KÖŞƏ

Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Sabotajçılara qarşı mübarizədə biz də varıq!

17 oktyabr 2019 12:15
234

Yenə də Prezident İlham Əliyev bizi qabaqladı, yenə də gündəmi özü müəyyən etdi. Söhbət onun bir gün öncə keçirdiyi müşavirədəki qətiyyətli və bir sıra köhnə qafalı sabotajçıların yuxusunu qaçıran fikirlərindən gedir. O, bu dəfə də bir islahatçı-yenilikçi lider kimi konkretlik nümayiş etdirdi, hər kəsə son dəfə xəbərdarlıq etdi. Əks təqdirdə yollarımız ayrılacaq dedi.

Cənab Prezidentin “yollarımız ayrılacaq” ismarıcı sadəcə söz deyil. Biz onun bu cür fikirlərini əvvəllər də eşitmişik, ardından da həyata keçirildiyinin şahidi olmuşuq. İlham Əliyev belə ismarıc verdikdən az sonra ən yüksək səviyyəli dövlət görəvlilərinin vəzifədən uzaqlaşdırıldığını, xalqdan oğurladıqlarını xalqa qaytarmalı olduqlarını az görmədik. Nəticə də odur ki, Nazirlər Kabineti artıq qocalar evi deyil. Nazirlərin ortalama yaşı hardasa 45 civarındadır. Onların ən azından bizim tanıdığımız kəsimi yenilikçidir, korrupsiyadan uzaqdır və təmiz bioqrafiyaya sahibdir. Və elə problem də bundadır. Prezident diqqəti ona çəkir ki, yeni kadrlar köhnələr tərəfindən gözdən salınır, onların işi şantaj edilir. Özü də media vasitəsilə…

Biz illərdir bunu deyirik. Bu gün də o fikirdəyik ki, hər yerindən duran nazir, məmur hansısa bir mediaya açıq və ya qapalı dəstək verməməlidir. Ümumiyyətlə dövlətin media siyasəti məhz Prezidentin müvafiq xidmətləri tərəfindən koordinə edilməli, təsadüfi adamlar özlərini kimlərdənsə qorumaq və ya kimlərisə gözdən salmaq üçün mediaya sahib olmamalıdır. Prezident komandasının yeni və yenilikçi üzvlərinin fəaliyyətini bu cür media vasitəsilə gözdən salmağa çalışmaq elə İlham Əliyevin özünə qarşı yönəlmiş fəaliyyətdir. Belə fəaliyyətlə məşğul olanların, təbii ki, hakimiyyətin heç bir strukturunda yeri olmamalıdır.

İllərdir Mətbuat Şurasında da bu məsələləri müzakirə edirik, qərar vermə anı gələndə daşa dirənirik. O daş da iri çaplı dövlət adamları olur. Qarşımıza hansısa reket dediyimiz, şantajçı bir jurnalistin işi çıxır, həll edib onu media aləmindən kənarlaşdırmağa çalışırıq, arxasından elə adamlar çıxır ki, sadəcə yerimizdən tərpənə bilmirik. Belə örnəklərdən biri Habil Əliyev adlı birisi idi. Hər kəs xatırlayır onu. Həbsdədir indi. Adam pistoletlə gəzirdi, heç kimi saya salmırdı. Nəhayət ki, MTN biabırçılığı faş edildi, bu adamın da arxa-dayağı zərərsizləşdirildi və məsələ həllini tapdı.

Yaxud da İkram Rəhimov adlı şantajçı-reket biri vardı. İllər idi ki, biz Mətbuat Şurasında bununla bacarmırdıq. Arxası möhkəm idi. Bu adamın əməlləri gün kimi aydın idi, faş olmasına saatlar qala götürüb Prezident köməkçisi Əli Həsənov haqqında şantaj müraciəti yayınladı. Yəni bunlar o tiplərdir ki, ən son anda belə kimisə şantaj edib özlərini təmizə çıxarmağa çalışırlar. Kim idi bu adamla oturub-duran? Kim idi onu da “peşəkar jurnalist” kimi cəmiyyətə sırımağa çalışan? Bax, islahatları əngəlləyənlər həm də o adamlardır.

Yeri gəlmişkən, İkram Rəhimovu “siyasi məhbus” kimi dünyaya tanıdan, onun adını beynəlxalq platformalarda Azərbaycana qarşı hallandıran da həmin o insanlardır. Bizsə həmin platformalarda daha önəmli məsələlərdən danışmalıykən bunların Azərbaycana atdığı şəri təmizləməli oluruq…

Prezidentin mövqeyi qətidir, birmənalıdır. Bunun başqa cür yozulması əsla qəbuledilməzdir. Bizim də mövqeyimiz fərqli deyil. Hər zaman necə düşünmüş, necə davranmışıqsa, indi də eyni yoldayıq. Cənab Prezidentin daş qoyduğu yerə baş qoymağa hazırıq. Əsas odur ki, islahatlar sürətlənsin, keyfiyyətli kadrlar irəli çəkilsin, vətəndaş məmnunluğu daha da yüksəlsin. Biz insanların arasında oluruq, ən sadə vətəndaşımızın cənab Prezidentə inam və etibarını görürük. Lakin məsələ hansısa məmurlara, icra başçılarına gəlincə, vətəndaş zar-zar ağlayır. Ona görə də islahatları əngəlləyən bu cür ünsürlərdən mümkün qədər tez yaxa qurtarmaq lazımdır.

Bir daha media məsələsinə qayıdırıq. Trol ordusu saxlayan və bundan məhz şəxsi maraqları üçün istifadə edənlərin məsələsi bizi də daim narahat edib. Maraqlısı da odur ki, həmin o dövlət görəvliləri bu “ordunu” radikal müxalifətin bənzər “ordusu” ilə birləşdirib islahatları da, Prezidenti də gözdən salmağa çalışırlar. Yeri gəlmişkən, həmin “ordu” bizim kimi insanların dövlət və dövlətçilik uğruna fəaliyyətimizi nəinki heç vaxt dəstəkləmir, əksinə, radikallara qoşulub bizi də gözdən salmağa, məşğul etməyə çalışır. Demək ki, bu adamlar dövlət vəzifəsi tutsalar da məqsədləri dövlətə deyil, özlərinə xidmət etməkdir. Bunlar dövlət əxlaqının nə olduğunu bilməyən, komandanı içəridən gəmirən parazitlərdir ki, mümkün qədər tez barələrində qəti tədbirlər görülməlidir.

İndi kimsə bu yazını oxuyub soruşacaq ki, niyə ad çəkmirik? Bunun da çox sadə bir cavabı var: o adlar bizdən də öncə cənab Prezidentə məlumdur, tədbiri də o görəcək. Bizə düşənsə görüləcək tədbirləri dəstəkləməkdir ki, bunda da heç vaxt qüsur etmədik, yenə də etməyəcəyik.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...