Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
22 oktyabr 2020 16:02
364

Sadiq Qurbanov: Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının itirilmiş nüfuzunu özünə qaytarır

«30 ilə yaxındır ki, Azərbaycan dövləti  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında  həlli istiqamətində səylər göstərirdi, amma işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi, yalanları, riyakarlığı ucbatından  danışıqlarda hansısa nəticədən danışmaq qeyri-mümkün idi. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə xalqa müraciətində də bu  məqamı xüsusi qeyd etmişdir ki,  işğal edilmiş torpaqlarda Ermənistan tərəfindən qurulmuş istehkamlar onu göstərir ki, onlar bu torpaqları bizə vermək fikrində deyildilər. Sadəcə olaraq? bizi və beynəlxalq vasitəçiləri aldadırdılar. Vaxtı uzadır,  bununla bərabər işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma həyata keçirirdilər. Möhtərəm Prezidentimiz İlham Əliyev ən yüksək tribunalardan, xüsusilə bir müddət əvvəl  BMT Baş Assambleyasının  yubiley tədbirində bu reallığı da  dünyaya bəyan etmişdir ki,  Ermənistan yeni ərazilər uğrunda müharibə planı hazırlayır. Amma dünya yenə də  əvvəlki ənənələrinə uyğun olaraq ikili standartlar siyasətinə sadiqliyi fonunda  işğalçının başına sığalından əl çəkmədi.»

Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov KİV-ə açıqlamasında bildirib.

S.Qurbanov qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Ermənistana heç bir sanksiyanın  tətbiq olunmaması onun daha böyük iddialarla çıxış etməsinə rəvac verir: «Dövlətimizin başçısı İlham Əliyev haqlı olaraq bildirir ki, beynəlxalq münasibətlərdə  hüquq problemi yaşanır. Ermənistana zamanında   beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymadığına,  beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğuna görə   sanksiyalar tətbiq edilsəydi, bu qədər azğınlaşmaz, qudurmazdı. N.Paşinyanın bu günlərdə «münaqişənin diplomatik  həlli yoxdur»  kimi açıqlaması da onun danışıqlar prosesinin bərpası ilə bağlı cəhdlərində, həmçinin dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara yalvarışlarında riyakarlığını göstərir. Ermənistanın baş naziri  beynəlxalq hüququn mövcudluğunu inkar edir, onun ardınca   münaqişənin diplomatik həllinin mümkünsüzlüyünü bildirərək bütün hakimiyyət orqanlarını, mülki şəxsləri silahlanmaya  çağıraraq hərbi əməliyyatlara sövq edir, amma  ATƏT-in Minsk qrupunun həmsədrləri  seyrçi mövqeyindən əl çəkmir.»

 «Azərbaycan 27 il gözlədi ki, qətnamələr icra edilsin. Onlar sadəcə olaraq, kağızda qaldı. Nə üçün?  Prezident İlham Əliyevin bəyan etdiyi kimi, çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, o, bundan sonra da buna məhəl qoymaya bilər» söyləyən S.Qurbanov bildirib ki, 30 ilə yaxın səbir nümayiş etdirən dövlətimiz, xalqımız  məsələni özü həll edir, Azərbaycan Ordusu  Vətən müharibəsini davam etdirərək, qısa zamanda bütün ərazilərimizi işğaldan azad edəcək: «Həm savaş meydanında, həm də diplomatik müstəvidə sarsıdıcı, öldürücü  zərbələrlə qarşılaşan işğalçı ölkə panik duruma düşüb. Əslində, şanlı Ordumuz bu yaramazlara insanlığa düşmən olmağın, azərbaycanlılara qarşı etnik təmizləmə aparmağın, soyqırımı törətməyin, vətəndaşlarımızı doğma torpaqdan didərgin salmağın, əxlaqa, qanuna, beynəlxalq hüququ ayaq altına atmağın  bədəlini ödətdirir. Ermənistan “güclü erməni diasporu”, “məğlubolunmaz erməni ordusu” kimi miflərdən ayılmalı, haqq yolunda vuruşan güclü  Azərbaycan Ordusunun qarşısında diz çökməli və məğlubiyyətlə barışmalıdır.» 

Millət vəkili onu da bildirib ki,  bu gün Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının, o cümlədən də beynəlxalq təşkilatların deqretasiyaya uğramış mənəvi dəyərlərini, itirilmiş nüfuzunu özünə qaytarır: «27 il bundan əvvəl-1993-cü il noyabrın 12-də qəbul edilən Zəngilan rayonunun işğaldan  azad edilməsi ilə bağlı 884 saylı qətnamənin icrasını ordumuz layiqincə yerinə yetirdi. Hazırda  digər 3 qətnamənin icrasına səylər göstərilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin xalqa müraciətində  böyük əminliklə söylədiyi «Mən bir daha bəyan edirəm ki, verilmiş bütün vədləri mən yerinə yetirirəm, verilmiş bütün vədlərə sadiqəm. Prezident kimi mənim fəaliyyətim üçün əsas məsələ, əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik» fikirləri və bunların reallıqda öz əksini tapması xalqımızı daha da qürurlandırır. Xalqın Ali Baş Komandana olan inamı dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir. Xalq tərəfindən göstərilən etimad böyük qələbəmizi yaxınlaşdırır.»