14 oktyabr 2019 15:09
388

"Ştaynmayer formulu": xilas yolu, yoxsa yeni risklər?

Rusiya ilə Ukrayna arasında illərdir davam edən münaqişəli vəziyyətin yoluna qoyulması üçün ciddi cəhdlər göstərilir. Prezident Vladimir Zelenskinin seçkidə verdiyi vədlərdən biri Ukraynanın cənub-şərqində sülhə nail olmaq idi. O, danışıqlar yolu ilə Donbas problemini həll etməyin mümkünlüyündən bəhs etmiş, bu zaman Donetsk və Luqanskda yaşayanların özlərinin taleyini müəyyən etməli olduğunu vurğulamışdı. İndi ekspertlər bu vədlərin prizmasından Minskdə razılaşdırılan "Ştaynmayer formulu"nu analiz etməyə çalışırlar. Bu formulda nələr vardır? Tərəflər onları reallıqda qəbul edirlərmi? Bu sənədin nə kimi geosiyasi təsirləri ola bilər? Bu sualları cavablandırmaq üçün həmin formulun üzərində geniş dayanmağa ehtiyac gördük.

Güzəşt imkanı: kompromis axtarışı və ziddiyyətlər

Oktyabrın 1-də dünya mediası maraqlı bir informasiya paylaşdı: Ukrayna Donbas münaqişəsinin nizamlanmasına dair "Ştaynmayer formulu"na razılığını verib. Bununla da böyük bir canlanma yarandı. Məsələ onunla bağlıdır ki, həmin formul Donetsk və Luqansk problemini həll etmək üçün Almaniyanın keçmiş xarici işlər naziri və indiki prezidenti Frank-Valter Ştaynmayer tərəfindən irəli sürülən həll şərtlərini əhatə edir. Həmin şərtlərə görə, Donetsk və Luqanskın bir sıra rayonlarına müvəqqəti xüsusi status verilir, ATƏT-in nəzarəti altında seçki təşkil edilir. Seçkidən sonra ATƏT onu demokratik və şəffaf hesab edərsə, Donetsk və Luqansk vilayətlərinin statusu daimi olur, əks halda, ləğv edilir. Proses uğurla başa çatsa, Avropa İttifaqı Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv edir.

Lakin bunu reallaşdırmaq üçün Ukrayna konstitusiyasına dəyişiklik etmək gərəkdir. V.Zelenski də Minskdə məhz buna razılıq verib. O deyib ki, "xüsusi status məsələsi Ukrayna konstitusiyasına implementasiya olunmalıdır", yəni hüquqi olaraq uyğunlaşdırılmalıdır.

Bu prosesə fərqli reaksiyalar olub. Ekspertlər "Ştaynmayer formulu"nun hansı tərəfə nəyi verə biləcəyini müzakirə edirlər. Görünür ki, burada soyuq məntiqlə izah və gerçəkliyi təqdim etməkdən çox, müəyyən maraqları güdənlər daha fəaldırlar. Onlar açıqca ya olmayan faktorlardan danışır, ya da aranı qatmağa çalışırlar. Bu baxımdan Ukraynadakı siyasi qüvvələrin "Ştaynmayer formulu"na reaksiyası çox maraqlıdır.

Öncə vurğulayaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, "Ştaynmayer formulu" mahiyyətcə "güzəşt və kompromisdir". Çünki ilk variantda "öncə xüsusi status haqqında qanun və onun konstitusiyada qeyd olunması, sonra seçkilərin keçirilməsi" nəzərdə tutulmuşdu. Ancaq Petro Poroşenko bu variantla razılaşmayıb və deyib ki, "kimin seçiləcəyini haradan biləcək?". Bu vəziyyətdə Almaniyanın ovaxtkı xarici işlər naziri kompromis variant kimi həmin formulu təklif edib. Yəni, bu formul öncədən güzəşt variantı kimi nəzərdə tutulub.

Ancaq Ukraynanın siyasi dairələrinin sənədə verdiyi qiymət fərqlidir. Sentyabrın ortalarında V.Zelenskinin məsələ üzrə xüsusi nümayəndəsi Leonid Kuçma sənədi imzalamaqdan imtina edib. O, bir sıra şərtlər irəli sürüb: atəşin tam kəsilməsi, ATƏT-in nəzarətinin səmərəliliyinin təmin edilməsi, xarici ölkə hərbçilərinin ölkə ərazisindən çıxarılması, bütün təmas xətti boyu qarşı duran tərəflər arasında məsafənin yaradılması, Ukrayna MSK-nın fəaliyyətinin təmin edilməsi, Ukrayna siyasi partiyalarının həmin ərazidə işləməsinə imkan yaradılması, Rusiya-Ukrayna sərhədinə Kiyevin tam nəzarət etməsi.

Ancaq bu şərtləri də Rusiya qəbul etməyib və proses dalana dirənib. İndi V.Zelenski ziddiyyəti aradan qaldırıb. Bu dəfə Ukraynanın siyasi qüvvələri narazılıqlarını bildirirlər. O cümlədən keçmiş prezident P.Poroşenko sənədin qəbuledilməz olduğunu ifadə edib.

Bunların fonunda Aİ-nin mövqeyi maraq doğurur: Aİ-də "Ştaynmayer formulu"na bütövlükdə müsbət yanaşdıqlarını ifadə ediblər. Kompromisin əldə olunması mühüm mərhələ adlandırılır, lakin əsas işlərin qabaqda olduğunu da vurğulayanlar var. Avropalı ekspertlər, ukraynalılardan fərqli olaraq, daha nikbin mövqedədirlər. Onlar V.Zelenskinin konstruktiv mövqe tutduğundan bəhs edirlər. Vaşinqtonun isə reaksiyası bir qədər qəribə olub. Prezident Donald Tramp bəyan edib ki, Ukraynada korrupsiya çox dərinlərə işləyib. Ekspertlər bunu Vaşinqtonun dolayısı ilə V.Zelenskinin atdığı addıma etirazı kimi qiymətləndirirlər. Kreml isə təmkinlə susur.

Əslində, bütün bu deyilənlər reallığı tam əks etdirmir. Bir tələskənlik və səthi yanaşma özünü göstərir. "Ştaynmayer formulu"nun məzmununa varmadan müxtəlif maraqlara uyğun olan fikirlər səsləndirilir. Formul reallığı tam əhatə etmir. O, ümumi çərçivədir və münaqişə edən tərəfləri ortaq məxrəcə gətirmək məqsədi güdür ki, danışıqlar dalandan çıxsın. Yəni, "Ştaynmayer formulu" münaqişənin həllindən daha çox danışıqların yolunu aça biləcək ümumi "yol xəritəsi"ni təqdim edir. Burada isə iki mühüm məqam vardır. Birincisi, Donetsk və Luqanskda hərbi toqquşmalara son qoyulsun və xarici hərbi qüvvələr ərazidən çıxmaqla Ukrayna Rusiya ilə sərhədlərinə tam nəzarət edə bilsin. İkincisi, Donbas regionuna xüsusi yanaşma olsun və seçki keçirilsin. Təbii ki, seçki beynəlxalq təşkilatın nəzarəti altında keçiriləcəksə, bu, Rusiyaya müəyyən şans verir. Rusiya orada öz marağına uyğun hərəkət edə bilər. Üstəlik, sanksiyaların aradan qaldırılması Moskvaya yeni imkanlar açır.

Sabitliklə qeyri-müəyyənlik arasında: risklər qalır

Lakin əsas məsələ ondan ibarətdir ki, tərəflər hələ hansı addımı nə zaman atacaqlarını razılaşdırmayıblar. Konkret olaraq, öncə seçkinin keçirilməsi gəlir, yoxsa hərbçilərin çıxarılması və Ukraynanın sərhədə nəzarəti? Yəni, seçki, yoxsa status? Bu sualların cavabı üçün danışıqlar aparılmalıdır. Bu isə vaxt aparan bir prosesdir. Çünki tərəflər ciddi miqyasda güzəştə getmək fikrində deyillər. V.Zelenski deyib ki, hər addımda Ukraynanın marağını qoruyacaq. Təbii ki, V.Putini təqdim etməyə ehtiyac yoxdur. V.Zelenski əsas olaraq V.Putinin danışıqlara gəlməsini görür.

Belə çıxır ki, "Ştaynmayer formulu" hələlik başlıca olaraq danışıqların davam etməsinə imkan yaradır. Qalan bütün məsələləri müzakirə etmək gərəkdir. Təcrübə göstərir ki, bu yol olduqca çətin və ziddiyyətli ola bilir. Bunun fonunda Ukraynada daxili vəziyyətin gərginləşməsinə ekspertlər daha çox diqqət yetirirlər. Sanki əldə olunan razılıqdan ölkədə daxili situasiyanı daha da mürəkkəbləşdirmək və hətta toqquşmalara yol açmaq üçün istifadə etməyə çalışanlar mövcuddur. Bunlar kimlərdir? Ukraynanın qarışması hansı dairələrə sərf edir?

Məsələnin maraqlı və aktual tərəfi bundan ibarətdir. Təbii ki, P.Poroşenko var gücü ilə çalışacaq ki, proses müsbətə doğru getməsin. Çünki o halda onun fəaliyyəti ilə bağlı çoxlu suallar meydana çıxacaq. Vətəndaşlar soruşa bilərlər ki, hansı səbəblərdən P.Poroşenko münaqişədə irəliləyiş əldə edə bilməyib. Bu məsələdə onun ayrıca biznes marağı olmayıb ki? Ekspertlər bu bağlılıqda ona diqqət yetirirlər ki, Amerikada prezidentin Donbas üzrə xüsusi nümayəndəsinə məhkəmə qururlar. Onun ABŞ hərbi texnikasının Ukraynaya satılmasında korrupsiya prosesinə daxil olduğu deyilir. İpin bir ucu Ukraynadakı şəxslərə gedib çıxır.

Ukraynada siyasi gərginliyin yaradılmasının Rusiyaya da faydası olduğunu düşünən ekspertlər vardır. Onlar deyirlər ki, Ukraynada vəziyyət qarışsa, Rusiya Avropa qarşısında üstünlük əldə etmiş olur. Belə ki, Moskva özünə yararlı olan adamın Ukraynada hakimiyyətə gəlməsinə çalışa bilər. Eyni zamanda, V.Zelenskinin uğursuzluğu ukraynalıların Qərb modelinə inamını azaltmış olur. Çünki dalbadal məğlubiyyət bu modelin səmərəli olmadığını göstərmiş olur. Bunların fonunda Donetsk və Luqanskda separatçıların da əl-qolu açılır. Onlar öz istədikləri qaydada seçki keçirmək və Kiyevə etibar etmədiklərini bəyan etmək imkanı əldə edirlər.

Belə çıxır ki, "Ştaynmayer formulu" V.Zelenski üçün bir tərəfdən yeni şansdırsa, digər tərəfdən həm də yeni riskdir. İstənilən məqamda vəziyyəti qarışdırıb, siyasi gərginlik yarada bilərlər. Ancaq bu, baş verəcəkmi? Avropa və ABŞ hansı addımları atacaqlar? Bu suallara da cavab axtarmaq lazım gəlir. Hələlik Brüssel və Vaşinqton "gözləmə" mövqeyi tutur, fəal hərəkətlər etmirlər. Onlar ümumi prosesi müsbət qiymətləndirməkdən başqa addım atmırlar.

Bununla yanaşı, Rusiya üçün də Ukrayna məsələsi çox həssasdır. Orada sabitliyin bütün ölkə ərazisində pozulması Kremlin qayğılarını artırmış ola bilər. Böyük bir məkanda bir neçə istiqamətdə Qərblə savaşmaq asan deyil. Digər tərəfdən, sanksiyalar Rusiyanın imkanlarını məhdudlaşdırır. Deməli, son nəticədə Moskva Ukraynanın timsalında növbəti süründürməçi və ağır münaqişə ilə üzləşə bilər. Güclü iqtisadiyyata və hərbi potensiala malik Qərblə bu vəziyyətdə uzun müddət mübarizə aparmaq Moskva üçün çətin olardı.

Beləliklə, "Ştaynmayer formulu" göründüyü qədər də sadə deyil. O, cavablardan çox suallar meydana çıxarıb. Bütövlükdə vəziyyət tərəflərin hansı addımları atacaqlarından asılı olacaq. Yəni, konkret olaraq, heç nəyə təminat yoxdur. Vəziyyət sabit deyil!

Newtimes.az