KÖŞƏ

Elçin Zaman

Seçən də razı, seçilən də...

11 fevral 2020 20:38
3091

Demokratik və şəffaf parlament seçkiləri ölkəmizin beynəlxalq nüfuzunu gücləndirəcək mühüm amildir

Ölkəmizdə keçirilən 9 fevral parlament seçkiləri siyasi islahatların inkişafının davamlı olması üçün yeni əsaslar yaradacaq. Xüsusilə bu seçkinin daha müasir və innnovativ şəraitdə keçirilməsi onun şəffaflığına, demokratikliyinə müsbət mənada təsir etmiş oldu. Bu seçkini izləyən çoxsaylı xarici müşahidəçilərin də gəldikləri qənaət belədir ki, Azərbaycanda seçkilər demokratik prinsiplərə uyğun,  şəffaf mühitdə keçirilib.

Ümumilikdə 9 fevral parlament seçkilərinin şəffaf və ədalətli keçirilməsi üçün yüksək əzmkarlığın ortaya qoyulması bu mühüm siyasi kampaniyanın bütün mərhələlərində hiss olunurdu. Belə ki, seçkiöncəsi bütün namizədlərə qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan əlavə olaraq seçicilərə öz platformaları barədə məlumat vermək üçün daha geniş şərait yaradılmış, onlara öz seçiciləri ilə görüşmək və fikirlərini çatdırmaq üçün xüsusi yerlər ayrılmışdı. Bunun nəticəsidir ki, təşviqat prosesində hər hansı ciddi problem qeydə alınmamışdı.

Seçki kampaniyasının əsas mərhələsi səsvermədir. Fevralın 9-da səsvermənin şəffaf keçirilməsi, seçicilərin öz iradələrini azad ifadə edə bilmələri bu seçkidə də müvəffəqiyyətlə təmin edildi və vətəndaşlar 1314 namizəd arasından layiq bildiklərinə səs verdilər.

Azərbaycanda seçkilərin demokratik, şəffaf, azad və ədalətli keçirilməsini təmin etmək üçün hələ uzun illər əvvəldən mühüm addımlar atılıb. Bunlardan biri seçki məntəqələrində veb-kameraların quraşdırılması və seçki günü səsvermənin gedişinin internetdən birbaşa izlənilməsidir. Altıncı çağırış Milli Məclisə seçkilərlə əlaqədar proseslərin əvvəldən axıradək izlənilməsi məqsədilə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılmışdı.

Eyni zamanda, bu seçkilərdə də “exit-poll”un keçirilməsi üçün şərait yaradılmışdı. “Exit-poll” keçirmək məqsədilə MSK-ya müraciət edən 3 təşkilatın hamısı qeydə alınmışdı ki, onların da ikisi öz fəaliyyətlərini xarici tərəfdarları ilə birgə qurmuşdu.

Belə ki, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası ABŞ-ın “AJF&Associates İnc.” təşkilatı ilə, “İnsan Hüquqları XXI əsr - Azərbaycan” Fondu Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, həmçinin “Rəy” Monitorinq Mərkəzi “exit poll” keçirdilər. Hər bir təşkilatın keçirdiyi sorğunun nəticəsi MSK-nın nəticələri ilə üst-üstə düşdü.

Seçkiləri 78 minə yaxın yerli, o cümlədən 883 nəfər xarici müşahidəçi izlədi. Xarici müşahidəçilər 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edirdilər. Parlament seçkilərini işıqlandırmaq üçün kütləvi informasiya vasitələri üçün də hər cür şərait yaradılmışdı. Hər bir mətbuat işçisi seçkiləri işıqlandırmaq imkanına malik idi. O cümlədən 132 xarici kütləvi informasiya vasitəsinin 199 nəfər təmsilçisi seçkini işıqlandırmaq üçün akkreditasiyadan keçmişdi.

Beynəlxalq və yerli müşahidəçilər də seçkidən sonra verdikləri açıqlamalarda seçkiqabağı dövrdə heç bir pozuntunun olmadığını, bütün namizədlər, siyasi partiyalar üçün lazımi şəraitin yaradıldığını bəyan etdilər. Seçkini izləmək üçün ölkəmizdə akkreditə olunan xarici kütləvi informasiya vasitələri də parlament seçkilərinə geniş yer ayırmaqla onun demokratik və şəffaf keçirildiyini bütün dünyaya yaydılar.

Beləliklə, son parlament seçkilərinin nəticələri bütün beunəlxalq müşahidə missiyaları, xarici KİV tərəfindən yüksək qiymətləndirildi. Bütün rəylərdə, informasiyalarda seçkilərin olduqca ədalətli və şəffaf keçirildiyi, ölkəmizin demokratik dəyərlər yolu ilə inkişaf etdiyi birmənalı şəkildə öz əksini tapdı. Bütövlükdə, bu seçkilər demokratik mühitdə, azad və şəffaf keçirildi, xalqın iradəsini ifadə etmək kimi fundamental vəzifə yerinə yetirildi, vətəndaşlar öz iradələrini növbəti dəfə ifadə etdilər.

Məhz parlament seçkilərinin belə uğurlu keçirilməsi partiya mənsubiyyətindən asılı olmayaraq deputat seçilmiş insanların üzərinə böyük məsuliyyət yükü qoyur. Bu barədə Prezident İlham Əliyev MDB İcraiyyə Komitəsi müşahidə missiyasının rəhbəri, Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: “Bu, əlbəttə, bizim 2018-ci ildə prezident seçkilərindən sonra elan etdiyimiz islahatların davamıdır və onları ardıcıl olaraq həyata keçiririk. Hər şey Azərbaycanın dayanıqlı inkişafının təmin olunmasına və demokratik proseslərin genişlənməsinə yönəlmiş ümumi inkişaf strategiyası çərçivəsində gedir. Buna görə də həyata keçirilən struktur islahatları, o cümlədən kadr islahatları da bir məqsədə xidmət edir: biz yerimizdə saymayaq. Çünki müvəffəqiyyətlərdən arxayınlaşmaq olmaz.”

Prezident parlament seçkisinin növbədənkənar seçilməsinin əsas mahiyyətini belə şərh edir ki, ötən illər ərzində böyük nailiyyətlər əldə olunub: “Lakin həyat öz şərtlərini diktə edir. Dünyada, bizim regionda, iqtisadi sahədə şərait dəyişir, yeni çağırışlar meydana çıxır. Ona görə biz buna hazır olmalıyıq və vaxt itirməməliyik. Bu səbəbdən hökumətin, Prezident Administrasiyasının, mərkəzi və yerli hakimiyyət orqanlarının yenilənməsi, kadr islahatları parlamentdən yan keçə bilməzdi.”

Bir sözlə, formalaşacaq yeni parlament ölkəmizdə gedən siyasi islahatlara yeni təkan verəcək.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?