25 noyabr 2020 19:26
452

Şuşa şəhərinə ilk qədəm qoyanların sırasında olmaqdan böyük qürur hissi keçirirəm - Vətən müharibəsi iştirakçısı

Düşmən bizimlə əlbəyaxa döyüşlərdə heç vaxt davam gətirə bilmir, döyüş meydanından qaçırdı. Onlar bir-iki kənddə əlimizdən qaça bildilər. Lakin biz imkan tapıb düşmənlə üz-üzə dayandıq və həm canlı qüvvələrini, həm də maşın kolonlarını məhv etdik.

"İki sahil" xəbər verir ki, AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri Naxçıvandan olan Vətən müharibəsi iştirakçısı Azadi Rzayev deyib. O bildirib ki, düşmən Tuğ kəndi istiqamətində müqavimət göstərməyə çalışdı. Həmin kəndin yanında yüksəklik var idi və həmin yüksəklik strateji əhəmiyyətinə görə seçilirdi. Bura alınmasa idi, bizim arxadan gələn qüvvələrimiz atəş zərbəsi altında qala bilərdi.

“Biz burada düşmən tərəfindən beş gün mühasirədə qaldıq. Sonra qruplara ayrılaraq hücuma keçdik və ermənilərin 200-ə yaxın əsgərini məhv etdik”, - deyən Azadi Rzayev bildirib ki, Şuşa şəhərinə ilk qədəm qoyanların sırasında olmaqdan böyük qürur və xoşbəxtlik hissi keçirir.

Azadi Rzayev deyib ki, ordumuz Şuşa istiqamətində hərəkət edərkən dağda, dərədə, meşədə pusquya saldılar: “Biz pusqulardan da çıxdıq, əks-hücuma keçdik, düşmənin minaatanlarını və canlı qüvvəsini məhv etdik. Bu döyüşlərdə şəhidimiz də, yaralananlarımız da oldu, amma həmişə ruh yüksəkliyimiz var idi. Çünki biz öz torpağımızda vuruşurduq, öz torpağımızı işğaldan azad etmək üçün vuruşurduq. Biz Şuşanın mərkəzinə daxil olanda düşmən ayıldı ki, onların yarısı qırılıb, qurtarıb. Belə düşünürəm ki, bu döyüşdə düşmən yüzlərlə itki verdi. Bu döyüşlərdə qəhrəman yoldaşlarımızdan yaralı ola-ola döyüşənlər də az deyildi. Onlar döyüş meydanından çıxmaq istəmirdilər. Hamının bir fikri vardı - düşmən məhv edilməlidir!”.