12 iyul 2019 14:56
83

Sevinc Fətəliyeva: 1969-cu ilin 14 iyulu müasir tariximizin dönüş nöqtəsidir

1969-cu il iyulun 14-də ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi müasir tariximizin dönüş nöqtəsidir. Məhz bu tarixdən etibarən Azərbaycan tənəzzüldən milli inkişaf və intibah yoluna qədəm qoydu. O dövrdə istər sosial-iqtisadi, mənəvi-psixoloji tənəzzül yaşayan Azərbaycan ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə hər bir sahədə dirçəldi, eləcə də mənəvi-psixoloji mühit sağlamlaşdı, milli şüurda oyanış baş verdi. Bununla da Azərbaycanın müstəqilliyinin əsasları yaradıldı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilib, Azərbaycan müstəqilliyə qovuşub. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, - deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, milli dövlətçiliyin konsepsiyasını yaradıb.

Deputat deyib ki, azərbaycançılıq məfkurəsinin müəllifi kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz ümummilli lider Heydər Əliyevin siyasi kursu sayəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayıb və onu dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirib. Ulu öndər Heydər Əliyev dövlət başçısı və siyasi xadim kimi beynəlxalq vəziyyəti düzgün təhlil edərək, Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və inkişafı yolunda müstəqil siyasət apararaq xalqı öz ətrafında birləşdirməyi bacarıb. Ölkə rəhbəri kimi Heydər Əliyevin əsas siyasi kursu da bu prinsiplər əsasında həyata keçirilirdi. O, Azərbaycan xalqının hər bir nümayəndəsinin rahat, azad və əmin-amanlıq şəraitində yaşaması üçün səyini əsirgəmir, bu istiqamətdə iqtisadi-siyasi, sosial-mədəni dövlət siyasətini həyata keçirirdi. Gündən-günə iqtisadi qüdrətini artıran, dünya gücləri qarşısında qamətini qürurla dik tutmağı bacaran gənc bir dövlətin həqiqi qurucusu və lideri Heydər Əliyevin sonrakı dövrlərdə həyata keçirtdiyi bütün islahatların kökündə də məhz bir amal, bir məqsəd dayanırdı: hər bir azərbaycanlının müstəqil, sağlam və rahat yaşayışını təmin etmək.

S.Fətəliyeva qeyd edib ki, dünyada söz sahibi olan ölkələrin Azərbaycanla qarşılıqlı müqavilələr bağlamaları, Azərbaycanın həyata keçirdiyi irimiqyaslı layihələrdə iştirak etmək istəmələri təkcə durmadan inkişaf edən bir ölkənin artan nüfuzu və iqtisadi imkanları deyildi, həm də rifah halı yüksələn, yaşayış şəraiti yaxşılaşan Azərbaycan vətəndaşlarının həyata keçirilən bu proseslərdə birbaşa tərəf kimi iştirak etmək hüquqlarının var olması idi.

Müstəqil dövlət quruculuğundan danışarkən ölkənin xarici siyasət kursuna nəzər salmamaq mümkün deyil. Heydər Əliyev mürəkkəb qlobal və regional vəziyyətin mövcudluğu, ölkə daxilində destruktiv qüvvələrin fəallaşdığı bir şəraitdə əsaslandırılmış xarici siyasət kursu müəyyənləşdirdi. Bu, Azərbaycan dövlətçiliyi üçün tarixi töhfə idi. Azərbaycanın xarici siyasətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ən başlıca yer tutur. Bu məsələdə ölkəmiz diplomatik cəbhədə işğalçı Ermənistanı küncə sıxışdırıb. Bütün beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyü tanınır.

“Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Əminliklə demək olar ki, Ümummilli Liderin qurduğu dünyəvi Azərbaycan dövləti öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Azərbaycanın gələcəkdə daha böyük nailiyyətlər qazanacağı şübhəsizdir”,- deyə S.Fətəliyeva vurğulayıb.