23 aprel 2019 18:02
133

Şarl Lekler: Ən sevdiyim traslardan biri Azərbaycandadır

Formula 1 Azərbaycan Qran-Prisi ərəfəsində “Ferrari” pilotları və komandanın rəhbəri Mattia Binotto Bakının mərkəzindəki maraqlı və mürəkkəb şəhər trasında keçiriləcək mövsümün dördüncü mərhələsinin xüsusiyyətlərindən bəhs ediblər. Yeri gəlmişkən, bu komanda hələ ki, həmin trasda qələbə qazana bilməyib, onun ən yaxşı nəticəsi isə ötən il Kimi Raykkonenin əldə etdiyi ikinci pillədir.

AZƏRTAC xəbər verir ki, pilot Sebastyan Fettel deyib: “Altı kilometrlik bu trasda təqvimdə ən uzunməsafəli olan və bizim saatda 360 km sürətlə şütüdüyümüz 2,2 kilometr uzunluğunda düz yol var. Ondan sonra soldakı yavaş 1-ci döngədə intensiv əyləcə basılması tələb olunur. Köhnə şəhərin divarları boyu sərt yoxuşun olduğu rayonda trasın genişliyi cəmi 7 metrdir və bu məsafə Formula 1 maşınları üçün darısqaldır, sanki sapı iynənin ucundan keçirməlisən. İki maşın bu əraziyə sığmır və bu səbəbdən kimin kimə yol verəcəyini razılaşdırmaq lazım gəlir.

Bakıda maşının trasdakı yavaş döngələrdə yaxşı hərəkət etməsi üçün qanadların hücum bucağını tənzimləmək lazımdır, lakin bununla belə, düz yolda tam sürətlə irəliləmək və qaza basmaq mümkündür. Düzgün kompromis tapmaq isə heç də asan deyil”.

Pilot Şarl Lekler qeyd edib: “Ən sevdiyim traslardan biri Azərbaycandadır. Bu tras sadəcə çox xoşuma gəlir və orada həmişə uğurla çıxış etmişəm. Yürüşdə qalib gələrək Formula 2 podiumuna qalxmışam. Ötən il isə Formula 1-də ilk xallarımı qazanmışam. Orada pilotluq etməyi çox xoşlayıram, xüsusən Köhnə şəhərin divarları boyu trasdakı bütün dar döngələrdə şütüməyi çox sevirəm.

Tras unikaldır və dünyanın heç bir yerində bənzəri yoxdur. Orada qaydalar da çox sadədir: heç bir zaman konsentrasiyanı itirməmək. Əks halda - ilk səhvə yol verdiyiniz anda çəpərlərə çırpıla bilərsiniz. Bakıda pilotdan bütün məharətindən istifadə etmək tələb olunur və mən artıq tezliklə start xəttinə çıxmaq istəyirəm”.

Komandanın rəhbəri Mattia Binotto bildirib ki, onun pilotları üçün istədikləri səviyyədə keçməyən üç mərhələ artıq geridə qalıb. İndi komandanı növbəti mühüm Qran-Pri gözləyir. O əlavə edib: “Biz bu mərhələyə diqqətlə hazırlaşırıq, əlimizdə olan bütün informasiyaların təhlilini aparırıq, təkmilləşdirə biləcəyimiz sahələri müəyyən edirik, Bakı trasına uyğun olacaq şassi və güc qurğularının tənzimlənməsi üzərində işləyirik. Orada çox uzun düz yol var, bu səbəbdən daxili yanma mühərriki və hibrid hissəsinin elementlərinin olduğu güc qurğularına böyük əhəmiyyət verilir. Bu trasda ötmə əməliyyatını həyata keçirmək nisbətən asandır, bu, daha çox DRS sisteminin sayəsində mümkün olur və həmin qurğu bu il çox effektiv işləyir. Yol örtüyü çox hamardır və bu o deməkdir ki, şinlərin yeyilməsi nisbətən az olacaq. Lakin onlar daha az yükləndiyindən, rezinin lazımi işçi temperaturadək isinməsi ilə bağlı problemlər ola bilər.

Ötənilki təcrübəmizdən bilirik ki, Bakıda təhlükəsizlik avtomobilinin gəlməsi ehtimalı böyükdür və yürüş taktikasını hazırladıqda bu mühüm aspekti nəzərə almaq lazımdır. Biz Azərbaycana çoxlu yenilik gətirəcəyik – bu, SF90-nın modernləşdirilməsinin ilk mərhələsi olacaq.