KÖŞƏ

Vəli İlyasov

Şəhid ruhunu incitmək ən böyük günahdır, Əli Kərimli!

21 avqust 2019 23:20
305

Şəhid hərbi pilotumuz, polkovnik-leytenant Rəşad Atakişiyevin dəfn mərasimini siyasiləşdirməyə çalışan bir qrup yaramazın bəd niyyətləri gözündə qaldı. AXCP sədri Əli Kərimli bu dəfə də fiaskoya uğradı. Hətta iş o yerə çatdı ki, şəhid hərbçinin yaxın qohumları radikal müxalifətin siyasi oyunbazlarına yasa gəlməyi belə qadağan etdilər. Azərbaycan mentalitetində yasa gələni qovmaqdan ağır həqarət yoxdur.  Təbii ki, heç kəs əzizinin yas mərasiminin  siyasi avantüra məclisinə çevrilməsini istəməz. Buna görə də mərasim sahibləri öz fikirlərini aydın və qətiyyətli şəkildə ifadə ediblər.

Bunlar bəd əməlləri ilə özlərini o günə qoyublar ki, artıq onlara yas yerlərinə gəlməyi də qadağan edirlər. Görəsən, bu biabırçılıqdan bir nəticə çıxardımı Əli Kərimli və qulbeçələri? Nəzərə alsınlar ki, sosial şəbəkələrdə, KİV-də, ümumiyyətlə, hər yerdə söhbət bunların yaramaz əməllərindən gedir və hamı “eldən dışarı” olan hərəkətləri və niyyətləri pisləyərək “ar olsun!” deyir.

Azərbaycan müxalifətinin “qara yarası” adlandırılan Əli Kərimli bu ayamanı həmişə doğruldub. Çünki beyini artıq zombiləşdirilmiş bu adam öz xalqının vampirinə çevrilib və bunu hər addımda büruzə verir. Aldığı haram qrant pulları gözlərini elə bağlayıb ki, onun hakimiyyətə və dövlətə qarşı nifrəti  o qədər böyükdür ki, artıq nə etdiyinin, nə danışdığının fərqində deyil. Bütün bunların nəticəsidir ki, “satqın”, “xain” sözləri işlənən kimi hamının yadına dərhal AXCP sədri Əli Kərimli düşür. Xəmiri xəyanətdən yoğrulmuş Əli Kərimli isə çoxlu pul qazanmaq xatirinə Vətəni də, xalqı da satmaqda davam edir. Üzü padoşa çevrilmiş bu adam utanmağın, abır-həyaya qısılmağın nə olduğunu belə dərk etmir. Hətta keçmiş partiya yoldaşları Əli Kərimlinin lap əvvəldən düzgün yolda olmadığını və xəyanətkar əməllərini indi də ittiham edirlər. Elçibəy AXCP-sini parçalayan Əli Kərimli başına özü kimi beş-on nəfər yığaraq Azərbaycanı gözü götürməyənlərin pullu sifarişlərini yerinə yetirməkdən, başqalarına böhtan yağdırmaqdan, demokratiya dərsi keçməkdən çəkinmir.

Əli Kərimli AXC-Müsavat hakimiyyətində yüksək postlarda olduğu müddətdə Azərbaycanı cəngəllik qanunları ilə idarə edənlərdən biri olduğunu yaddan çıxarır. Görəsən doğrudanmı xatırlamır ki, hakimiyyətdə olduğu vaxtlarda Azərbaycanda dərəbəylik  hökm sürürdü. İnsanın sifəti nə qədər daş olmalıdır ki, öz törətdiklərini bir kənara qoyub başqalarını günahlandırsın?
Kərimli iddia edir ki, sən demə “Relax”da qanunun aliliyi təmin olunmayıbmış, bu hadisədə şəxsi münasibətlər önə çəkilir. Bu yanaşma ilk olaraq qanunun aliliyinə qarşı hörmətsizlikdir, çünki Azərbaycan Respublikasının qanunlarını hakimiyyət yox, dövlət müəyyən edib və bütün iqtisadi-siyasi münasibətlər dövlət qanunları ilə tənzimənir. Kərimli və ətrafının bu yanaşması dövlətin aliliyinə qarşı çıxmaqdır, hərçənd, onların tarixçələri və indiyə qədər mövcud fəaliyyətləri bunu o qədər də təəccüblü etmir. Lakin burada Kərimlinin Azərbaycan cəmiyyətini də sadəlövh yerinə qoymaq və öz axmaq məntiqini ictimai rəyə sırımaq cəhdi açıq müşahidə olunur. Onun məntiqindən belə çıxır ki, ölkədə dövlət qanun pozuntusuna qarşı hərəkət edirsə, burada mütləq hakimiyyətin şəxsi maraqları var. Bu, artıq axmaq məntiqin başqalarına həyasızcasına təlqin edilməsi  deməkdir.

Belədə  ortaya başqa suallar da çıxır: Əli Kərimlinin dövlət katibi olduğu hakimiyyətin dövründə törədilən cinayətlərin məsuliyyətini kim daşıyır? Uzaq tarix deyil, bu gün mələk donuna bürünmüşlərin bu ölkəni idarə etdikləri zaman insanlarla necə rəftar etmələrini, qanunlara məsuliyyətsiz münasibətlərini heç kim unutmayıb.

Əli Kərimlinin təmsil olunduğu hakimiyyətdə daxili işlər naziri olan İsgəndər Həmidovun jurnalistlərə qarşı zorakılığı, yun tədarükçüsü Surət Hüseynovun silahlanaraq hər cür cinayət törətməsi, ölkəni  vətəndaş müharibəsi həddinə çatdırması, müdafiə naziri Rəhim Qazıyevin ordunu məhv etməsi, cəbhədəki vəziyyətlə bağlı dövləti və xalqı aldatması, Müdafiə Nazirliyində məsul vəzifə daşıyan Leyla Yunusun başının dəstəsi ilə redaksiyalara hücum etməsi, dövlət sirlərini satması, Qarabağ müharibəsinin gedişini ermənilərin xeyrinə dəyişdirəcək informasiyaları sızdırması kimin ayağına yazılmalıdır? Yaşlı və orta  nəsillərin yadındadır ki, AXC-Müsavat hakimiyyəti dövründə ölkədə aclıq və cinayətkarlıq baş alıb gedirdi. Onların qarşısını kim almalı idi?  Hələ bu, hamısı deyil, yüzlərlə belə suallar var ki, Əli Kərimli və onunla bərabər hakimiyyətdə olanlar həmin suallara cavab verməlidirlər.

Yaxud elə Kərimlinin özünün dövlət katibi səlahiyyətlərindən istifadə edərək, dövlət mülkiyyətini özəlləşdirməsinin, vəzifəsinin tələb etdiyi işləri bir kənara qoyaraq, var-dövlət toplamasının, başqa ölkələrin maraqlarının təmin edilməsi istiqamətində gördüyü işlərin məsuliyyətini kim daşıyır?!  Ermənipərəst dairələrin sifarişlərini mütiliklə yerinə yetirən Əli Kərimlinin xəyanətlərinin miqyası ölçüyəgəlməzdir və haqlı olaraq ona “qara yara” ayaması yapışdırıblar.

Bütün bunlardan usanmayan Əli Kərimli az qala vaxtilə Azərbaycanın başına açdıqları oyunlara görə də indiki hakimiyyəti günahlandırır. Əslində bəzən o, buna da cəhd edir. Havanın yağışlı olmasını, qar yağmasını, bərk külək əsməsini  iqtidarın günahı kimi qələmə verməyə çalışır. Amma nə yaxşı ki, normal məntiq var və Azərbaycan xalqı axmaqların sarsaq məntiqinin arxasınca getmir. Əli Kərimli və onun kimiləri bilməlidirlər  ki, taleyin hər üzünü görmüş Azərbaycan xalqı hər kəsin qiymətini düzgün verib.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...