08 may 2019 14:36
277

Sənaye müəssisələrində 350 milyon məhsul istehsal edilib - FOTO

Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə,  təşkilat, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov açaraq bildirib ki, hesabat dövrü Sumqayıt şəhəri üçün uğurlu olub. Şəhər rəhbəri vurğulayıb ki, hesabat dövründə həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq Sumqayıtda böyük nailiyyətlər əldə olunub, əlamətdar hadisələr baş verib: “Şəhərdə abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi, 263 yaşayış binasının dam örtüyünün, 25 binanın fasadının, 74 ədəd liftin və 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının əsaslı təmiri, tibbi avadanlıqlarla təchiz edilməsi, məktəb tikintisi məqsədilə maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutan sərəncamların imzalanması dövlət başçısının Sumqayıt və sumqayıtlılara göstərdiyi diqqət və qayğını bir daha təcəssüm etdirir.”

Hesabat dövründə “Nizami” kinoteatrının, Corat qəsəbəsində 120 yerlik uşaq bağçasınınvə Məhkəmə Kompleksinin tikintisində işlər davam etdirilib, “Muğam evi”nin tikintisinə və Sumqayıt Bulvarının şimal-şərq istiqamətində 1 km uzunluğunda genişləndirilməsi işlərinə başlanılıb. 5-ci Polis bölməsinin yeni inzibati binasının tikintisində tamamlanma işləri aparılır.

Z.Fərəcov vurğulayıb ki, cari ilin birinci rübü  ərzində  şəhər üzrə ümumi daxili məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz və ya 40 milyon manat artaraq 460 milyon manatdan çox olub. Sənaye müəssisələrində 350 milyon manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 117 faiz təşkil edir. Qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə yaradılan, ölkənin ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında 18 rezident tərəfindən 2,5 milyard dollar investisiya qoyulub, fəaliyyətdə olan müəssisələrin sayı 13-ə çatıb. Hazırda istehsalat və tikinti-quraşdırma işlərində 6 minə qədər işçi çalışır.

Parkda ixtisaslı kadrların hazırlanması üçün müasir tipli Peşə Tədris Mərkəzinin inşası, “AzərFloat” QSC-i tərəfindən Almaniya texnologiyası əsasında ildə 8,0 milyon kv. metr müxtəlif çeşiddə şüşə lövhələr istehsalı, İnvestisiya məbləği 3,5 milyon dollar olan polimerdən kisə və boru istehsalı müəssisələrinin və “Azərxalça” ASC-nin İtaliya, Fransa və Türkiyə texnologiyaları ilə fəaliyyət göstərəcək, ildə 370 ton iplik və 195 ton təmiz yun istehsal olunacaq Yun Əyirici-Boyaq fabriklərinin tikintisi davam etdirilir.

Z.Fərəcov diqqətə çatdırıb ki, 3 ay ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın məbləği 50 milyon manat olub. Bu da əvvəlki ilə nisbətən 14 faiz və ya 6 milyon manat artım deməkdir. Mühüm iqtisadi göstəricilərdən olan ticarət dövriyyəsi 240 milyon manat olub, əvvəlki dövrlə müqayisədə 9 faiz artıb. Əldə olunan uğurlar, iqtisadi göstəricilərin ötən illə müqayisədə artması nəticəsində yerli büdcə gəlirləri proqnoza qarşı 3 milyon manat və ya 28 faiz artaraq 13,4 milyon manat olub, xərc hissəsi isə 10,7 milyon manat proqnoza qarşı 7,3 milyon manat və ya 68 faiz icra olunub.

Ölkənin kimya sənayesinin avanqardı olan “Azərikimya” İB-nin perspektiv inkişaf planına uyğun olaraq yenidənqurma və modernizasiya layihəsi üzrə işlər davam etdirilib. Layihə çərçivəsində EP-300 qurğusunun propilen istehsalı gücü ildə 135 min tondan 187 min tona çatdırılacaq. Bununla da “SOCAR Polimer” MMC-nin müəssisələrinin daim olaraq xammal və enerji ilə təminatı yaxşılaşacaq, EP-300 zavodunun “Buxar Generatoru”nun gücü 35 MVT-dan 65 MVT-a çatdıralacaq. Nəticədə “Azərkimya” İB bütün müəssisələri öz enerjisi ilə tam təmin ediləcək. Digər istehlakçılara enerji verilməsi nəzərdə tutulur. Layihənin dəyəri 1,0 milyard manat təşkil edir. Layihənin icrası dövründə 2 min nəfər çalışacaq.

Hesabat məruzəsi ətrafında çıxış edənlər bildiriblər ki, cari ilin birinci rübündə həyata keçirilən layihələr, qazanılan uğurlar ili layiqincə başa vurmaq üçün etibarlı zəmin yaradır.

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.

Orxan Vahidoğlu, “İki sahil”