18 yanvar 2021 14:30
293

Rusiyanın heç vaxt Qarabağın müstəqilliyini tanımaq düşüncəsi olmayıb

Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağda əsirlərin dəyişdirilməsinə dair son vəziyyət barədə açıqlama verib.

“İki sahil” “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə o, Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci ildəki fəaliyyətinin nəticələrinə dair mətbuat konfransında açıqlama verib.

“Rusiya Federasiyası, Ermənistan və Azərbaycan hərbçiləri hazırda Qarabağdakı münaqişədən sonra əsirlərin dəyişdirilməsi üçün adların siyahılarını dəqiqləşdirirlər”- deyə Lavrov qeyd edib. Lavrov deyib ki,  Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 9 noyabr tarixli Dağlıq Qarabağdakı altı həftəlik hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyanatında heç bir gizli əlavə yoxdur:  “Gizli əlavələr yoxdur. Hansısa mövzuların gizlilik predmeti ola biləcəyini fikirləşmirəm”. Rusiyanın xarici işlər naziri bildirib ki, Moskvanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq və bölgənin Rusiyanın tərkibinə daxil edilməsinə yaxin fikri belə, heç vaxt olmayıb: “Dağlıq Qarabağın Rusiyanın tərkibinə daxil edilməsi kimi ekzotik təklifə gəldikdə isə onu demək istəyirəm ki, Qarabağın müstəqilliyi heç bir dövlət tərəfindən, o cümlədən Ermənistan tərəfindən tanınmayıb. Bizim buna yaxın fikrimiz belə, olmayıb. Biz hesab edirik ki, regiondakı problemlər bölgə ölkələri, ilk növbədə Azərbaycan və Ermənistan arasında həll olunmalıdır.  Rusiya regionda təhlükəsizlik, stabillik və sülhün təmin olunmasına xidmət edən belə bir yolun tapılmasına yardım etməyə hazırdır”.