29 iyun 2020 20:00
518

Sadiq Qurbanov: Cərimələrin artırılması vətəndaş məsuliyyətinin yüksəldilməsinə xidmət edir

İyunun 29-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsini təqdim edib. "İki sahil" xəbər verir ki, Qanun layihəsi ilə bağlı fikirlərini bildirən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib ki, pandemiyanın ilk vaxtlarında dövlət başçısının qabaqlayıcı tədbirləri və vətəndaşlarımızın məsuliyyətli davranışı olduqca müsbət nəticələrə səbəb oldu: “May ayının əvvəllərinə qədər sağalanların sayı yoluxanların sayına nisbətdə çox olması səbəbi ilə Operativ Qərargah vətəndaşları düşünərək və bu tendensiyaya arxalanaraq tətbiq olunan karantin rejimində müəyyən yumşalmalar etdi. Çox təəsssüf ki, bu yumuşalmalardan sonra xəstələrin sayının kəskin artmasını müşahidə edirik.

Qeyd edək ki, bu günədək Azərbaycanda ümumilikdə 16 424 nəfər virusa yoluxub. Onlardan 9 026 nəfəri sağalıb, 198-i isə dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 7 200 nəfər təşkil edir. Məsələni təhlil etdiyimiz zaman görürük ki, bu xoşagəlməz artımın kökündə yumşalmadan süni istifadə edən bəzi vətəndaşlarımızın məsuliyyətsizliyi dayanır. Təqdim olunan qanun layihəsi  də məhz vətəndaş məsuliyyətinin artırılmasana, eləcə də yoluxma–yoluxdurma hallarının minimuma endirilməsinə xidmət edir”.

Sadiq Qurbanov bildirib ki, əslində bu qanunun əsas mahiyyəti epidemiya, karantin şəraitində ehtiyac olmadan bayıra çıxaraq özünün və digərlərinin sağlamlığını təhlükəyə atanların qarşısını almaqdır: “İkincisi isə mövcud qaydalar əsasında rəsmi icazəniz varsa müəyyən öhdəliklər daşınmalıdır və çox  sadə qayda ilə: 1. Qapalı məkanda maska geyin, 2. Açıq məkanda məsafə saxla.

Gəlin etiraf edək ki, qaydaların pozulmadıği halda heç kimə cərimələr tətbiq olunmur. Məhz bu layihə də qanunları pozanlar üçün nəzərdə tutulub.  O ki , qaldi cərimələrin artırılmasına, bunun istər fiziki, istər hüquqi, istərsə də vəzifəli şəxslərin məsuliyyətinin yüksəldilməsinə xidmət edəcəyinə inanıram. Praktika göstərir ki istənilən cəmiyyətdə cərimələrin yüksək olması məsuliyyətlilik ilə düz mütənasiblik təşkil edir. Cənab Prezidentimiz İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan dövləti üçün ən vacib məsələ vətəndaşların sağlamlığının qorunmasıdır”.