24 aprel 2019 12:12
162

Şəxsi əşyalarınızı paylaşmayın...

Çox vaxt zərərsiz görünən gözəllik məhsullarını dostlarınız, ya da yaxınlarınızla paylaşmaq sağlamlığınızı təhlükə altına ata bilər. Bu, dəri problemləri və infeksiya riskinə səbəb ola bilər.

Kirpiklər üçün maskara

Kirpikləriniz üçün istifadə etdiyiniz bu vasitə kirpik diblərinizdən başlayaraq tətbiq etdiyiniz zaman göz qapaqları ilə əlaqə yaradan bir məhsuldur. Buna görə infeksiyalar və bakteriyalar maskara vasitəsilə ötürülə bilər. Bir çox hallarda bu məhsul gözlərin qızarmasına səbəb olur. Buna görə də başqa birinin maskarasını istifadə etməyin və özünüzə məxsus vasitəni də paylaşmayın.

Kosmetik fırçalar və süngərlər

Dəri xəstəliklərinin və infeksiya riskini azaltmaq üçün bu məhsulları hər gün müntəzəm olaraq yumaq lazımdır. Fırça və süngərlərə xüsusi diqqət yetirin. İlk baxışda fərqinə vara bilməzsiniz, ancaq bu məhsullar dəfələrlə istifadə olunduqdan sonra özündə mikrobları və ölü dəri hüceyrələrini ehtiva edir. Bir neçə gün keçdikdən sonra bu maddələr dəri sağlamlığına təsir edir.

Dırnaq qayçısı

Dırnaqlarınızın sağlam və gözəl olmasını istəyirsinizsə, öz dırnaq qayçınızı istifadə etməyiniz məsləhət görülür. Dırnaq qayçılarının ortaq  istifadəsi normal və əhəmiyyətsiz görünə bilər. Lakin dırnaq qayçıları infeksiyaların yayılmasına səbəb olur.

Göz qələmi

Qələm və ya maye göz layneri də istifadə edilərkən maskarada olduğu kimi, bakteriyaların yayılmasına səbəb ola bilər. Göz qələminizi paylaşdığınız dostunuzun gözündə virus və ya bakteriya varsa, sizin gözlərinizə də yoluxma riski yüksəkdir.

Dodaq boyası

Ağız bakteriyalarla doludur və pomada və dodaq nəmləndiriciləri kimi vasitələrlə müəyyən infeksiyaların ötürülməsi riski var. Paylaşılan zaman boğaz ağrısı kimi yoluxucu xəstəliklər insandan insana keçə bilər.

Ülgüc və təraş vasitələri

Ülgüc istənməyən tükləri bədənin hər hansı bir hissəsindən təmizləmək üçün istifadə olunan məhsuldur. Ülgüc bunu etmək üçün asan və gigiyenik bir üsuldur, ancaq siz özünüzə məxsus ülgüc və ya təraş cihazınızı digər insanlar ilə bölüşməməlisiniz.

Röya Rasimqızı, “İki sahil”