11 sentyabr 2019 10:33
95

Sahibkarlığa növbəti dəstək: yeni işçi götürənə subsidiya veriləcək

Azərbaycanda hər il 100-150 min insan əmək bazarına daxil olur. Bu göstəricini nəzərə alaraq, ölkədə yeni iş yerlərinin yaradılması prioritet məsələdir və ölkədə qeyri-neft sektorunun inkişafına verilən əhəmiyyətin bir istiqaməti də məhz bu amillə bağlıdır. 

Əhalinin səmərəli məşğulluğunun təmin edilməsi sahəsində aparılan məqsədyönlü siyasətin davamı kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Sahibkarlar Konfederasiyası ilə birlikdə Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Gənclərin layiqli məşğulluq imkanlarının genişləndirilməsi” layihəsi çərçivəsində 12 aylıq pilot subsidiya proqramına start verib.

Məlumata görə, proqram iş təcrübəsi olmayan gənclərin məşğulluğunun artırılması, onların əmək bazarında layiqli yer tutmaları, işaxtaranlar və işəgötürənlərin təşviq edilməsi məqsədi daşıyır.

Layihə Bakı şəhərinin 12 rayonunu əhatə edəcək. Layihəyə əsasən işəgötürənlər və BƏT arasında subsidiya müqaviləsi bağlanılır. Bunun əsasında işə götürülən hər bir gəncin 12 ay ərzində əmək haqqının 50 faizi (vergilər və sosial sığorta haqları daxil olmaqla) işə götürənlərə subsidiya şəklində veriləcək. Proqramın sonunda hər rayon üzrə 4 nəfər olmaqla cəmi 48 nəfər işsiz və iş axtaran vətəndaş rəsmi əmək fəaliyyətinə cəlb ediləcək.

Əlavə edək ki, layihəyə işəgötürənlər olaraq iqtisadiyyatın qeyri-neft sektoru sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektləri müraciət edə biləcəklər.

Qaydaya görə, işsiz və iş axtaran vətəndaş layihə başlanma tarixinə qədər Dövlət Məşğulluq Xidmətində işsiz və işaxataran kimi qeydiyyatda olan ali, orta-ixtisas və texniki peşə məktəblərini bitirən gənclər olmalıdır. Onlar üçün əmək haqqı  isə işə qəbul edildikləri sektor üzrə respublika üzrə orta aylıq əmək haqqı miqdarına uyğun olaraq müəyyənləşdiriləcək.

Həmçinin sahibkarlar bu proqram vasitəsilə işçiyə olan ehtiyacın qarşılanmasında əlavə maliyyə dəstəyi almış olacaq. Bunun üçün işəgötürənlər işə cəlb edəcəkləri işçiləri mövcud boş  iş yerinə və yaxud yeni iş yeri yaratmaqla işə cəlb etməlidir. Yəni onların işə qəbul etdikləri işçilər müəssisədə əvvəldən işləyən işçilərin işdən çıxarılmasına səbəb olmamalıdır.

Eyni zamanda, işəgötürənlər layihə çərçivəsində işə qəbul etdikləri işçiləri layihə müddəti bitdikdən sonra ən azı bir il müddətində işdə saxlamağa təminat verməlidirlər. Bu məqsədlə onlar işə cəlb etdikləri iştirakçıların müvafiq peşə biliklərinə yiyələnməsinə və səriştələrin mənimsənilməsinə təminat verməli, bunun üçün təcrübəli işçilərdən birini usta kimi ayırmalıdırlar. Bundan başqa, müəssisənin maliyyə dayanıqlılığı da tələb olunanların siyahısındadır.

Nəticə etibarilə, yeniliyin işaxtaran və işsiz gənclərin bilik və bacarıqlarının artırılması yolu ilə layiqli məşğulluğunun təmin edilməsinə şərait yaradacağı nəzərdə tutulub. Layihənin, həmçinin işəgötürənlər üçün mənfəətini artırmaq və müvafiq işçi qüvvəsi ilə təmin olunmaq imkanlarının artırılmasına, müəssisə və təşkilatların kadr siyasəti sahəsindəki işinin müvafiq məşğulluq xidməti orqanları ilə birgə aparılmasının təkmilləşdirilməsinə səbəb olacağı qarşıya qoyulan məqsədlərdəndir. 

Ceyhun Piriyev,

“İki sahil”