05 dekabr 2019 15:56
238

Saçları tez-tez boyamaq XƏRÇƏNG YARADIR

“Saç boyası xərçəngə səbəb olurmu” sualının cavabı milyonlarla qadını maraqlandırır. Mütəxəssislər bu sualın cavabını qismən tapıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, son aparılan tədqiqatlar mütəmadi olaraq boyanan və kimyəvi saç düzəldicilərindən istifadə edən qadınlarda döş xərçənginin daha geniş yayıldığını iddia edib. Bu barədə ABŞ Milli Sağlamlıq İnstitutu 46 min 709 qadının iştirak etdiyi araşdırma aparıb. Mütəmadi olaraq saçlarını boyayan qadınlarda döş xərçəngi riskinin boyamayanlardan yüksək olduğu üzə çıxıb.

Hər 5-8 həftədən bir saçlarını boyayan Afrika əsilli amerikalı qadınlarda süd vəzi xərçənginin yaranma riskinin 60 faiz, ağ dərili qadınlarda isə 8 faiz olduğu sübuta yetirilib.

Tədqiqatda o da məlum olub ki, hər 5-8 həftədən bir kimyəvi saç düzəldicilərindən istifadə edən qadınlarda döş xərçənginin inkişaf etmə riski 30 faizdir.

Maraqlıdır ki, mütəxəssislər yarıqalıcı və ya daimi olmayan saç boyaları ilə döş xərçəngi arasında əlaqənin olmadığını irəli sürüb. Tədqiqat qrupunun rəhbəri Aleksandra Vayt saç boyalarının döş xərçənginə təsir səbəbinin tapılmadığını söyləyib:

“Mütəxəssislər uzun müddətdir saç boyası və xərçəng arasındakı mümkün əlaqəni araşdırsa da, nəticələr uyğun deyildi. Tədqiqatımızda saç boyası istifadəsinin döş xərçəngi riskini artırdığını gördük. Təsiri xüsusilə də Afrika əsilli amerikalı qadınlarda daha güclüdür”.