15 avqust 2020 12:02
437

Rusiyadan peyvəndin alınması ilə bağlı danışıqlara başlamamışıq

Sertifikatlaşdırılmış peyvənd bazara çıxarılacağı təqdirdə alınması üçün işlər görüləcək

 

Rusiyada koronavirus xəstəliyinə qarşı istehsal olunan peyvəndin alınması ilə bağlı danışıqlara başlamamışıq.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, hər bir peyvəndin istehsalı ilə bağlı proseslər, məlumatlar ümidlə izlənilir. Amma hər peyvənd istifadə edilməmişdən əvvəl 3 əsas yoxlama prosesindən keçməlidir: “Çünki biz peyvənd tamamilə zərərsiz, koronavirus üçün effektli olduğu zaman onun ölkəmizə alınıb gətirməyi düşünürük. Bu istiqamətdə beynəlxalq, məşhur Avropa şirkətləri ilə danışıqlar aparılır. Amma hazırda Rusiyadakı peyvəndin tətbiqinin nəticəsini gözləmək lazımdır. Məlumatar çox ümidvericidir, amma indi onun istifadəsi ilə bağlı konkret fikir söyləmək çox tezdir”.

Hikmət Hacıyev deyib ki, peyvəndlərlə bağlı müxtəlif araşdırmalar aparılır. Onun sözlərinə görə, Azərbaycan bu araşdırmaları yaxından izləyir: "Tədqiqatlarda iştirak edən şəxslərlə fikir mübadiləsi aparılır. Sertifikatlaşdırılmış peyvənd bazara çıxarılacağı təqdirdə Azərbaycan Respublikası tərəfindən onun alınması, vətandaşlara çatdırılması üçün işlər görüləcək. Bununla bağlı Operativ Qərargahın tərkibində xüsusi əməkdaşlar var".