24 aprel 2019 10:28
226

Saxta “erməni soyqırımı" uydurma və xülyadır

Ermənilər türklər qarşısında tarixi yalanlarına görə üzr istəməli olacaqlar. Təbii ki,  azacıq əxlaq, mənəviyyat, heysiyyat və ləyaqətləri olarsa...

Birinci Dünya müharibəsi başlayanda Osmanlı dövləti ərazisində yaşayan ermənilərin bir qismi Çar Rusiyasının, İngiltərə və Fransanın tərəfinə keçərək var gücləri ilə osmanlılara qarşı vuruşurdular. İş o yerə çatmışdı ki, hətta Osmanlı ordusuna səfərbər olunmuş ermənilər ordudan fərarilik edərək rus qoşunlarına qoşulub türklərə qarşı savaşırdılar. Bu işlərin əsas təşkilatçıları isə Daşnaksütyun və Hnçak partiyaları  idi. Əslində erməni separatizmi1885-ci ildə “Armenakan", 1887-ci ildə "Hnçak" və 1890-cı ildə "Daşnaksütyun" partiyasının meydana çıxmasından sonra daha da güclənmişdi. İlk üsyan 1890-cı ildə  Ərzurumda başladılmışdı. Daha sonra Van, Sason, Adana və digər bölgələrdə qızışan üsyanlardan sonra ermənilərin türklərə qarşı qətliamları ilə müşayiət olunmuşdu. Ermənilər hətta 21 iyul 1905-ci ildə Osmanlı sultanı II Əbdülhəmidə qarşı terror aktı həyata keçirmişlər.

Erməni tarixçisi Lalayan yazırdı ki, Daşnaksütyun rus hərbi imperializminin nökəri idi. O, insanları aldadaraq "Türkiyədə yaşayan qardaşlarının azad edilməsi" kimi avantürist şüarlarla  ermənilərdən ibarət "könüllü" dəstələr təşkil edir və Qafqazda çar ordusunun sırasını doldururdu".

Tarixi sənədlər sübut edir ki, Türkiyə və Rusiyadakı ermənilərdən başqa İran, İtaliya, İngiltərə, hətta Amerikadan ermənilər gələrək Türkiyəyə qarşı vuruşmaq üçün Qafqaz cəbhəsinə doluşmuşdular. Bütün bunlar 1877-1878-ci illər rus-türk müharibəsindən sonra Osmanlı İmperiyasını bölüşdürmək istəyən dövlətlər tərəfindən "erməni məsələsi" ortaya atılmış, bununla da erməni siyasi partiyaları və onların silahlı dəstələrinin formalaşmasının təməli qoyulmuşdu.

Tarixdə erməni soyqırımı deyilən bir hadisə olmayıb. Bu, beyni zəhərlənmiş ermənilərin uydurması və xəstə təxəyyüllərinin məhsulundan başqa bir şey deyil. Ötən əsrin 80-ci illərində ABŞ Prezidenti Ronald Reyqanın məsləhətçisi Bryus Feysnin "erməni soyqırımı"  araşdırmaları ilə bağlı fikirləri bunun əyani təsdiqidir. F.Feysn yazırdı: "Reyqanın tapşırığına əsasən, o zaman biz bu məsələ ilə əlaqədar araşdırma apardıq. Həmin vaxt Avropa ölkələrinin və Osmanlı İmperiyasının indiki hərbi arxivlərində saxlanılan müxtəlif materialları ortaya çıxardıq. Araşdırmalar göstərdi ki, ermənilərin "soyqırım"la bağlı söylədikləri əsassızdır. "Erməni soyqırımı" haqqında nağıllar erməni tarixçilərinin özlərinin təxəyyülü və uydurmasıdır. Unutmaq lazım deyil ki, həmin vaxt Türkiyədə bütün etnik və dini azlıqlar türklərin özlərinin şəxsən istifadə etdikləri imtiyazlardan yararlanırdılar. Yunanlar, ermənilər, kürdlər, çərkəzlər, suryanlar, ərəblər və digər azlıqlar həmin dövrdə Türkiyədə kifayət qədər yüksək vəzifə tuturdular. Bu baxımdan ermənilər daha çox imtiyazdan istifadə edirdilər. Birinci Dünya müharibəsi illərində Türkiyə erməniləri vətənlərini satdılar və Osmanlı İmperiyasının düşməninə sığındılar. Erməni hərbi hissələri Qafqaz cəbhəsində rus ordusu ilə çiyin-çiyinə vuruşurdu. Onlar türk və gürcü kəndlərini talan edir, yandırır, dinc sakinləri öldürürdülər. Nəticədə təxminən 2 milyona yaxın insan həyatını itirdi. Bütün hər şeyə rəğmən Türkiyə tərəfi bizə öz arxivlərindən istifadəyə icazə verdi, amma ermənilər öz arxivlərini göstərməkdən qəti şəkildə imtina etdilər. Mənim fikrimcə, əgər bu arxivləri açmağı bacarsaq, həqiqət üzə çıxacaq. O zaman ermənilər bütün dünya, o cümlədən türklər qarşısında tarixi yalanlarına görə üzr istəməli olacaqlar".

Rusiya arxivlərindən əldə edilən sənədlər ermənilərə qarşı 1915-ci ildə soyqırımının olmadığını təkzibedilməz dəlillərlə sübut edir. Bu sənədlər bir daha təsdiq edir ki, ermənilərə qarşı soyqırımı siyasəti yürüdülməyib. Əksinə, ermənilər Rusiya, İngiltərə və digər  dövlətlər tərəfindən Türkiyəyə qarşı savaşıb, hərbi dəstələr yaradıb döyüşüblər. 1914, 1915 və 1916-cı illərə aid olan arxiv sənədlərində bu faktlar Rusiya dövlətinin rəsmiləri, xüsusən də hərbi xadimləri tərəfindən təsdiq edilir. Bu sənədlər imzalı və möhürlüdür. Qeydiyyat sayları arxiv sənədlərinin rəsmiliyini, ciddiliyini təsdiq edir. Rusiyanın Dövlət arxivlərindən toplanmış bu sənədlərdə ermənilərin türklərə və digər millətlərə qarşı törətdikləri vəhşiliklər öz əksini tapıb. Uzun müddət məxfi sayılmış, möhürlü, imzalı olan, nəşr edilərək geniş ictimaiyyətə çatdırılan bu foto-sənədlərdən aydın olur ki, ermənilər Birinci Dünya savaşında çar Rusiyası Ordusunun tərkibində və ya sərbəst olaraq hərbi birləşmələr formasında osmanlılara qarşı vuruşublar. Həmin sənədlərdə türklərə qarşı döyüşən erməni hərbi birləşmələrinin sayının 130 000-dən çox olduğu rəsmi olaraq təsdiqlənir. Sənədlərdə ermənilərin rəhbəri, cəllad, insanlıq, türk-müsəlman düşməni Andronik Ozanyanın hərbi birləşmələr yaradıb türklərə qarşı savaşdığını təsdiqləyir.

Əslində 1915-ci ilin 24 aprelində heç bir erməni soyqırımı olmayıb. Gerçəkləşdirilən üsyanlar və  Birinci Dünya müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı Dövləti 1915-ci il  mayın 27-də "Köç" qərarı çıxardı. Bundan əvvəl  isə bu gün ermənilərin "soyqırımı" günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs edilmişdir. Bunların bir çoxu kəndlərə hücum edərək günahsız insanları qətl edən qansız cinayətkarlar idi.

Bəs bu qondarma "erməni soyqırımı" iddiası hardan meydana gəlib? Erməni müəllifi Akop Keşişyan bu barədə yazır: “Yunanların qızışdırması ilə 24 aprel tarixinin erməni qətliam günü olaraq Beyrutdakı Ortodoks kilsəsi tərəfindən elan edilməsi hamımızı üzüntüyə qərq etdi".

Erməni soyqırımı iddiaları 1965-ci ildən ortaya atılıb. Kilsənin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyi ilə böyük bir kampaniyaya çevrilib. Əslində "erməni soyqırımı" və yaxud da "erməni məsələsi"  təxminən yüz illər ərzində ayrı-ayrı güc mərkəzlərinin və dünyanın müxtəlif dövlətlərinin Türkiyəyə qarşı bir vasitə kimi istifadə etdikləri tarixin ən böyük yalanıdır. Əslində bu  tarixi yalan və çirkin iftiraya görə ermənilər türklərdən üzr istəməlidirlər. Təbii ki, onlarda azacıq əxlaq, mənəviyyat, heysiyyat və ləyaqət olarsa...

Zahid Rza, “İki sahil"