmə qabiliyyəti artır, 72 saat sonra tənəffüs çox rahatlaşır, 2-12 həftə ərzində isə qan dövranı tamamilə bərpa olunur.

İlk saat

Siqaretdən imtina etdikdən 20 dəqiqə sonra ürək döyüntüləri azalır, qan təzyiqi normallaşır.

8 saat sonra

Qanda karbon monoksid və nikotin səviyyəsi aşağı düşür, toxumaların oksigenlə təminatı yaxşılaşır.

24 saat sonra

Qanda karbon monoksidin səviyyəsi siqaret çəkməyən insanlarla eyni səviyyəyə düşür. Narahatlıq və stress azalır.

48 saat sonra

Nikotin qanı tərk edir. Ciyərlər irini təmizləyir. Çoxlu öskürməyə başlasanız, həvəsdən düşməyin. Bu bədənin öz hava yollarını təmizləməsi üçündür.

Siqaretdən imtina edənlərin qarşılaşdığı ilk dəyişiklik adətən dad və iybilmə hissiyatının artmasıdır. Bu ona görə baş verir ki, artıq siqaretin zədələdiyi sinir ucları yenidən inkişaf etməyə başlayırlar. Siqareti tərgidən insanlarda iybilmə qabiliyyəti bəzən o qədər güclənir ki, onlar öz paltarlarında, saçında yaxud digər insanlarda tütünün iyrənc qoxusunu hiss edirlər.

72 saat sonra

Normal insanlar kimi nəfəs almağa və ciyərlərinizin gücünü hiss etməyə başlayırsınız. Bronxların boruları açılır və bədənin enerjisi artır.

“Nature” jurnalında dərc olunmuş məlumatda göstərilir ki, siqaret aludəçiləri bu pis vərdişdən yaxa qurtarmaqla zamanı geri qaytara bilərlər. Tütünün zərər verdiyi, xərçəngə çevrilmək üzrə olan hüceyrələr yerini sağlam hüceyrələrə verməyə başlayır.

2-12 həftə sonra

Damarlarda qan dövranı yaxşılaşır, fiziki fəallıq zamanı insan özünü daha rahat hiss edir.

3-9 ay sonra

Öskürək tamamilə dayanır. Ciyərin funksiyası güclənir. Tənəffüs yolu infeksiyaları riski aşağı düşür.

1 il sonra

Siqaret çəkənlərlə müqayisədə ürək xəstəlikləri və ürək tutmaları riski yarıya qədər azalır. Damarlar yenidən genişlənir, qanın laxtalanması normallaşır.

10 il sonra

Siqareti tərk etdiyinizdən on il vaxt keçibsə, artıq ağciyər xərçəngi riski 50 % azalmışdır. Ağız, qırtlaq, boğaz, böyrək xərçənginə tutulma riskiniz də çox aşağıdır. Xərçəngə meyilli hüceyrələr artıq sağlam hüceyrələrlə əvəz olunmuşdur.

15 il sonra

Ürək xəstəliklərinə yoluxmaq riskiniz siqaret çəkməyənlərlə eyni səviyyədədir. Artıq ağciyər xərçəngi riski də 90 % azalmışdır.

Nubar Süleymanova, “İki sahil”