14 iyun 2019 21:24
497

Sayalı Abasova: Jurnalistikaya marağım uşaqlıqdan yaranıb

“İki sahil” in gənclərimizlə həyata keçirdiyi “Gəncliyimiz gələcəyimizdir” adlı layihəsinin növbəti iştirakçısı Bakı Slavyan Universitetinin tələbəsi Sayalı Abasova oldu.

- Sayalı, necə bilirsən, bəlkə söhbətimizə özün haqqında məlumatla başlayaq?

-Məmnuniyyətlə. 2000 -ci ildə Bakıda doğulmuşam. 2017 - ci ildə 307 saylı orta məktəbi bitirmişəm. Elə həmin ildə də Bakı Slavyan Universitetinin( BSU) Azərbaycan filologiyası və jurnalistika fakültəsinin jurnalistika ixtisasına qəbul olunmuşam. Hazırda II kurs tələbəsiyəm. Həm də BSU-nun Tələbə Həmkarlar İttifaqında fakültə üzrə sədr vəzifəsində çalışıram. Jurnalsitikaya marağım uşaqlıqdan yaranıb. 3-4 -cü siniflərdə oxuyarkən Novruz və Yeni il bayramları ərəfəsində şeirlərdən, kiçik hekayələrdən tamaşalar qurardım və sonra həmyaşıdlarımla bərabər həmin ssenarini valideynlərimiz qarşısında oynayardıq. Bundan əlavə, məktəbin divar qəzetlərində də yazılarım dərc olunurdu. İlk yazım saytlarda dərc olunub. Hələ də yadımdadır. Elçin Şıxlının “Sükutdan sitat” kitabının təqdimatı keçirildi. Mübariz müəllimin dəvəti ilə həmin tədbirə getmişdik. Tədbirdən sonra müəllimim mənə oradan xəbər hazırlamağı tapşırmışdı. Mən də həyacanla, bir az çətinliklə həmin xəbəri yazdım. Amma o gün heç xatirimdən çıxmadı. Daha çox mədəniyyət sahəsi ilə bağlı araşdırma yazıları yazıram. “Moderator.az”, “İnterposta.az”, “Mətbuat.az” və digər saytlarda məqalələrim yayımlanır. Hazırda isə “Space” radiosunda “Mega mix” verilişinin aparıcısıyam. Artıq 9 aydır ki, orada çalışıram. Əvvəl efir operatorluğunu, sonra musiqi redaktorluğunu öyrəndim.

Oxuduğum kitablar mən də iz qoyub

- Mütaliə ilə aran necədir?

-Bu yaşıma qədər çox kitablar oxumuşam. Oxuduğum kitabların hər biri məndə bir iz qoyub. Oxuduqlarımdan özüm üçün çıxardığım nəticə isə bu olub: “Hər şey yaxşı olacaq”. Mikayıl Müşfiq haqqında oxuduğum kitablar ona olan heyranlıq hissimi daha da artırdı. Dilbər Axundzadənin xatirələrində Mikayılla sonuncu görüşündə şairin Dilbərə dediyi son sözlər Nizami Gəncəvidən gətirdiyi bu sitat idi:

“Qorxma ayın tutulmasından,
Hər qaranlıq gecənin bir qızıl ulduzu var.”

Mark Levinin “Yenidən başlamaq mümkün olsaydı” əsəri də xatirəmdə dərin iz qoyan kitablar sırasındadır. Ən son oxuduğum kitab isə Knut Hamsun “Aclıq” əsəridir. Bu əsərdə heç vaxt ümidini itirməmək və gözləmədiyin anda həyatın insanı başqa istiqamətə doğru yönləndirə bilməsi məndə fərqli düşüncələr oyatdı. Hazırda özümü təkmilləşdirmək üçün daha çox mütaliə etməyə üstünlük verirəm.

 “Sənə inanıram, sən bacaracaqsan... Mən hər zaman səninləyəm”

- Sənin fikrincə, valideyn və övlad münasibətləri necə qurulmalıdır?

-Övlad üçün valideynin maddi ya da mənəvi dəstəyini hiss etməsi çox vacib məqamdır. Xüsusilədə həyatının ən həlledici məqamlarında. Belə anlardan biri də ali məktəbə qəbul imtahanlarının keçirildiyi dönəmdir. Ailəmin etibar etməsi mənə daha böyük təkan və güc verdi. “Sənə inanarıq, sən bacaraqsan” cümlələri mənə güc verən ən böyük səbəblərdən oldu. Doğrudur, çox yüksək bal yığmadım. Amma ali məktəbə qəbul olundum. Fikrimcə, nəticənin necə olmasından asılı olmayaraq valideynlərim yanımda olacaqlarını, mənim varlığımın, dəyərimin onların üçün daha vacib olduğunu hiss etdirməsəydilər, hər şey pis olardı. Valideynin “Sənə inanıram, sən bacaracaqsan... Mən hər zaman səninləyəm” cümləsi isə hər bir övlad üçün dünyalara bərabər olan dəyərdir. Belə olarsa uşaqlarda, yeniyetmələrdə özünəqapanma baş verməz, ailənin və cəmiyyətin onu anlamadıqlarını düşünməzlər.

Mühüm olan ilk xəbər tutmaq deyil, doğr xəbər tutmaqdır

- Sayalı, gündəmi haradan izləyirsən?

-Gündəmi qəzetlər vasitəsilə izləyirəm. Sözsüz, sosial şəbəkələr, saytlar da XXI əsrin ayrılmaz xəbər mənbələridir. Amma bununla kifayətlənmək düzgün deyil. Sosial şəbəkələr və mətbuatın “qara üzü” olan bəzi xəbər saytları məlumatları dəqiqləşdirmədən, araşdırmadan yayımlamaları, cəmiyyətdə ajiotaj və xaos yaradır. Burada operativlik olsa da, bəzən bir o qədər də qeyri-dəqiqlik olur. Nəticə isə peşəkarlıqdan uzaqda qalır. Fikrimcə, bu məsələnin həlli yollu odur ki, xəbər saytlarında, sosial şəbəkələrdə yayımlanan xəbərləri anında reallıq kimi qəbul etməməliyik. Televiziyaya, radioya, qəzetə, bir sözlə, ciddi kütləvi informasiya vasitələrinə nəzər yetirmək lazımdır. Mühüm olan ilk xəbər tutmaq deyil, doğru xəbər tutmaqdır. Fikrimi Əlimərdan bəy Topçubaşovun sitatı ilə tamamlamaq istəyərdim: “Həqiqət mətbuatın ali məqsədidir”.

Vətən deyə müraciət ediriksə...

- Vətən sənin üçün hansı anlamı ifadə edir?

-Yaşadığımız coğrafi məkana Vətən deyə müraciət ediriksə, ilk növbədə onu qorumaq, layiqincə təmsil etmək, keşiyində durmaq, uğrunda canından keçmək bizim bir vətəndaş kimi müqəddəs borcumuzdur. Vətənə olan saf, ülvi və məsum məhəbbətimiz heç zaman nə olursa olsun tükənmir. Necə ki, ana borcunu qaytara bilmiriksə, eləcə də Vətənimizin də borcunu qaytara bilməyəcəyik. Amma bir vətəndaş olaraq üzərimizə düşən məsuliyyəti də, borcu da dərk etməliyik. Harada olmağımızdan asılı olmayaraq, Azərbaycan dövləti və xalqının tarixi üçün önəmli olan tarixi günlərin mahiyyətini bütün dünyaya çatdırmağı bacarmalıyıq. Dövlətimizin tarixində özünəməxsus yer tutan 15 İyun- Milli Qurtuluş Günü kimi qürurverici tarixi məqamlarda ölkə xaricində yaşayan həmvətənlərimiz Ulu Öndərin Azərbaycan xalqı üçün qurduğu müstəqil dövlətimizdən bəhs etməli, bununla bağlı fləşmoblar, digər tədbirlər keçirməli, üçrəngli bayrağımızı dalğalandırıb, himnimizi səsləndirməlidirlər.

Həyatda geri qayıtmayan anlayışlardan biri də zamandır

- Gənclərimizi necə görmək istərdin?

-Gənclərimizi əsl gənc kimi görmək istəyirəm. Arzum budur ki, onlar əsl gənclik dövrlərini yaşasınlar, vaxtlarının dəyərini bilsinlər. Həyatda geri qayıtmayan anlayışlardan biri də məhz zamandır. Özlərini olduqları yaşda hiss edib elə o cür də hərəkət etsinlər. Nə olduqlarından yaşlı, nə də uşaq kimi görsənməsinlər, davranmasınlar. Nikbin olsunlar. Qarşılaşdıqları situasiyaya faciə kimi deyil, adi hadisə kimi yanaşsınlar. Mərhəmət, sevgi, humanizm, duyğularının mövcud olduğunu unutmasınlar. Həyatın dəyərini bilsinlər, sözün əsl və yaxşı mənasında “dadını çıxarsınlar”. Önəm və diqqət yetirdikləri dəyərlər sırasında təhsil, maariflənmə başlıca yer tutsun. Tərəqqi və təkamül daim məqsədləri sırasında olsun.

Yaqut Ağaşahqızı, “İki sahil”