17 mart 2020 20:36
1062

Şamaxı soyqırımı: Tariximizin qanlı səhifəsi

1918-ci ildə bolşevik-daşnak qüvvələri Bakı ilə yanaşı, ölkəmizin bir sıra bölgələrində də  kütləvi qırğınlar törədiblər.  Belə ki, onlar 1918-ci il martın 18-də Şamaxının müsəlmanlar yaşayan hissəsinə hücum ediblər. Nəticədə Şamaxı qəzasının mərkəzində, həmçinin onun  58 kəndində 8 027 nəfər (4190 nəfəri kişi, 2560 nəfər qadın, 1277 nəfər uşaq) dinc əhalini öldürüblər. Şamaxı şəhərində 13 məscidi, o cümlədən  Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidini yandırıblar. Yeri gəlmişkən qeyd edək ki, bolşevik-daşnak qüvvələri ən böyük qırğını da Cümə məscidində törədiblər. Belə ki, şamaxılıların Allah evi kimi məscidə sığındıqlarını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı diri-diri yandırıblar. Şübhəsiz, Şamaxıya hücum, dinc azərbaycanlı əhaliyə - qadına, qocaya, uşağa qəddarcasına divan tutulması yalnız ermənilərin azərbaycanlılara qarşı olan milli düşmənçilik hissindən irəli gəlirdi.

Tədqiqatçıların araşdırmalarına görə, o vaxt Şamaxı qəzasında 120 kənd olub ki, bunların da 86-ı erməni təcavüzünə məruz qalıb. Lakin sonradan Şamaxının digər kəndlərində komissiyanın təhqiqat aparmasının qarşısı alınıb. Bu da  sovet Rusiyasının 1920-ci il aprelin 27-də ölkəmizi işğal etməsi və nəticədə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının o vaxt müsəlman əhaliyə qarşı törədilmiş cinayətləri təhqiq etmək üçün təşkil etdiyi  Fövqəladə İstintaq Komissiyasının öz işini dayandırması ilə bağlı olub. Halbuki Fövqəladə Təhqiqat Komissiyası bu vandalizmin başlıca təşkilatçıları haqqında cinayət işi qaldırmaq, onları məsuliyyətə cəlb etmək və istintaq işinə başlamaq haqqında qərar qəbul etmişdi.

İşğaldan sonra hadisələrin obyektiv təhqiqi əvəzinə Moskvanın göstərişi ilə Azərbaycanla Ermənistanın “dostluğu və qardaşlığı” ilə bağlı əfsanələr uyduruldu. Bununla da bolşevik-daşnak qüvvələrinin törətdikləri soyqırımlarını unutdurmağa səylər göstərildi. Üstəlik, bu soyqırımların əsas təşkilatçısı olan Stepan Şaumyanın və onun kimilərinin adları küçələrdə, meydanlarda, şəhər və rayon, koxox-sovxoz adlarında və digər yerlərdə əbədiləşdirildi. Sonradan da bu unutqanlığımız bizə çox baha başa gəldi. Nəticədə ötən əsrin sonlarında minlərlə say-seçmə oğullarımızı, ərazimizin 20 faizini itirdik, 1 milyon soydaşımız öz ölkəsində qaçqın və məcburi köçkünə çevrildi.

...1918-ci il  soyqırımlarının, ümumiyyətlə, ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətinin nəticələrinin obyektiv tədqiqatı və təhlili yalnız ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra mümkün olub. Belə ki,  80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Amma erməni terrorcuları öz havadarlarının köməyinə arxalanaraq beynəlxalq ictimaiyyətə təhrif edilmiş məlumatlar ötürür və bununla da diqqəti azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətindən yayındırmağı çalışırlar. Hətta iş o yerə çatıb ki, bu gün onlar  yaxın tarixdə, yəni 1992-ci ilin fevralında Xocalıda misli görünməmiş qəddarlıqla törətdikləri soyqırımı da gündəlikdən kənarda saxlamağa çalışırlar. Nə qədər qəribə olsa da kifayət qədər dəlil, sübutların olmasına baxmayaraq, dünyanın bəzi mötəbər qurumları da onların səsinə səs verirlər. Halbuki bəşəriyyət tarixinə Xocalı soyqırımı kimi daxil olan bu qanlı faciə nəticəsində yüzlərlə soydaşımız məhv edilib, minlərlə insan yaralanıb, itkin düşüb, əsir alınıb, bütöv bir şəhər yerlə-yeksan edilib.

Bütün bunlara rəğmən, Azərbaycan beynəlxalq aləmdə bu istiqamətdə fəaliyyətini daha ciddi davam etdirməkdə və günahkarları ədalət məhkəməsi qarşınsa çıxarmaqda israrlıdır. Şübhəsiz, dünya miqyasında bir sıra ilklərə imza atmış ölkəmiz bu istəyini də reallaşdırmağa nail olacaq. Bu məqamda Prezident İlham Əliyevin sözlərini də xatırlatmaq yerinə düşərdi: “Əfsuslar olsun ki, beynəlxalq hüquq normaları işləmir. Beynəlxalq təşkilatların qərarları kağızda qalır, ədalətsizlik davam edir. Belə olan halda əlbəttə ki, güclənən Azərbaycan dövləti yalnız öz gücünə güvənməlidir və öz gücünə güvənir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”