16 aprel 2019 10:38
279

Sarı kəsişmə toru haqqında nəyi bilmirik?

Paytaxt  yollarına  sarı torların çəkilməsi ilə bağlı görülən tədbirlərin sayı artıb.

Ümumiyyətlə, sarı kəsişmə torunun daha 74 yol kəsişməsində  çəkilməsi nəzərdə tutulur

Paytaxt yollarında tıxacın qarşısını almaq, nəqliyyat vasitələrinin hərəkət nizamlılığını qorumaq üçün yollara sarı kəsişmə torları çəkilir. Lakin hələ də bu proses haqqında tam məlumatı olmayan sürücülər var.

Sarı kəsişmə torunun hansı funksiyaları var?

Sarı kəsişmə toru yol kəsişməsində nəqliyyatın kilidlənməsinin qarşısını alır və kəsişməni hər zaman nəqliyyat üçün təmiz saxlayır. Onlar, adətən, iki və daha artıq yolun kəsişməsində, bəzi hallarda dairələrdə, yanğın söndürmə, təcili yardım stansiyalarının qarşısında yerləşdirilir. Sarı kəsişmə toru yollarda nəqliyyat axınının fasiləsizliyini təmin etməyə və ləngimələri azaltmağa xidmət etməklə yanaşı, insanlara yol hərəkəti qaydalarına daha ciddi riayət etməyə və lazımsız cərimələrdən yayınmağa yardım edir.

Bəs sarı kəsişmə toru haqqında ən əsas nəyi bilməliyik?

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bu tədbirləri yol-nəqliyyat infrastrukturu üçün vacib qabaqlayıcı tədbir kimi dəyərləndirirəm: “Nəqliyyat vasitəsi sarı kəsişmə toruna o vaxt daxil ola bilər ki, onun çıxışı açıq olsun və sarı qutunu dayanmadan tərk etmək üçün torun digər tərəfində kifayət qədər yer olsun. Sola dönmə əməliyyatını həyata keçirərkən qarşıdan gələn nəqliyyat vasitəsinə mane olmamaq şərtilə sarı qutunun içərisində dayanmaq olar. Yəni kəsişmənin çıxış hissəsində tıxac varsa, sürücünün sarı kəsişmə toruna daxil olması qadağandır. Bu üsulu tətbiq etməkdə ideya tək tıxacın aradan qaldırılması deyil, həm də yol ayrıcını keçmə qaydalarına əməl olunmasını təmin etməkdir. Bizdə həqiqətən də bir sıra küçələr var ki, yol ayrıcını keçən avtomobillər çox kobud səhvlərə yol verirlər. Məsələn, sarı işıqda yol ayrıcına daxil olurlar və bilə-bilə ki, artıq bir azdan onların hərəkət istiqamətində nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq, onlar həmin yolla kəsişən digər yollardan gələn avtomobillərin yollarını kəsmiş olurlar. Dünyanın bir sıra dövlətlərində tətbiq edilən sarı kəsişmə toru nəqliyyat vasitələrinin məhz bu kimi hərəkətinin qarşısının alınması üçün nəzərdə tutulur.”

Sarı kəsişmə toruna daxil olan sürücüləri hansı cərimə gözləyir?

“Yol hərəkəti haqqında” Qanunun 75-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır. Bundan əlavə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, yolayrıcını keçmə qaydalarının pozulmasına görə altmış manat məbləğində cərimə və üç cərimə balı nəzərdə tutulub. Torun çəkilməsi insanların yol hərəkəti qaydalarına daha ciddi riayət etməsinə yardım edəcəkdir və məlumatverici xarakter daşıyır. Bakı Nəqliyyat Agentliyinin bu addımı sürücülərin yol kəsişmələrində hərəkət zamanı daha ehtiyatlı və məsuliyyətli davranmalarına xidmət göstərir. Bu vasitənin paytaxtımızda tətbiqi həm də insanları yol hərəkəti qaydalarına daha ciddi riayət etməyə sövq edəcək. Tıxac zamanı qaydalara əməl etməyib kəsişmə zolağına daxil olan sürücülər cərimələnəcəklər.”

Ekspert onu da vurğuladı ki, sarı kəsişmə toru Bakı yollarındakı tıxaclara tamamilə son qoymayacaq: “Sarı kəsişmə toru tıxac probleminin həll olunmasına yönəlməyib, bu üsul tıxacı yaradan amillərdən birinə qarşıdır. Bununla yanaşı, tıxacı yaradan digər amillər də var ki, onlarla bağlı zəruri tədbirlərin həyata keçirilməsi vacibdir. Tıxacların yaranmasının əsas səbəblərindən biri də qeyri-qanuni parketmə, düzgün olmayan dayanma-durma qaydalarıdır. Xüsusilə dar küçələrdə, iki-üç zolaqlı küçələrdə sağ və sol tərəflərdə avtomobil saxladıqda yalnız bir zolaq açıq qalır. Bu da nəqliyyat vasitələrinin böyük axını olan küçələrdə nəqliyyat vasitələrinin sıxlığına, tıxacına səbəb olan bir haldır. Eləcə də bəzi yerlərdə tıxac yaranmasın deyə nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdirilməlidir və ya bəzi yerlərdə yol ayrıcında yeni yol ötürücülərinin quraşdırılmasına ehtiyac var.”

“İki sahil” qəzeti olaraq sürücülərin sarı kəsişmə toru haqqındakı fikirlərini öyrəndik:

Bakı şəhər sakini, sürücü Nəsimi Qurbanovun sözlərinə görə, bəzi yollarda sarı kəsişmə toruna rast gəlirəm: “Doğrusu, bu mövzuda tam məlumata sahib deyiləm. Bu səbəbdən də cərimə olana bilərəmmi sualı və ehtimalı məni narahat edir. İstərdim ki, sürücülər üçün sarı tor haqqında maarifləndirici tədbirlər keçirilsin.”

Bakı şəhər sakini, sürücü Xəyyam Hüseynov isə bildirdi ki, xüsusilə yeni sürücülər, qadın sürücülər, təcrübəsi az olan sürücülər sarı kəsişmə toru haqqında daha çox məlumatlandırılmalıdır. Təcrübəli, peşəkar sürücülər gənclərə nisbətən yol-hərəkət qaydalarına daha yaxşı bələddirlər. Yeni sürücülər isə yolları yaxşı tanımır, qaydalara o qədər bələd deyil. Mən sürücülük vəsiqəsini yeni almışam. Nadir hallarda avtomobil idarə edirəm. Düzü, sarı tora nə düşmüşəm, nə də rast gəlmişəm. Amma aydın şəkildə izahı və məqsədi deyilməzsə, bu tora mən də düşə bilərəm.”

Bütün bu tədbirlər yol-hərəkət qaydalarına riayət olunmasını, nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək üçün həyata keçirilir. Ən əsas məqsəd isə tıxacların aradan qaldırılmasıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”