15 oktyabr 2019 19:42
833

Şəhid ailələri: Dövlətimizin yanımızda olmasını daim hiss edirik

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş qəhrəman Vətən övladlarının ailə üzvlərinin rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilən sosial siyasət bu gün də yüksək səviyyədə davam etdirilir. Məhz bunun nəticəsidir ki, müasir tələblərə cavab verən  7 minə yaxın mənzil inşa etdirilərək əlil və şəhid ailələrinin istifadəsinə verilib. Təkcə keçən il 626 şəhid ailəsinə yeni mənzillər, evlər təqdim olunub. Bu il həmin kateqoriyadan olan insanlara 800 mənzilin verilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev  yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşündə demişdir: “Bir dənə də şəhid ailəsi qalmayacaq ki, dövlət ona ev və ya mənzil verməsin. Bu, bizim siyasətimizdir, bu, bizim yolumuzdur, biz bu yolu gedirik”.

2016-cı il aprel döyüşləri zamanı şəhid olan Rahim Tağıyevin və Rüstəm Əhmədovun ailələrinə də bu günlərdə yeni mənzillər təqdim olunub.

Şəhid Rüstəm Əhmədovun atası Oruc Əhmədov mənzillə bağlı sevincini “İki sahil” qəzeti ilə bölüşərkən bildirdi ki, övlad itkisi çox ağır olsa da, onun Vətən uğrunda şəhidlik zirvəsinə yüksəlməsi ilə təsəlli tapıram: “Mənim övladım vətənpərvər, elini, obasını sevən idi. İndi də hər dəfə onun adı igid, vətənpərvər oğlanların sırasında çəkilir. Mənə ona verilən belə bir dəyər də təsəllidir. Elə şəhid oğlumun 2 övladı da vətənpərvərlikdə, əgər belə demək mümkünsə, atasına çəkib”.

Müsahibimiz, həmçinin şəhid ailələrinə göstərilən qayğıdan da söz açdı: “Prezidentimiz İlham Əliyevə çox minnətdaram ki, o, şəhid oğlumun ailəsini  mənzillə də təmin etdi. İndi onun övladları elə sevinclidirlər ki... Elə onlar da şəhid ailələrinin üzvlərinə göstərilən diqqət və qayğıya görə dövlətimizdən çox razıdırlar. Şəhid ailəsi olaraq dövlətimizin yanımızda olmasını daim hiss edirik”.

Dövlətin həmişə vətəndaşının, o cümlədən şəhid ailələrinin yanında olmasını xusüsi vurğulayan həmsöhbətimiz, həmçinin qeyd etdi ki, həyatını torpaq uğrunda qurban verən fədakar oğulların qəhrəmanlığı hər cür hörmət və ehtirama layiqdir.

Şəhid Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva isə dedi ki, 3 övladımla kiçik bir mənzildə yaşayırdıq: “3 məktəbli övladım belə bir mənzildə dərslərinə hazırlaşmaqda çətinlik çəkirdi. 4 otaqlı yeni mənzil xəbərini eşidəndə onlar o qədər sevindilər ki... Bu sevinci bizə bəxş etdiyinə görə Prezidentimizə minnətdarlığımızı bildiririk. Şəxsən mən bir şəhid ailəsi kimi şəhid ailələrinə dövlət səviyyəsində göstərilən bu qayğını yüksək qiymətləndirirəm. Buna görə dövlət başçımıza, eləcə də şəhid analarına, şəhid ailələrinə həmişə himayədarlıq göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da minnətdaram. Onu da deyim ki, bu gün Azərbaycan şəhid ailələrinə, müharibə əlillərinə və onların ailə üzvlərinə bu qədər qayğı göstərən nadir ölkələrdəndir. Şübhəsiz, bütün bunlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş humanizmə sadiqlik ənənəsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin təsdiqidir”.

Qeyd edək ki, Vüsalə xanımım evində gələcəyin iki əsgəri yetişir: “İnanıram ki, onlar da ataları kimi vətənpərvər, mərd, igid olacaqlar”. Söhbətimizə qoşulan şəhidin 5-ci sinifdə oxuyan oğlu Nicat qüdrətli ordumuzun atasının qisasını alacağına şübhə etmədiyini dilə gətirdi.

Vüsalə xanım daha sonra bildirdi ki, bizim ən böyük istəyimiz torpaqlarımızın azad olunduğu günü görməkdir: “Şübhəsiz, bu arzumuz da reallaşacaq. Ordumuz əzəli və əbədi torpaqlarımızı işğaldan azad edəcək. Mənə elə gəlir ki, o qəhrəman əsgərlərimizin sırasında Vətənimizin bütövlüyünü,   torpaqlarımızın ermənilərdən azad olunmasını görmək istəyən cəsur Rahim də olacaq. Axı o, şəhiddir. Şəhidlər isə heç vaxt ölmürlər!”

Qeyd edək ki, Rahim Tağıyev aprelin 2-də cəbhənin Tərtər-Ağdərə istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində ağır yaralanıb. 3 ay 7 gün koma vəziyyətində qaldıqdan sonra ömrünün 18 ilini hərbiyə həsr etmiş gizir rütbəsində olan Rahim 37 yaşında gözlərini əbədi yumub. Kiçik cavuş Əhmədov Rüstəm Oruc oğlu isə 2016-cı il aprel ayının 14-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması zamanı şəhid olub. Onların hər ikisi də  “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif ediliblər. Məzarları da Mingəçevir şəhərindəki Şəhidlər xiyabanındadır.

Qvami Məhəbbətoğlu, “İki sahil”