24 aprel 2019 20:25
132

Serxio Peres: Bakı trası bolidimizə həmişə uyğun olub

“Racing Point” yürüşçüləri Bakıda artıq fəxri kürsüyə qalxıblar və bu uik-enddə də iki bolidlə xallar qazanmaq niyyətindədirlər.

AZƏRTAC xəbər verir ki, Serxio Peres deyib: “Bakı yürüşü mənim sevimli yürüşlərimdən birinə çevrilib. Burada trass sürətlidir və ötmə əməliyyatları üçün imkanlar var. Bu səbəbdən də çoxlu hadisələr baş verir. Konfiqurasiya xoşuma gəlir. Maneələri gözləmək şərtilə, dəqiq idarə etməklə irəli keçmək lazımdır. Şəhər trasları pilotlar üçün həmişə mürəkkəb olub. Lakin buna baxmayaraq, bu trasları çempionatın təqvimində daha çox görmək istərdim.

Mən Bakıda keçirilən üç yürüşün ikisində fəxri kürsüyə qalxmışam və ötənilki yürüşü karyeramda ən yaxşılarından biri hesab edirəm. Fetteli necə qabaqlamağım, onu son dövrələrdə arxada saxlamağım xatirimdədir. Bu, ən yaxşı çıxışlarımdan biri idi. Mən hər dövrəni təsnifat rejimində ötüb keçirdim.

Biz Bakıda həmişə rəqabətədavamlı olmuşuq. Ümid edirəm ki, bu meyil qorunub saxlanılacaq. Tras bolidimizə həmişə uyğun olub. Bunun bir neçə səbəbi var. Burada yüksək maksimal sürət və tormozlamalarda əminlik lazımdır. Bizim Çindəki çıxışımız xoşuma gəldi, xüsusilə də bazar günü. Həmin ritmi Bakıda da tapmaq lazımdır”.

Lens Stroll qeyd edib: “Bakıda uik-endin başlanmasını səbirsizliklə gözləyirəm. Bu trass xoşuma gəlir, mənim çox gözəl xatirələrim var. 2017-ci ildə mən birinci podiumumu əldə etdim, ötən il isə xal qazandım. Bakı Qran-Prisi o yürüşlərdəndir ki, orada bütün fürsətlərdən istifadə edilməlidir.

Şəhər trasları mənim xoşuma gəlir, Bakıda isə sürmək əladır. Tras yüksək texnikaya, 90 dərəcəli döngələrə malikdir. Burada, xüsusən də dövrənin sonunda bir neçə sürətli hissələr var. Bu, şəhər trası olduğundan çəpərlərin yanından sürmək lazım gəlir. Tras ensizdir, bu səbəbdən də pilotun səhvə yol verməyə haqqı yoxdur. Bu mərhələ televiziya ekranlarından əla görünür.

Bu uik-enddə yenidən xal qazanmaq üçün əla fürsətlərimiz var. Mənə elə gəlir ki, bu tras Bəhreyn və Çin avtodromlarına nisbətən bizim bolidimizə daha çox uyğundur. Biz bu uik-endə simulyatorda xeyli hazırlaşmışıq. Əsas düz yolda yenə də “slipstream”dən aktiv şəkildə istifadə etmək olar. Çünki mən fəal mübarizə gözləyirəm”.

“Racing Point” komandasının rəhbəri Otmar Safnauer qeyd edib ki, biz Bakıya yenidən xal qazanmaq məqsədilə gəlmişik. Biz artıq bu trasda uğura nail olmuşuq. Bakı trası Bəhreyn və Çin avtodromlarına nisbətən bizim bolidə daha uyğundur.

Hazırda sabit çıxış etmək və xal qazanmaq lazımdır. Pelotonun ortasında nəticələr çox sıxdır, heç kimin xalda üstünlüyü yoxdur. Bizim mübarizə aparmağa səbəbimiz var, çünki biz Konstruktorlar Kubokunun dördüncü sırasında qərarlaşan komandadan cəmi 5 xal geri qalırıq”.