11 avqust 2020 20:25
866

Səbinə Cabarova: Çimərliklər pandemiya şəraitinə uyğunlaşdırılıb

Avqustun 5-dən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilib. Fəaliyyətinə icazə verilən çimərliklərdə giriş-çıxışın yoxlanılması, habelə çimərlik daxilində müəyyən edilmiş normativ qaydalara əməl edilməsinə nəzarət məqsədi ilə 1000-dən artıq ASAN könüllüsü prosesə cəlb edilib.

"İki sahil"in əməkdaşları da çimərliklərdə əhalinin sıxlığı ilə bağlı vəziyyətlə yerində tanış olmaq üçün Pirşağıdakı «Qızılqum» çimərliyində olub.

«ASAN Könüllüləri» Təşkilatının sədri Səbinə Cabarova bildirib  ki, çimərliklərdə əhalinin təhlükəsiz şəraitdə istirahətini təmin etmək üçün COVID-19 pandemiyası ilə bağlı yeni qaydalar tətbiq olunub. Çimərliklər pandemiya şəraitinə uyğunlaşdırılaraq vətəndaşların istifadəsi üçün tam hazır vəziyyətə gətirilib. Beynəlxalq təcrübə araşdırılaraq 120 çimərlikdə xüsusi zona yaradılıb. Fəaliyyətinə icazə verilən çimərliklərdə çətir və stollar 4 metr məsafə ilə quraşdırılıb. Çətirlərin altı rəngli taxtalarla bölünərək kəndirlə əhatələnib, hər əraziyə 2 istirahət kürsüsü yerləşdirilib.

Ümumi istifadə olunan soyunub-geyinmə otaqları və sanitar qovşaqların qarşısına məlumatverici lövhələr ilə yanaşı, dezinfeksiyaedici məhlullar yerləşdirilib, müxtəlif yerlərə maskaların atılması üçün xüsusi zibil qabları qoyulub. Operativ Qərargahın qərarına əsasən, çimərliklərdə vətəndaşlara maarifləndirmə və nəzarət xidmətlərinin həyata keçirilməsində könüllülərinin fəaliyyətindən istifadə olunur. Könüllülərin əsas fəaliyyəti vətəndaşların qarşılanması, qeydiyyatın aparılması, sıxlıq yaranmadan çimərliklərdə istirahətin təmin edilməsi və sosial məsafələyə nəzarət edilməsidir. Könüllülər əvvəlcədən xüsusi şəkildə təlimatlandırılıblar. Onlar tibbi vasitələrlə təmin edilərək ayrılmış bölgələrdə xidmətlərini həyata keçirirlər”.

S.Cabarova qeyd edib ki, vətəndaşların çimərliyə getmək üçün icazə almasına ehtiyac yoxdur. Onlar cimerlik.az saytı vasitəsilə çimərliklərin siyahısı və oradakı sıxlıq səviyyəsini öyrənə bilərlər. Çimərliklərdə giriş-çıxışın yoxlanılması və ümumi nəzarəti isə «ASAN Könüllüləri» həyata keçirəcəklər. Bu arada Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları müxtəlif ərazilərdə dəniz suyundan nümunələr götürərək mikrobioloji təhlillər aparıblar.

Araşdırmaların nəticələrinə görə, Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri istifadəyə yararlıdır. Hazırda digər çimərliklərdə də monitorinq və araşdırmalar davam etdirilir.

Çimərliklərdən istifadə edən şəhər sakinləri bu məkanda yaradılan  şəraitdən razılıqlarını bildirdilər. Onlar həmçinin, pandemiyanın tezliklə bitməsini, normal həyata qayıtmağın arzusunda olduqlarını vurğulayıblar. Eyni zamanda, çimərliklərdə əhalinin sıxlığının və virusun yayılmasının  qarşısının alınmasında könüllülərin fəaliyyətini yüksək dəyərləndiriblər.

Şəmsiyyə Əliqızı,
Yaqut Ağaşahqızı,
«İki sahil»